Azərbaycanda elektrik avtomobillərinin sayının artması yaşayış binalarında şarj infrastrukturunun əlçatanlığı məsələsini gündəmə gətirir. Xüsusilə çoxmənzilli binalarda yaşayan vətəndaşlar üçün avtomobili evin həyətində və ya qarajında enerji ilə doldurmaq imkanları, eləcə də bununla bağlı hüquqi və texniki tələblər ciddi əhəmiyyət daşıyır.
Mövzu ilə bağlı Milli Məclisin deputatı Rövşən Muradov Modern.az-a açıqlama verib:
“Azərbaycanda elektrik avtomobillərinin sayının artması nəqliyyat sektorunda ekoloji transformasiyanın mühüm göstəricilərindən biridir. Lakin bu prosesin dayanıqlılığı bilavasitə enerji doldurma infrastrukturunun inkişafından asılıdır. Xüsusilə çoxmənzilli yaşayış binalarında fərdi şarj imkanlarının məhdudluğu elektrik avtomobillərindən istifadənin iqtisadi səmərəliliyinə və vətəndaşların bu nəqliyyat vasitələrinə marağına təsir göstərən amillərdəndir”.
Onun sözlərinə görə, mövcud qanunvericilik yaşayış binalarının həyətlərində və qarajlarında elektrik avtomobilləri üçün enerji doldurma qurğularının quraşdırılmasını qadağan etmir. Müəyyən şərtlər daxilində belə qurğuların yerləşdirilməsi üçün ayrıca tikinti icazəsi də tələb olunmur. Əsas çətinlik hüquqi qadağalardan daha çox, mülkiyyət münasibətlərinin tənzimlənməsi və mövcud elektrik infrastrukturunun texniki imkanları ilə bağlıdır. Binanın ümumi istifadəsində olan ərazidə qurğu yerləşdirilməsi mülkiyyətçilərin qanunvericiliyə uyğun qərarını, elektrik şəbəkəsinə əlavə yüklənmə isə texniki qiymətləndirməni zəruri edir. Bəzi hallarda şəbəkənin gücləndirilməsi üçün tələb olunan xərclər də vətəndaşın maliyyə imkanlarını üstələyə bilər.
Rövşən Muradov bildirib ki, elektrik avtomobilləri üçün şarj qurğularının quraşdırılmasında elektrik və yanğın təhlükəsizliyi xüsusi əhəmiyyət daşıyır. Xüsusilə yeraltı qarajlarda avadanlığın həddindən artıq qızması, qısaqapanma və mümkün yanğın hallarının qarşısını almaq üçün elektrik xətlərinin texniki vəziyyəti, qoruyucu avtomatika, torpaqlama və kabel sistemləri qiymətləndirilməlidir. Bununla yanaşı, binanın yanğın aşkarlama və mühafizə sistemlərinin, havalandırma imkanlarının, tüstünün kənarlaşdırılması və təxliyə yollarının təhlükəsizlik tələblərinə uyğunluğu yoxlanılmalıdır. Quraşdırma prosedurlarının sadələşdirilməsi, texniki qoşulma şərtlərinin şəffaflaşdırılması və enerji sərfiyyatının fərdi uçotunun təmin edilməsi də vacibdir.
“Elektrik nəqliyyatına keçidin uğuru yalnız avtomobillərin sayının artması ilə ölçülməməlidir. Əsas göstərici həmin nəqliyyat vasitələrinin istifadəsi üçün təhlükəsiz, iqtisadi cəhətdən sərfəli və əlçatan infrastrukturun formalaşdırılmasıdır. Vətəndaşın avtomobilini enerji ilə təmin etmək imkanı digər sakinlərin həyatını, sağlamlığını və əmlakını təhlükə altına qoymamalıdır. Buna görə də yaşayış binalarında şarj qurğularının quraşdırılması müvafiq texniki ekspertiza və təhlükəsizlik tələblərinin təmin edilməsi əsasında həyata keçirilməlidir”, – deyə o bildirib.
Nicat Rüstəm