Modern.az

Moskva və Sankt-Peterburqda səfərbərlik reydləri KEÇİRİLİR

Moskva və Sankt-Peterburqda səfərbərlik reydləri KEÇİRİLİR

Aktual

15 Oktyabr 2022, 10:10

Moskvadakı metrostansiyaların girişində səfərbərlikdən yayınanlara qarşı reydlər keçirilir.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Prezident yanında İnsan Hüquqları Şurasının üzvü Kirill Kabanovun sözlərinə görə, belə reydlərdən biri metronun “Şçelkovskaya” stansiyasının yaxınlığında gerçəkləşib. O bildirib ki, polis əməkdaşları qarşılarına keçən hər kəsi heç bir fərq qoymadan tutublar.


Həmçinin, şahidlərin sözlərinə görə, polis "Alekseevskaya", "Pervomayskaya", "Şçelkovskaya" və "Novokosino" metrostansiyalarının girişlərində kişiləri saxlayaraq onlara çağırış vərəqələri verib.


Kabanov hüquq-mühafizə orqanlarının əməkdaşlarının və hərbi komissarların əməllərini qanunsuzluq kimi qiymətləndirərək, bunun cəmiyyətdə səfərbərliyə düşmən münasibət yaratdığını qeyd edib.


“Bu cür hərəkətlərin mənəvi və ictimai-siyasi zərərini və nəticələrini qiymətləndirmək çətindir”, - deyən Kabanov əlavə edib.

Oxşar hadisələr Sankt-Peterburqda da baş verir. Şahidlər böyük yaşayış komplekslərində çağırış vərəqələrinin kütləvi paylanması üçün reydlər keçirildiyini bildiriblər.

"Baza" Telegram kanalının məlumatına görə, polis və mülki geyimli şəxslər səhər tezdən işə gedən kişiləri yaşayış binalarının girişində saxlayıb, onlara çağırış vərəqələri verir.


Rusiya Federasiya Şurasının Konstitusiya qanunvericiliyi və dövlət quruculuğu komitəsinin rəhbəri Andrey Klişas bildirib ki, Moskvada metro stansiyaları yaxınlığında və Sankt-Peterburqda yaşayış komplekslərinin ərazisində polisin iştirakı ilə ehtiyatda olanlara qarşı kütləvi reydlər yolverilməzdir.
 

Rusiyada İnsan Hüquqları üzrə Müvəkkil Tatyana Moskalkova da bildirib ki, səfərbərliyə çağırış vərəqələrinin düzgün çatdırılmaması ilə bağlı ona da şikayətlər daxil olub. Onun sözlərinə görə, hərbi komissarlıq və polis əməkdaşlarının gecə yarısı vətəndaşların evlərinə çağırış vərəqələri vermək üçün gəlməsi halları olub.


Prezidentin mətbuat katibi Dmitri Peskov jurnalistlərin Moskva və Sankt-Peterburqda reydlərlə bağlı sualını cavablandırarkən “əgər insan səfərbərlikdən qaçırsa, cinayət törədir” deyib.


Rusiya prezidenti Vladimir Putin dünənki açıqlamasında deyib ki, Müdafiə Nazirliyinin qismən səfərbərliyin başlanğıcında elan etdiyi 300 min adamdan bir qədər az çağırış baş tutub.

Putin indiyə kimi 222 min nəfərin səfərbər olunduğunu bildirib. Onun sözlərinə görə, səfərbərlik işləri iki həftə ərzində tamamlanacaq.

Rusiyada səfərbərlikdən kütləvi yayınma halları yaşanır. Son vaxtlar 700 mindən çox rusiyalının ölkədən qaçdığı bildirilir.


A.Qorxmaz

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı