Bəkir Nərimanoğlu
İqtisadi Tədqiqatlar Mərkəzinin İnsan Hüquqları üzrə Müvəkkillik (Ombudsman) institutu ilə yaşadığı durum məşhur mahnıdakı “Sənə, yar, səndən, yar, şikayətim var” misrasını xatırladır. “İnformasiya əldə etmək haqqında” qanuna edilən dəyişiklikdən sonra sorğulara cavab verməyən informasiya sahiblərindən şikayət ombudsmana ünvanlanır. Vəziyyət elə gətirib ki, ombudsman özü sorğulara cavab vermir.
İTM-in eksperti Dünya Sakit deyir ki, Ombudsman Aparatına “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nda üzərinə düşən öhdəliyinin icra vəziyyəti ilə bağlı cari ilin may və iyun aylarında iki sorğu göndərilsə də, hələ də cavab gəlməyib.
Ekspert xatırladır ki, “İnformasiya əldə etmək haqqında” qanuna nəzarət ombudsmana verildikdən sonra ayrıca struktur yaradılmalı idi: “Ombudsman Aparatında müvafiq şöbənin ştat vahidləri və maddi-texniki resurslar ayrılmadığı üçün bu fəaliyyəti icra etmək mümkün deyil”.
Ombudsman Aparatının saytında da müvafiq bölmə haqqında heç bir məlumat yoxdur.
“İnformasiya əldə etmək haqqında” qanun qəbul ediləndə bu sənədin müasir standartlara cavab verdiyi ilə bağlı, demək olar, yekdil rəy var idi. Amma nə fayda, icra olunmayandan sonra qanun nə qədər mükəmməl olursa olsun, əhəmiyyəti yoxdur. Qanuna görə, sənəd qüvvəyə minəndən sonra 6 ay ərzində informasiya məsələləri üzrə müvəkkil təyin olunmalı idi. Bu baş vermədi və nəticədə qanunun icrası nəzarətsiz qaldı. Qanunun əvvəlki redaksiyasında təsbit olunmuşdu ki, 5 il müddətinə seçilmiş müvəkkil qanunun icrasına nəzarəti həyata keçirmək məqsədilə öz aparatını yaradır. Hətta aparatın fəaliyyəti üçün “İnformasiya məsələləri üzrə müvəkkilin aparatı haqqında” əsasnamənin təsdiqi də nəzərdə tutulurdu.
Qanunda müvəkkilə informasiya sahiblərinin qanunun tələblərindən irəli gələn vəzifələri yerinə yetirib-yetirmədiklərinə nəzarəti həyata keçirmək üçün şikayət əsasında və ya şəxsi təşəbbüs qaydasında nəzarət icraatı qaldırmaq səlahiyyəti verilmişdi. Müvəkkil çox geniş nəzarət çərçivəsinə malik olmalı idi. O, informasiya sorğusunun qanunla nəzərdə tutulmuş qaydada qeydiyyata alınmasını, təmin edilməsini, informasiya sorğusunun icrasından imtinanın, informasiyanın əldə olunmasına qoyulan məhdudiyyətin qanunun tələblərinə uyğun olub-olmadığını, informasiya sahibinin ictimai informasiyanı açıqlamaq vəzifəsini yerinə yetirməsini və informasiya sahibi tərəfindən internet informasiya ehtiyatlarının yaradılmasını daim diqqətdə saxlamalı idi. Müvəkkil informasiya sahibindən hesabatlar, izahatlar və sənədlər tələb etmək, informasiya sahibinin daxili istifadə üçün nəzərdə tutulduğunu hesab etdiyi sənədlərlə tanış olmaq hüququna malik olmalı idi.
