Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Hərbi Əks-Kəşfiyyat İdarəsi casusluq edən şəxsi saxlayıb.
Modern.az xəbər verir ki, “Hraparak”ın bildirdiyinə görə, N saylı hərbi hissədə müqaviləli hərbi qulluçu olan tağım komandiri Müdafiə Nazirliyinin dövlət və xidməti sirri təşkil edən məlumat və sənədlərini “Odnoklassnik” sosial şəbəkəsi vasitəsilə xarici xüsusi xidmət orqanlarına ötürüb.
Qeyd edilir ki, həmin şəxs döyüş mövqelərinin adları, rabitə yolları haqqında məlumatları özündə əks etdirən müxtəlif məxfi sənədlər, batalyon komanda məntəqələri, mövqelərarası məsafələr, onların texnikası haqda informasiyanı satıb.
Göstərdiyi xidmətlərə görə o, cəmi 200 dollar (iki dəfə 50 dollar və bir dəfə 100 dollar) alıb.
Ermənistan Respublikasının suverenliyinə, ərazi bütövlüyünə və xarici təhlükəsizliyinə zərər vurmaqla dövlətə xəyanət etməkdə suçlanan hərbçiyə cinayət işi açılıb.
Ona qarşı ittiham irəli sürülüb və barəsində həbs-qətimkan tədbiri seçilib.Milli Təhlükəsizlik Xidməti bir daha hərbçiləri şübhəli şəxslərlə sosial şəbəkələr vasitəsilə və ya başqa üsullarla tanış olmaqdan, hərbi xarakterli məlumatları onlara ötürməkdən çəkinməyə çağırıb.