Modern.az

“Bir Elin Manifesti” - Zəlzələ

“Bir Elin Manifesti” - Zəlzələ

Aktual

26 Sentyabr 2025, 12:57

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə Qərbi Azərbaycan mövzusunda “Bir Elin Manifesti” mövzusunda ümumrespublika hekayə müsabiqəsi keçirilir. Müsabiqəyə təqdim edilən növbəti hekayəni təqdim edirik:

***

— Ata, məktəbin önündə Vazgen əmini gördüm. Əlini göyə açıb deyirdi ki, gərək bu məktəbdə erməni uşaqlar oxusun. Yeni məktəb paltarlarını onlar geyinsin.

 Elsevər kişi sahədən yorğun-arğın gəlsə də işdahla yemək yeyirdi. Qızının sözünü eşidər-eşitməz fikri qarışdı.

—Fikir vermə, qızım. Ermənilər əzəldən paxıl olublar. Yavaş-yavaş öyrəşərlər. Onlara barmaq uzatsan, əlini qoparar.

 Sadəgülün anası Nisə iri otağın döşəməsinə kilim sərib oturmuşdu. Qış üçün balon-balon şoraba bağlayırdı. İri çəllək bir qışı yola vermirdi. Söhbətə qulaq kəsildiyindən dili dinc durmadı.

—Ay Vaqif, çoban Fərzalı haqqında eşitdinmi?

—Eşitdim. Ermənilər yazığın əl-ayağını bağlayıb dağdan itələyiblər. Sir-sifəti cırıq-cırıq idi. Qabırğaları sınmışdı.

—Anan ölsün, ay Fərzalı. Bu ermənilər yavaş-yavaş iç üzlərini göstərirlər.

—Narahat olma. Bir çarəsi tapılar.

 Daha yemək yeyə bilmədi Vaqif. Əl-üzünü yuyub çölə çıxdı. Qulançar yığmağa yollandı. Axşamüstü Nisə qulançarları qaynadıb üstünə yumurta vurar — deyə düşündü. Sadəgül də çoxdan həyətə düşüb gül-çiçək toplayırdı.

   Səhər məktəbdə Sadəgülün ilk dərsi tarix idi. Müəllim şagirdlərə ermənilərin daşdan yonulmuş türk əsgərinin "başına" açdığı oyundan danışırdı. Ermənilər tarixi əhəmiyyəti olan heykəlin üst hissəsinə xaç yonmuşdular.

—Eşidin. Tarixi yaxşı öyrənin. Öz tarixini bilməyən xalqlar vətənini sevə bilməz. Onu qorumaq istəsə də, alınmaz.

Zəng çalındı. Şagirdlər iki-iki, üç-üç dəhlizə çıxdılar. İkinci dərs riyaziyyat fəndindən idi. Amma nədənsə dərs olmadı. Bütün şagirdlər evə göndərildi. Sadəgül də digər şagirdlər kimi heç nə anlamırdı. Mərkəzi küçədə boş avtobuslara insanlar doluşurdu. Kiminin maşını vardısa, köçə hazırlaşırdı. Naxçıvana, Qazaxa və digər yaxın ərazilərə məcbur göndərilirdilər. Əslində hər şey üç ay öncə başlamışdı. Vaqif xəbərdar idi. Ermənilər bir yerə toplaşıb qapı-qapı gəzib azərbaycanlıları köçməyə inandırırdılar.

Köçün! Burada sizinçün yaxşı olmayacaq. Dədə-baba yurdumuzu boşaldın.

Söyüşən kim, dalaşan kim... Xeyiri yox idi. Dəfələrlə belə hadisələr oldu. Kəndlərdən köçənlər köçmüşdü. İndi ikinci köç idi.

  Sadəgül evə çatanda çantasını masanın üstünə qoydu. Anası o biri otaqdan hövlnak gəlib dedi:

–Hazırlaş, qızım. Yenə köç başladı.

 Sadəgül heç nə anlamırdı.

–Yenə? Əvvəldə olub? İnsanlar mərkəzdə avtobuslara doluşurdu.

–Bilirəm, qızım. Bu ermənilər lap çoxdan bizi buralardan qovmağa çalışıb. Eyb etməz. Vaxt gələr hər şey yoluna düşər. Hazırlaş.

 Sadəgülün içinə qəribə kədər çökdü. Gözləri dolsa da, anasına göstərmədi. Nisə ona iri ağ göy xətləri olan çanta verdi ki, bütün paltarlarını yığa bilsin. Birinci sevimli dovşan oyuncağını qoydu. Daha sonra səliqə ilə qatlanmış paltarlarını yerləşdirdi.

 Vaqif qulançar yığıb evə qayıdırdı. Yolda qonşusu Elsevərin gördü. Elsevər həyəcanlı görünürdü:

–Vaqif, xəbərin yoxdur?

–Nədən xəbərim yoxdur? Nə baş verib?

–Köç başlayıb. Ermənilər qapı-qapı döyüb xəbərdarlıq edirlər. Avtobuslar mərkəzdə düzülüb. Kimi avtobuslara doluşur, kimi də öz maşınıyla gedir.

 Vaqifin gözləri alovlandı.

–Mən heç yerə köçən deyiləm. Bura bizim torpaqlardır. Sən köçürsən?

–Qazaxda qohumlar var. Onların evinə köçəcəyik. Vəziyyət o deyil, ay qonşu. Özümçün deyil, ailəm üçün qorxuram.

–Hamı köçür?

–Qara Ənvər və Şahdil qalır. Onlar da sənin kimi tərslik edir.

–Xəbər elədiyin üçün sağ ol. Qaçım mən...

–Xudahafiz. Allah köməyimiz olsun.

 Vaqif bir an yubanmadan qaça-qaça evə yol aldı. Yolda insanların köçə hazırlaşdığını görüb ürəyi parçalanırdı. Axı, niyə? Bizim torpaqlarımızdır. Ulu babalarım danışardı ki, ermənilər bir dəfə də bizi köç etməyə məcbur edib. Yenidən qayıtmışıq. Bu dəfə getsək, bir də allah bilir haçan qayıdarıq. Göyçə, Zəngəzur, Dərəçiçək, Qırxbulaq, Zəngibasar mahalı bizi bağışlamaz. Dərələyəz, Sərdarabad, Vedibasar kimi gözəl mahallar onlara layiq deyil. Evi uzaqdan görünəndə fikirdən ayıldı. Ürəyi yerindən çıxırdı. Qapını açanda dolu çantaları gördü.

–Nisə!

Nisə yan otaqdan çıxanda dedi:

–Hay can, Vaqif.

–Çantaları nə üçün yığmısan?

–Qorxdum. Ermənilər gəlib qapımızı döydü. Açmadım. Qışqırdılar ki, köçün. Hamınız köçün. Yoxsa, pis olacaq.

–Qələt edirlər. Mən heç yerə gedən deyiləm. Sizi ara sakitləşənə kimi qohumlargilə göndərərəm. Özüm isə qalaram...

–Ay Vaqif, sənə canım qurban, etmə, eləmə. Sənə nəsə olsa, mən yaşaya bilmərəm.

–Narahat olma. Hazırlaşın. Mən isə mərkəzə gedib maşın tutum.

 Vaqif Nisənin ağlamağına baxa bilməyib evdən çıxdı. Mərkəzə yollandı. Həyəcan siqnalı çalınırdı. İnsanlar bir-birinə aman vermədən avtobuslara doluşurdular. Hamının üzündə kədər vardı. Bircə uşaqlar təzə yetişmiş alçaları ağacdan dərib yeyirdilər.

 Vaqif maşın axtarırdı. Nə qədər axtarsa da, tapa bilmədi. Hamı köçürdü. Bir erməni insan izdihamından çıxıb Vaqifə səsləndi.

–Nə durmusan? Tez ol! Avtobusa min!

–Mən heç yerə getmirəm!

 Vaqif bir də onda ayıldı ki, hava qaralıb. Başında və qabırğalarında ağrı hiss etdi. Birtəhər qalxıb oturdu. Kimsə arxadan başına vurmuşdu. Ondan sonrası yadına gəlmirdi. Evi yadına düşdü. Ayağa qalxmaq istəyəndə başı dümanlandı. Uzaqdan ayaqları ağ, yuxarı tərəfləri sarı at gördü. Yaxınlaşanda atın belində Elsevəri gördü. Qonşusu atdan düşüb onu qaldırdı.

–Burada nə edirsən?

–Ermənilər...

Sözü ağzında yarımçıq qaldı.

–Gedək. Evdəkiləri də götür sabah səhərə qədər hamı köçməlidir.

–Mən yox! Nisə ilə Sadəgülü göndərəcəyəm. Maşın tapmadım.

–Mən tapmışam. Zilə doluşub gedəcəyik. Birgə gedək.

Elsevərlə Vaqif atın belinə qalxdılar. At toz-tozanaq sala-sala şığıdı.

Elsevər sükutu pozdu.

–Bu ermənilər vəhşidir. On dörd yaşlı uşağı döyüb öldürüblər. Meyidi çayda tapılıb. Amma boyunlarına almadılar. Məhkəmə quruldu. Bir kişi çıxıb demədi ki, mən etmişəm. Son qərar dəhşət idi.

–Nə qərarı?

–Guya on dörd yaşlı qızı rəfiqəsi öldürüb.

–Bir ola bilmədik. Ona görə hər cür əclaflıq görəcəyik.

–Gecdir artıq. Köçək buralardan. Haçansa ara sakitləşəndə qayıdarıq.

Kəndə çatmışdılar. Vaqif evin qapısını açanda Nisə gözlərinə inanmadı.

–Nə olub sənə? Haradaydın?

–Heç nə, ay Nisə. Boş ver. Gecə köçürsünüz.

Daha heç nə danışmadılar. Hər gün gülüş səslərinə qərq olan ev sükuta bürünmüşdü.

 Erməni kişiləri bir yerə toplaşıb boş qalmış evlərə basqın edirdilər. Sıra Vaqifgilin qapısına çatanda itin səsinə Vaqif çölə çıxdı. Ermənilər hər an qapını sındırıb həyətə girə bilərdilər. Vaqif baltasını hazır saxlamışdı.

Yer ayağının altında oynadı. Əvvəl heç nə anlamadı. Sonra zəlzələ olduğunu sezdi. Amma gec idi. Yerə yıxıldı. Güclü təkan köhnə evi dağıtdı. Dağıntılar arasından səslər gəlirdi. Ağır taxtaları, daşları kənara atıb Nisə ilə Sadəgülü çıxardı. Nisənin çiyni əzilmişdi. Sadəgülə isə heç nə olmamışdı. Sadəcə qorxmuşdu.

 Ermənilər qaçıb getdiyindən təhlükə yox idi. Vaqif qonşusu Elsevərgilə baş çəkdi. Onların da evi yararsız hala düşmüşdü. Bircə Elsevərin başı partlamışdı. Zəlzələ iki ailəni erməni vəhşilərindən qorumuşdu.

 Səhər açılmamış Elsevərin tapdığı zil markalı maşına doluşub kəndi tərk etdilər.

Anonimliyi qorumaq məqsədilə müəllifin adı qeyd edilmir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putindən ermənilərə şok dəstək - AYAĞA QALXIN!