Modern.az

Martda şiddətli döyüşlər başlayacaq - Hərbi ekspertdən ANONS

Martda şiddətli döyüşlər başlayacaq - Hərbi ekspertdən ANONS

Aktual

24 Fevral 2023, 15:52

Ukrayna-Rusiya müharibəsinin başlamasından bir il ötür. Minlərlə insanın ölümünə və ağır yaralanmasına, şəhərlərin xarabalığa çevrilməsinə baxmayaraq, hər iki ölkənin liderləri müharibəni dayandırmaq üçün geri addım atmaq niyyətində olmadıqlarını bəyan ediblər. Nəticə necə olacaq, bunu zaman göstərəcək. Lakin indiki proses onu deməyə əsas verir ki, qanlı savaş hələ uzun müddət davam edəcək.

 

Müharibənin ildönümü ərəfəsində Rusiya Müdafiə Nazirliyi Ukraynanın Moldova sərhədlərinə qoşun yeritməsi ilə bağlı məlumat yayıb. Ukrayna Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov Moskvadan gələn xəbəri təkzib etməyib. O, bildirib ki, Moldova sərhədində baş verə biləcək təxribatın qarşısını ala bilmək üçün bu cür addım atılıb. 

 

Qoşunların Moldova sərhədlərinə yeridilməsi müharibənin miqyasının genişlənməsinə səbəb ola bilərmi? İkinci ildönümünə qədəm qoyan savaşla bağlı gözləntilər nələrdir?

 

Mövzu ilə bağlı Modern.az-a danışan hərbi ekspert Üzeyir Cəfərov Ukraynanın təhlükəsizliyini qorumaq üçün Moldova sərhədlərinə ordu göndərdiyini söyləyib. Onun fikrincə, Ukraynanın Rusiya tərəfinin dediyi kimi orada əməliyyat keçirməsi real deyil, iddialar tamamilə əsassızdır. 

 

"Ukrayna təhlükəsizliyini təmin etmək üçün belə bir addım atıb. Çox güman ki, Ukraynaya Moldova sərhədlərində təxribat olacağı ilə bağlı informasiya verilib. Onlar da qabaqlayıcı tədbirlər görüb. Ümumiyyətlə Rusiyanın atacağı addımları əvvəlcədən planlaşdırmaq mümkün deyil",- ekspert bildirib.

 

 

Ü.Cəfərov vurğulayıb ki, yaxın dövrdə Ukraynada ən ağır döyüşlər başlayacaq:

 

"Hesab edirəm ki, mart ayında şiddətli döyüşlər başlayacaq. Hər iki tərəf buna hazırlaşır. Bunun nəticəsi olaraq həm Rusiyada, həm də Ukraynada çox sayda itkilər olacaq. Ümumiyyətlə, 54 ölkənin yardım etdiyi Ukraynanın qarşısında "bir həsir, bir də Məmmədnəsir" vəziyyətində olan Rusiya hansı dirənişi göstərə bilər. Hətta, indiki şəraitdə sülh danışıqlarının da olacağını gözləmirəm. Sülh yalnız o vaxt ola bilər ki, sonuncu rus əsgəri Krım da daxil olmaqla Ukraynanın bütün torpaqlarından geri çəkilsin. Rusiyanın nüvə silahları ilə bağlı bəyanatları isə blefdən başqa bir şey deyil. Vladimir Putin bilir ki, bu cür əmr versə, birinci özü məhv ediləcək. Ümumiyyətlə, deyərdim ki, Rusiyanın prezidenti dünyanın ən qorxaq liderlərindən biridir".

 

Rahib Ələsgərov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı