Estoniyanın Bakıdakı səfirliyinin açılışı olub.
Modern.az xəbər verir ki, açılışda Estonyanın xarici işlər naziri Marqus Tsaxkna da iştirak edib.
Estoniyanın xarici işlər naziri Marqus Tsaxkna Bakıda ölkəsinin səfirliyinin rəsmi açılış mərasimində çıxışı zamanı bildirib ki, Estoniyanın Bakıda səfirliyinin açılması ölkələrimiz arasında dostluq münasibətlərinə və uzunmüddətli əməkdaşlığa sadiqliyimizin göstəricisidir.
“Yeni səfirliklərin açılması heç də asan məsələ deyil. Bunun üçün maliyyə vəsaitinin ayrılması ilə bağlı danışıqlar aparmaq lazım gəlir. Lakin bizim üçün yeni səfirliklərin açılması çox vacib idi və Azərbaycan prioritetlərimizdən biri olub. Azərbaycan həm regional, həm də tarixi baxımdan bizim üçün çox mühüm tərəfdaşdır. Xalqlarımız bir-birini tanıyır, ölkələrimiz arasında işgüzar əlaqələr inkişaf edir”, – Tsaxkna qeyd edib.
Estoniya XİN başçısı ötən il Azərbaycana səfəri zamanı Prezident İlham Əliyevə Bakıda səfirlik açılacağı ilə bağlı söz verdiyini xatırladıb:
“Ötən il burada olarkən Prezident İlham Əliyevə söz vermişdim ki, gələn il yenidən Azərbaycana gələcəyəm və səfirliyimizi açacağıq. İndi Prezident İlham Əliyevlə görüşdən gəlirəm və deyə bilərəm ki, biz estoniyalılar sözümüzün üstündə dururuq. Bu, bizim üçün çox vacibdir”.