"Türk Dövlətləri Təşkilatı-nın Türküstan şəhərində keçirilən qeyri-rəsmi Zirvə görüşündə Prezident İlham Əliyev tərəfindən səsləndirilən fikirlər Azərbaycanın yalnız regional aktor deyil, həm də türk inteqrasiyasının strateji ideoloqlarından biri kimi çıxış etdiyini nümayiş etdirdi."
Modern.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Azər Kərimli deyib.
Millət vəklili bildirib ki, Türküstan Zirvəsinin əsas mahiyyəti ondan ibarətdir ki, Türk Dövlətləri Təşkilatı artıq təkcə ortaq etnik-mədəni kimlik platforması olmaq mərhələsini geridə qoyur və iqtisadi, rəqəmsal, logistika, enerji və təhlükəsizlik sahələrində koordinasiyalı fəaliyyət göstərən yeni siyasi blok modelinə transformasiya edir:
"Bu isə müasir beynəlxalq münasibətlər sistemində çox mühüm tendensiyadır. Çünki qlobal güc mərkəzləri arasında rəqabətin sərtləşdiyi, ənənəvi təhlükəsizlik sistemlərinin böhran yaşadığı, nəqliyyat marşrutlarının yenidən formalaşdırıldığı bir mərhələdə türk dövlətləri artıq yalnız coğrafi yox, həm də geoiqtisadi üstünlüklərini vahid platformada birləşdirməyə çalışırlar.
Prezident İlham Əliyevin çıxışında diqqət çəkən əsas məqamlardan biri Şuşada başlanmış qeyri-rəsmi Zirvə formatının artıq ənənəyə çevrilməsi barədə vurğudur. Bu detal təsadüfi deyil. 2024-cü ildə Şuşada keçirilən ilk qeyri-rəsmi Zirvə görüşü postmünaqişə dövründə Azərbaycanın yaratdığı yeni regional reallığın türk dünyası dəstəklənməsi mesajını verirdi. İndi isə həmin təşəbbüsün Türküstanda davam etdirilməsi iki yeni mühüm siyasi mesaj verir. Bunlardan birincisi, Türk Dövlətləri Təşkilatı artıq institusional davamlılıq qazandığına edilən vurğu, digəri isə, Azərbaycanın təşkilat daxilində siyasi təşəbbüs sahibi rolunun bir daha önə çıxmasıdır".

Deputatın sözlərinə görə Türküstan şəhərinin seçilməsi də simvolik xarakter daşıyır:
"Türk sivilizasiyasının mühüm mənəvi mərkəzlərindən biri hesab olunan Türküstan üzərindən verilən mesaj türk birliyinin yalnız siyasi maraqlar üzərində deyil, ortaq tarixi-mədəni yaddaş üzərində qurulduğunu göstərir. Prezident İlham Əliyevin Şuşa ilə Türküstanın “qardaş şəhərlər” olması barədə vurğusu da məhz bu kontekstdə strateji-mədəni xəttin davamıdır. Şuşa Qarabağ zəfərinin simvoludursa, Türküstan ortaq türk yaddaşının mərkəzidir. Bu iki şəhərin siyasi və mənəvi xətt üzərində birləşdirilməsi türk inteqrasiyasının ideoloji bazasının formalaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır.
Zirvə görüşünün ən mühüm istiqamətlərindən biri rəqəmsal transformasiya və süni intellekt məsələləri idi. Bu mövzunun dövlət başçıları səviyyəsində prioritet kimi qabardılması göstərir ki, türk dövlətləri artıq yalnız enerji və nəqliyyat əməkdaşlığı ilə kifayətlənmək niyyətində deyil. Yeni texnoloji dünya düzənində mövqe tutmaq uğrunda yarış başlayıb və Azərbaycan bu yarışda özünü regional texnoloji mərkəzlərdən birinə çevirməyə çalışır.
Prezident İlham Əliyevin çıxışında qeyd olunan Milli Süni İntellekt Mərkəzi, Süni İntellekt Akademiyası və qəbul olunmuş Süni İntellekt Strategiyası əslində Azərbaycanın postneft dövrünə hazırlıq konsepsiyasının tərkib hissəsidir. Burada əsas məqsəd yalnız texnoloji modernizasiya deyil, həm də rəqəmsal suverenliyin təmin edilməsidir. Çünki XXI əsrdə dövlətlərin müstəqilliyi artıq təkcə hərbi və siyasi imkanlarla ölçülmür. Məlumat axınlarına nəzarət, rəqəmsal infrastruktur, süni intellekt resursları və kibertəhlükəsizlik dövlət suverenliyinin əsas elementlərinə çevrilib".
