Azərbaycan Respublikasında akkreditə olunmuş xarici ölkələrin hərbi attaşeləri və kütləvi informasiya vasitələrinin nümayəndələri qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən basdırılmış Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələrinin aşkar etdiyi Ermənistan istehsalı olan piyada əleyhinə mina sahəsinə baxış keçirmək üçün noyabrın 24-də Sarıbaba istiqamətinə yola düşüblər.
Modern.az xəbər verir ki, Müdafiə Nazirliyinin təşkil etdiyi səfər zamanı hərbi attaşelər və media nümayəndələrinə ərazidə aparılan minatəmizləmə tədbirləri və noyabrın 21-də aşkar olunan 2021-ci ildə Ermənistanda istehsal edilmiş 350 ədəd PMN-Э tipli piyada əleyhinə mina sahəsi haqqında ərtaflı məlumat veriləcək.
Qeyd edək ki, Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən aparılan minatəmizləmə fəaliyyəti nəticəsində noyabrın 21-də Sarıbaba yüksəkliyinin şimal istiqamətində qanunsuz erməni silahlı dəstələrinin basdırdığı piyada əleyhinə mina sahəsi aşkar edilib. Ərazidə aparılan minatəmizləmə tədbirləri nəticəsində 2021-ci ildə Ermənistanda istehsal edilmiş 350 ədəd PMN-Э tipli piyada əleyhinə mina aşkar edilərək təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib.