Milli Məclisin sabiq deputatı, keçmiş konsul, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü Xeyrəddin Qoca Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevlə bağlı maraqlı açıqlama verib.
Modern.az xəbər verir ki, Xeyrəddin Qoca dövlətə xəyanət kimi xüsusilə ağır cinayətdə ittiham olunan və 14 il müddətinə şərti azadlıqdan məhrum edilən akademik Ramiz Mehdiyevin hazırda Novxanı qəsəbəsində, dəniz sahilində yerləşən villasında yaşamasına münasibət bildirib.
Özünün də səhhətində problemlər olduğunu və evdən çıxmadığını vurğulayan sabiq deputat Ramiz Mehdiyevlə öz vəziyyətini müqayisə edərək ironik sual ünvanlayıb:
“Mənim də sağlamlığım qənaətbəxş deyil. Evdən çıxmıram, lakin ev dustağı deyiləm. İkinci fərqimiz ondadır ki, 1,5 milyon pulum yoxdur ki, dəniz sahilində ev alım. Həkimlərin tövsiyəsinə görə, mənə də dəniz havası lazımdır... Ona olar, mənə yox?”
Xeyrəddin Qocanın bu sözləri Ramiz Mehdiyevin ev dustaqlığı şəraitinə və yaşadığı villaya eyham kimi diqqət çəkib.
Xatırladaq ki, Ramiz Mehdiyev 1995–2019-cu illərdə Prezident Administrasiyasının rəhbəri, 2019–2022-ci illərdə isə AMEA-nın prezidenti olub. Ramiz Mehdiyev barəsində 2025-ci ilin oktyabrında Dövlət Təhlükəsizliyi Xidmətində cinayət işi başlanıb. Ona Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması), 274-cü (dövlətə xəyanət), 278.1-ci (hakimiyyəti zorla ələ keçirməyə və ya dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddələri ilə ittiham verilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ramiz Mehdiyevə 14 il müddətinə azadlıqdan məhrumetmə cəzası kəsilib, lakin yaşı və səhhəti nəzərə alınaraq bu cəza şərti saylıb. R.Mehdiyevin əmlakları dövlət nəfinə müsadirə olunub və onun dövlət təltiflərindən məhrum edilməsi üçün müvafiq təqdimat göndərilib.
Akademikin hazırda Novxanı qəsəbəsində, dəniz sahilində yerləşən bahalı villasında yaşadığı bildirilir.
Şərti cəzaya əsasən, o, məhkəmənin müəyyən etdiyi sınaq müddəti ərzində qaydalara (məsələn, yaşayış yerini icazəsiz dəyişməmək və s.) əməl etməlidir. Əgər o, məhkəmənin müəyyən etdiyi sınaq müddəti ərzində bütün qaydalara əməl edərsə və yeni cinayət törətməzsə, 14 illik həbs cəzasını real olaraq çəkməyəcək və onun üzərindən məhkumluq götürüləcək.
Bu proses Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (70 və 71-ci maddələr) tələblərinə görə belə tənzimlənir:
Sınaq müddəti (qanunla 6 aydan 5 ilədək müəyyən edilir) başa çatdıqda, təyin edilmiş 14 illik azadlıqdan məhrumetmə cəzası artıq icra edilmir.
Sınaq müddəti bitdiyi andan etibarən şəxs məhkumluğu olmayan hesab edilir.
Sınaq müddətinin azı yarısı keçdikdən sonra şəxs öz davranışı ilə islah olunduğunu sübut edərsə, nəzarət orqanının təqdimatı ilə məhkəmə şərti məhkumetməni və məhkumluğu vaxtından əvvəl də götürə bilər.
Şərti cəzanın uğurla başa çatması yalnız həbs cəzasını ləğv edir; hökmdə qeyd olunan əmlak müsadirəsi və ya dövlət təltiflərindən məhrumetmə kimi qərarlar qüvvədə qalır.
Hazırda hökmdən apellyasiya şikayəti verildiyi üçün yekun qərar yuxarı instansiya məhkəməsinin baxışından sonra tam qüvvəyə minəcək.
A.Qorxmaz