Bazarlarda alçanın qiyməti kəskin yüksək qiymətlərlə təklif olunsa da, fermerlər məhsulun ağaclarda qaldığını bildirirlər. Məhsul bolluğuna baxmayaraq qiymətlərin aşağı düşməməsi isə yenidən bazardakı rəqabət mühiti və satış mexanizmləri ilə bağlı müzakirələri gündəmə gətirir. Belə ki, oxşar vəziyyət digər kənd təsərrüfatı məhsulları ilə yanaşı, mövsümi alça bazarında da müşahidə olunur.
Mövzu ilə bağlı Modern.az-a açıqlamasında kənd təsərrüfatı eksperti Vahid Məhərrəmov qeyd edib ki, bu problem, təkcə alça ilə bağlı deyil, digər məhsullarda da eyni vəziyyət müşahidə olunur.
"Bunun əsas səbəbi bazarda sağlam rəqabət mühitinin olmamasıdır. Biz bunu dəfələrlə vurğulamışıq. Bakı şəhərində cəmi bir topdansatış bazarının fəaliyyət göstərməsi normal hal deyil. Ən azı üç topdansatış bazarı olmalıdır ki, onlar arasında real rəqabət yaransın.
Bazarların sayı çox olduqda hər bir topdansatış mərkəzi daha çox məhsul cəlb etməyə çalışacaq. Bu zaman qazanc qiyməti süni şəkildə artırmaqla deyil, dövriyyə hesabına formalaşacaq. Belə bir şəraitdə onlar fermerlər və kəndlilərlə müqavilələr bağlamağa məcbur olacaqlar ki, istehsal olunan məhsullar birbaşa həmin bazarlara və ya orada fəaliyyət göstərən tədarükçülərə təqdim edilsin. Bu isə həm sağlam bazar mühiti yaradacaq, həm də qiymətlərin aşağı düşməsinə səbəb olacaq".
Ekspert həmçinin vurğulayıb ki, hazırda Azərbaycanda bir çox məhsulun qiyməti digər ölkələrlə müqayisədə daha yüksəkdir:
"Bununla bağlı dəfələrlə faktlar və statistik məlumatlar təqdim etmişik. Problemin əsas həlli yollarından biri Bakı şəhərində bir neçə topdansatış bazarının yaradılması və onların arasında rəqabətin təmin olunmasıdır.
Digər vacib məsələ isə kəndlinin istehsal etdiyi məhsulu rahat şəkildə bazara çıxara bilməsi üçün şərait yaradılmasıdır. Böyük şəhərlərdə, xüsusilə Bakı və ətraf ərazilərdə bələdiyyələr tərəfindən mütəmadi yarmarkalar təşkil olunmalıdır. Türkiyədə, məsələn Ankara, İstanbul və digər şəhərlərdə belə yarmarkalar davamlı şəkildə keçirilir və bu, bazarda ciddi hərəkətlilik yaradır.
Bəziləri düşünür ki, dövlət tərəfindən təşkil olunan yarmarkalar kifayətdir. Amma əsas məsələ odur ki, həmin yarmarkalarda məhsulu birbaşa istehsalçılar, yəni kəndlilər satsınlar. Türkiyədə keçirilən yarmarkalarda iştirak etmişəm və orada məhsul satan insanların həqiqətən istehsalçı olduqlarını görmüşəm. Azərbaycanda isə çox vaxt vasitəçilər bazara çıxır və nəticədə kəndlinin qazancı azalır".
V.Məhərrəmov onu da əlavə edib ki, əgər belə bir mühit yaradılsa, kəndlinin soğanı, kartofu, yerköküsü və digər məhsulları əlində qalmaz:
"Kəndli məhsulunu rahat şəkildə bazara çıxarıb sata bilər. Bu da həm istehsalçının maraqlarını qoruyar, həm də qiymətlərin tənzimlənməsinə kömək edər.
Hazırda bazarda müəyyən monopoliyanın formalaşdığı hiss olunur. Ayrı-ayrı qruplar bazara nəzarəti ələ keçiriblər və digər iştirakçıların fəaliyyət imkanlarını məhdudlaşdırırlar. Nəticədə qiymətlər süni şəkildə yüksək saxlanılır. Halbuki bu qiymətlər Azərbaycanın əhalisinin alıcılıq qabiliyyətinə uyğun deyil. İnsanların gəlirləri ilə bazardakı qiymətlər arasında ciddi uyğunsuzluq yaranıb.
Buna görə də bazarda rəqabətin artırılması, kəndlinin birbaşa satış imkanlarının genişləndirilməsi və davamlı yarmarkaların təşkili vacib addımlar hesab olunur", - deyə o qeyd edib.