Modern.az

Avropa qitəsinin ən məşhur dövlət adamı

Avropa qitəsinin ən məşhur dövlət adamı

Aktual

24 Noyabr 2022, 12:10

Xarici siyasət və diplomatiya tarixinin təcrübəsi göstərir ki, böyük dövlət adamları təkcə yaranmış əlverişli şəraitdən bacarıqla istifadə edənlər deyil, həm də əlverişli şəraiti ustalıqla yaradıb ondan ölkəsi və milləti üçün bacarıqla istifadə edənlər olur. Ötən illər Prezident İlham Əliyevin yalnız əlverişli beynəlxalq şəraitdən bacarıqla istifadə edən deyil, eyni zamanda onu yüksək məharətlə yaradıb uğurla istifadə edən görkəmli dövlət rəhbəri olduğunu təsdiq edir. Bu baxımdan dövlət başçımızın Serbiya Respublikasına dövlətimizə və millətimizə başücalığı gətirən səfəri qürur hissləri yaşatdı. İki ölkə arasında sənədlərin imzalanmasından sonra Prezidenti İlham Əliyevin və Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiçin mətbuata bəyanatlarında deyilən hər bir cümlə əhəmiyyətlidir. Nə üçün?

 

Dövlətlərarası münasibətlərdə şəxsiyyət amili və ya qoca qitənin xilaskarı.

 

Sirr deyil ki, dövlətlərarası münasibətlərin səviyyəsinə ölkə rəhbərlərinin şəxsiyyəti, zəkası, bilik və bacarığı amilləri böyük təsir edir. Prezident İlham Əliyev özünün fəaliyyəti ilə dünyada sözü bütöv, sözünün ağası olan, ziddiyyətləri yumuşaldan, küsülüləri barışdıran, ortaq məxrəc taparaq əməkdaşlıq bağları yaradan, ədalətli, etibarlı, birləşdirən və tərəqqiyə aparan zəmanəmizin görkəmli dövlət rəhbəri kimi tanınır. Azərbaycan rəhbəri bu gün ölkəsinin ərazisi bir sıra ölkələrdən kiçik, əhalisinin sayı az olsa da, dünya lideridir. Bunu Prezident Aleksandr Vuçiçin dediyi fikirlər bir daha təsdiq edir. O, İlham Əliyevi ölkəsinin əsl dostu adlandırdı, Azərbaycan rəhbərindən bir çox məsələləri öyrəndiklərini dedi. Serbiya Respublikası Prezidentinin aşağıdakı fikirləri isə daha qürurvericidir: “Prezident Əliyev və Azərbaycan təkcə bizə münasibətdə yox, hər kəsə münasibətdə etibarlı tərəfdaşdır. Mən Prezident Əliyevə dedim ki, bütün şəffaf protokol məsələlərinə görə bəzi sənədlər imzalanmalı olsa da, onun sözü bizim üçün yetərlidir. Çünki biz onun sözünə hər hansı imzadan daha çox inanırıq. O, nəyi deyirsə, mənim üçün kifayətdir, bilirəm ki, bu, belə də olacaq. Bu, bizim üçün həqiqətən də vacibdir.”

 

Rusiya-Ukrayna müharibəsindən sonra qoca qitənin enerji təhlükəsizliyi və təminatı üçün təhdidlər yarandıqda onu həll edərək yüngülləşdirən ölkənin Azərbaycan olduğunu hamı bilir. Bu, cəsarətli bir addım idi. Həmin məsələlərə diqqəti yönəldən Serbiya Respublikasının Prezidenti Azərbaycan rəhbərinin qitədə necə məşhur olması barədə belə dedi: “Görürəm ki, bu, zarafat deyil, baxmayaraq ki, kiməsə zarafat kimi görünə bilər, İlham Əliyev bu gün Avropada ən populyar şəxsdir. Avropada necə dəyişikliklərin baş verməsi inanılmazdır. Adətən onlar onun üçün vaxt tapa bilmirdilər, indi isə bütün vaxtlarını ona ayırırlar, çünki onların Azərbaycan qazına və Azərbaycanın təklif edə biləcəyi hər şeyə ehtiyacları olduğundan o, orada çox sevilir. Lakin mən bilirəm ki, o, ağıllı insandır, hər şeyi görür, hər şeyi başa düşür, düzünü desəm mən bir az paxıllıq edirəm. Onlar mənə yalnız Kosovo ilə bağlı məsələ olanda, Kosovo ilə bağlı nəyə isə ehtiyacları olanda, məni təhdid etmək üçün zəng vururlar. Lakin Prezident İlham Əliyevi sevirlər və sevdiklərinə görə ona zəng vururlar. Onlar ondan hər şeyi xahiş edirlər. Mən həqiqətən şadam ki, mənim böyük dostum və Serbiyanın böyük dostu necə uğur qazanıb və dəyişməyib, o, hər zaman öz ölkəsinin təhlükəsizliyini təmin edib, ona hörmət edilməsinə nail olub, öz ölkəsinin qayğısına qalır və öz ölkəsinin maraqlarını müdafiə edir. Qoy başqaları düşünsün ki, onlar dəyişiblər ya yox, yanaşma və prinsiplərini dəyişiblər ya yox.”

 

Fikrimcə, Prezident İlham Əliyevin fəaliyyətinə verilən bu qiymət bütün millətimizə, dövlətimizə də aiddir və dünya ictimai rəyinə təsir göstərir. Avropada isə nüfuz vədlərlə deyil, əməli işlə qazanılır.

 

Azərbaycan-Serbiya: münasibətlərin yeni səviyyəsi: strateji tərəfdaşlıq və müttəfiqlik

 

Heç kəsə sirr deyildir ki, artıq bir neçə ildir dünyada beynəlxaq hüquq adına az bir şey qalıb. Ona da yalnız bəzi ölkələr riayət edir. Həm Azərbaycanı, həm də Serbiyanı ərazi bütövlüyü ilə bağlı məsələlərdə oxşar talelər birləşdirir. Məhz buna görə də onlar beynəlxalq təşkilatlarda eyni mövqedən çıxış edir, bir-birilərini müdafiə edirlər. Səfər zamanı tərəflərin birgə bəyanatı, strateji tərəfdaşlıq və müttəfiqlik haqqında memorandumu imzalamaları hər iki ölkənin gələcəyi üçün beynəlxalq hüquqa riayət etməyin yeganə imkan və seçim olduğunu göstərdi. Prezident İlham Əliyev yorulmaq bilmədən Azərbaycana dostlar və müttəfiqlər qazandırmaqda davam edir...

 

Musa Qasımlı,

Milli Məclisin deputatı,

AMEA-nın müxbir üzvü, professor

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?