Bu gün Milli Məclisin deputatı Azay Quliyev şəhid ailələri və qazilərlə Binəqədi rayonu 283 saylı tam orta məktəbdə görüş keçirib.
Azay Quliyev Vətən müharibəsi şəhidlərinin yaxınları, qazilər, müəllim heyəti və şagirdlərlə birlikdə məktəbin önündə şəhidlərin əziz xatirəsinə ucaldılmış xatirə lövhəsinin qarşısına gül çələngi qoyub. Sonra məktəbdə şəhid Nurlan Mustafayevin və Tural Zeynalovun adına əbədiləşdirilən sinif otaqlarını ziyarət edərək orada təhsil alan şagirdlərlə görüşüblər.
Məktəbin direktoru Sevinc Musayeva hər iki şəhidin həyat yolu haqqında ətraflı məlumat verərək şagirdlərin vətənpərvərlik ruhunda tərbiyə olanması istiqamətində görülən işlər barədə məlumat verib. Xüsusi Təyinatlı Qüvvələrin kapitanı, şəhid Nurlan Mustafayevin anası Rəhilə xanım Ramazanova müəllifi olduğu "Ruhən şəhid ANAnın NURLANmış xatirələri" adlı kitabı Azay Quliyevə təqdim edib.
Sonra 283 saylı məktəbin kollektivinin hazırladığı "Zəfər Günü"nə həsr olunan tədbir keçirilib və
şagirdlərin ifasında milli və vətənpərvərlik mövzusuna həsr olunan bədii kompozisyalar təqdim olunub.
Tədbirdə çıxış edən Azay Quliyev bildirib: "Vətən müharibəsində əldə etdiyimiz tarixi Zəfərin əsas qəhrəmanları olan şəhidlərimiz heç vaxt unudulmayacaq, şəhidlərimizin ailə üzvləri və qaziləri hər zaman dövlətin diqqət və qayğısını hiss edəcək. Bu baxımdan Ali Baş Komandan cənab İlham Əliyevin və Birinci Vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın fəaliyyəti hamımız üçün ən gözəl nümunədir. Vətən müharibəsi dövründə olduğu kimi bundan sonra da milli birliyimizi və həmrəyliyimizi davam etdirməli və "Dəmir Yumruq" ətrafında daha sıx birləşməliyik".