Qanunun əvvəlki redaksiyasında müvəkkilin göstərişlər vermək hüququ təsbit olunmuşdu. Nəzərdə tutulurdu ki, informasiya sahibi sorğunu yerinə yetirməkdən qeyri-qanuni imtina etdikdə, sorğunu vaxtında, lazımi şəkildə təmin etmədikdə, qanunla açıqlanması nəzərdə tutulan ictimai informasiyanı açıqlamadıqda və ya lazımi şəkildə açıqlamadıqda, internet informasiya ehtiyatları yaradılmadıqda və ya lazımi səviyyədə yaradılmadıqda, həqiqətə uyğun olmayan, qeyri-dəqiq və natamam informasiya verildikdə və sorğuçunun bununla bağlı təkrar müraciətinə əməl olunmadıqda, informasiyanın alınmasına qeyri-qanuni məhdudiyyətlər qoyulduqda müvəkkil göstəriş versin.
İTM rəhbəri Qalib Toğrul deyir ki, sözügedən qanuna ən önəmli dəyişiklik və əlavələr 20 aprel 2012-ci il tarixli qanunla edilib: “Çox təəssüf ki, qanunda informasiya məsələləri üzrə müvəkkillə bağlı nəzərdə tutulmuş 43-55-ci maddələr ləğv olundu. Dəyişikliklərdən sonra qanunun icrasına nəzarət insan hüquqları üzrə müvəkkilə (ombudsmana) həvalə edildi. Beləliklə, “İnformasiya əldə etmək haqqında” qanunun əvvəlki redaksiyasında informasiya sahiblərinin hesabatlılıqla bağlı nəzərdə tutulmuş vəzifələri də ləğv olundu. Qanunun əvvəlki redaksiyasının “İnformasiya sahibinin vəzifələri” adlanan 10-cu maddəsində informasiya sahibinin vəzifələri sırasında “İnformasiya məsələləri üzrə müvəkkilə təqdim olunacaq hesabatları hazırlayır. İnformasiya məsələləri üzrə müvəkkilə hesabatlar ildə iki dəfə - hər cari ilin birinci və yeddinci aylarında təqdim olunur. Müvəkkil tələb edərsə, informasiya sahibi bu cür hesabatları əlavə olaraq təqdim etməlidir” kimi hesabatlılığa və şəffaflığa imkan yaradan, informasiya sahibinin (dövlət orqanlarının, bələdiyyələrin və sair) məsuliyyətini gücləndirən maddələr nəzərdə tutulmuşdu”.
Qalib Toğrul deyib ki, “İnformasiya əldə etmək haqqında” qanunun köhnə redaksiyasında müvəkkilə ünvanlanmış şikayətin təmin olunmaması və imtina barədə şikayətçiyə əsaslandırılmış cavab verilməsi məsələləri əksini tapmışdı: “Nəzarət səlahiyyəti ombudsmana ötürüldükdən sonra “İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” konstitusiya qanununda artıq şikayətə baxılmamasından danışılır. “Şikayətin təmin olunmaması və imtina barədə əsaslandırılmış cavab verilməsi” ilə “şikayətə baxılmaması” fərqli anlayışlardır.
Bütün bunlar, eyni zamanda informasiya əldə edilməsinin icrası ilə bağlı ombudsmana yönəldilmiş məktubların cavabsız qalması halları, Ombudsman Aparatında bununla bağlı ayrıca şöbənin yaradılmasının ləngiməsi bir daha sübut edir ki, “İnformasiya əldə etmək haqqında” qanunun əvvəlki redaksiyasında nəzərdə tutulmuş informasiya məsələləri üzrə müvəkkilin təsis olunması barədə qərardan vaz keçilməsi, onun səlahiyyətlərinin ombudsmana verilməsi yanlış addım olub”.
Demokratik ölkələrdə informasiya əldə etmək hüquqlarını müdafiə edən ayrıca ombudsman institutu var, onu insan hüquqları üzrə müvəkkillə qarışdırmaq doğru deyil. Azərbaycanda informasiya məsələləri üzrə müvəkkil institutunun yaradılması ölkədə informasiyanın əldə edilməsinə nəzarətin daha səmərəli aparılmasına imkan verərdi.
Mənbə- Mediaforum.az