Modern.az

Biznes-plan – sahibkarlığın inkişafında əsas strateji alət

Biznes-plan – sahibkarlığın inkişafında əsas strateji alət

Aktual

29 İyul 2025, 15:00

Planlı fəaliyyət sahibkara maliyyə sabitliyi, dövlət dəstəyi və bazarda üstün mövqe qazandırır.

Modern.az xəbər verir ki, bu fikir “İqtisadi İnkişafa və Aqrar Layihələrə Dəstək” İB-nin maliyyə meneceri biznes-planlaşdırma üzrə ekspert Elman Əsədova məxsusdur. 

E.Əsədovun sözlərinə görə, müasir dövrdə iqtisadi inkişafın əsas hərəkətverici qüvvəsi sahibkarlıqdır: “Lakin uğurlu sahibkarlıq fəaliyyəti təsadüfi qərarlara deyil, düşünülmüş planlaşdırmaya əsaslanmalıdır. Bu baxımdan biznes-plan və investisiya layihəsi hər bir sahibkar üçün mühüm istiqamətverici sənəd rolunu oynayır. Biznes-plan sahibkara fəaliyyətinin məqsədini, bazar istiqamətini, istehsal və satış hədəflərini dəqiq müəyyənləşdirməyə imkan verir. O, uzunmüddətli strateji xəritə funksiyasını yerinə yetirərək müəssisənin davamlı inkişafını təmin edir. Əvvəlcədən planlaşdırılmış investisiya və əməliyyat addımları sahibkarı qeyri-müəyyənlikdən qoruyur və fəaliyyətin səmərəliliyini artırır”. 

Ekspertin fikrincə, yaxşı hazırlanmış biznes-plan sahibkarın layihəyə yanaşmasının peşəkarlığını nümayiş etdirir və banklar, investisiya fondları, beynəlxalq tərəfdaşlar üçün etimad yaradır: “Kredit və qrant müraciətləri zamanı o, layihənin həyata keçirilmə imkanlarını sübut edən əsas sənəd olur. Eyni zamanda biznes-plan vasitəsilə sahibkar layihənin gəlir və xərc strukturunu əvvəlcədən hesablaya bilir. Bu, risklərin düzgün qiymətləndirilməsinə və maliyyə sabitliyinin qorunmasına şərait yaradır. Planlı şəkildə hesablanmış xərclər və dövriyyə kapitalı idarəetməni asanlaşdırır, gözlənilməz itkilərin qarşısını alır”. 

E.Əsədov qeyd edib ki, Azərbaycan Respublikasında sahibkarlar üçün nəzərdə tutulmuş subsidiyalar, güzəştli kreditlər və vergi imtiyazları yalnız təsdiqlənmiş investisiya layihələri və biznes-plan əsasında təqdim olunur. Belə sənədin olması sahibkarları dövlət proqramlarında iştirak, KOBİA, Sahibkarlığın İnkişafı Fondu və digər qurumların dəstəyindən yararlanmağa imkan verir. Biznes-plan yalnız maliyyə sənədi deyil, həm də idarəetmə alətidir. O, müəssisənin strukturunu, istehsal gücünü, satış strategiyasını və insan resurslarının planını sistemləşdirir. Bu isə şəffaflığın artmasına, hesabatlı idarəetməyə və komanda fəaliyyətinin optimallaşmasına səbəb olur. Rəqabətli bazar şəraitində fərqlənmək üçün sahibkar bazar tendensiyalarını, rəqib mühitini və müştəri tələblərini düzgün analiz etməlidir. Biznes-plan bu istiqamətdə elmi və praktiki əsaslar yaradır, məhsulun bazarda düzgün mövqelənməsini təmin edir.

Beləliklə, biznes-plan və investisiya layihəsi yalnız sənəd deyil — sahibkarın uğur xəritəsidir. O, fəaliyyətə şəffaflıq, davamlılıq və inam gətirir. Planlı fəaliyyət, düzgün investisiya yanaşması və dövlət dəstəyi mexanizmlərindən istifadə sahibkarı bazarda daha güclü və rəqabətədavamlı edir. KOBİA və yerli iqtisadi qurumlar sahibkarlara biznes-planların hazırlanması və investisiya layihələrinin qiymətləndirilməsi üzrə metodiki dəstək göstərir. Hər bir sahibkar bu imkanlardan yararlanaraq öz biznesini yeni mərhələyə daşıya bilər.

Sizə yeni x var
Keçid et
Rusiya BOMBARDMANÇILARI havaya qalxdı - Bu ölkələrə hücum!