İsrail Müdafiə Ordusunun (SAXAL) daha bir hərbçisi Livanın cənubunda keçirilən əməliyyat zamanı həlak olub.
Modern.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, minaatan hücumu nəticəsində “Qolani” briqadasının 12-ci batalyonunda xidmət edən 20 yaşlı serjant Negev Daqan həyatını itirib.
Məlumata görə, hadisə Livanın cənubunun şərq sektorunda baş verib. 36-cı diviziyada xidmət edən Negev Daqan ərazinin təmizlənməsi üzrə əməliyyat tədbirlərində iştirak edirmiş.
Qeyd olunub ki, ötən gün saat 22:00 radələrində İsrail hərbçilərinin mövqeləri “Hizbullah” silahlıları tərəfindən minaatanlardan atəşə tutulub. Mərmilərdən biri bir qrup hərbçinin yaxınlığında partlayıb.
Nəticədə serjant Negev Daqan ağır yaralanıb. Hadisə yerində ona dərhal tibbi yardım göstərilsə də, həkimlər onun həyatını xilas edə bilməyiblər.
Hücumdan sonra İsrail ordusunun cavab zərbələri endirdiyi və atəş açılan mövqelərin hədəfə alındığı bildirilib.