Azər Kərimli həmçinin bildirib ki, bu baxımdan “Rəqəmsal İpək Yolu” layihəsinin xüsusi vurğulanması olduqca əhəmiyyətlidir:
"Azərbaycan və Qazaxıstan arasında Trans-Xəzər Fiber-Optik Kabel xəttinin istifadəyə verilməsi türk coğrafiyasının rəqəmsal bağlantı xəritəsini dəyişdirəcək strateji addımlardan biri hesab oluna bilər. Layihə təkcə texniki-kommunikasiya təşəbbüsü deyil, həm də Avropa ilə Asiya arasında alternativ rəqəmsal magistralın formalaşdırılması deməkdir. Bu isə türk dövlətlərinin qlobal rəqəmsal iqtisadiyyatda rolunu artırır.
Prezident İlham Əliyevin çıxışında Orta Dəhliz və Zəngəzur dəhlizi ilə bağlı səsləndirdiyi fikirlər isə Türk Dövlətləri Təşkilatının geoiqtisadi platformaya çevrilməsinin ən mühüm elementidir. Hazırda dünya ticarət marşrutları ciddi transformasiya mərhələsi yaşayır. Rusiya-Ukrayna müharibəsi, Qırmızı dənizdə təhlükəsizlik problemləri və Çin-ABŞ rəqabəti fonunda alternativ nəqliyyat xətlərinin əhəmiyyəti sürətlə artır. Belə bir şəraitdə Orta Dəhliz Avrasiyanın ən mühüm strateji marşrutlarından birinə çevrilir.
Azərbaycan bu dəhlizin əsas logistik qovşağı rolunda çıxış edir. Zəngəzur dəhlizi isə bu marşrutun tam funksional işləməsi üçün həlledici həlqə hesab olunur. Prezident İlham Əliyevin Zəngəzur dəhlizini Orta Dəhlizin əsas seqmentlərindən biri kimi təqdim etməsi göstərir ki, Bakı bu layihəyə yalnız regional kommunikasiya xətti kimi deyil, bütöv türk dünyasını birləşdirəcək strateji arteriya kimi yanaşır.
Millət vəkili vurğulayıb ki, bu kontekstdə “e-Permit” sisteminin qeyd olunması da diqqət çəkir:
"Çünki müasir logistika sistemlərində əsas məsələ yalnız fiziki yolların mövcudluğu deyil, həm də keçid prosedurlarının sürəti və rəqəmsallaşdırılmasıdır. Türk Dövlətləri Təşkilatı daxilində vahid elektron icazə sisteminin formalaşdırılması gələcəkdə vahid iqtisadi məkan modelinə keçidin ilkin elementləri kimi qiymətləndirilə bilər.
Türküstan Zirvəsinin mühüm nəticələrindən biri də odur ki, Türk Dövlətləri Təşkilatı artıq daha aydın siyasi-strateji identiklik nümayiş etdirir. Prezident İlham Əliyevin “Türk dünyası XXI əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilməlidir” fikri sadəcə siyasi bəyanat deyil, uzunmüddətli strateji hədəfin açıq ifadəsidir. Bu yanaşma göstərir ki, türk dövlətləri gələcəkdə beynəlxalq sistemdə koordinasiyalı siyasi mövqe nümayiş etdirməyə hazırlaşırlar.
Əslində, son illərdə müşahidə olunan proseslər bunu təsdiqləyir. Müdafiə sənayesi əməkdaşlığı, ortaq nəqliyyat layihələri, enerji marşrutlarının inteqrasiyası, humanitar və təhsil platformalarının genişlənməsi Türk Dövlətləri Təşkilatını mərhələli şəkildə funksional ittifaq modelinə yaxınlaşdırır.
Azərbaycan isə bu prosesdə həm coğrafi mövqeyinə, həm siyasi iradəsinə, həm də yaratdığı yeni regional reallığa görə aparıcı aktorlardan biri kimi çıxış edir. Qarabağ üzərində suverenliyin tam bərpasından sonra Bakı artıq yalnız Cənubi Qafqazın deyil, bütövlükdə türk coğrafiyasının əsas strateji mərkəzlərindən birinə çevrilmək istiqamətində fəaliyyət göstərir.
Türküstan Zirvəsi göstərdi ki, qarşıdakı illərdə türk dünyasının inteqrasiyası daha sürətli və daha sistemli xarakter alacaq. Bu prosesin mərkəzində isə siyasi təşəbbüs, nəqliyyat-logistika imkanları, rəqəmsal transformasiya və geostrateji baxış baxımından Azərbaycan dayanır".