"28 May – Müstəqillik Günü Azərbaycan xalqının milli iradəsinin, siyasi şüurunun və dövlətçilik ənənələrinin təcəssümüdür. 1918-ci il mayın 28-də yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması təkcə Azərbaycanın deyil, bütövlükdə Şərq və müsəlman dünyasının siyasi tarixində yeni mərhələnin başlanğıcıdır. Çünki ilk dəfə olaraq müsəlman Şərqində demokratik, hüquqi və parlament idarəetməsinə əsaslanan dünyəvi respublika modeli məhz Azərbaycan xalqı tərəfindən yaradılıb. Bu hadisə həm milli dövlətçilik ideyasının siyasi formaya çevrilməsi, həm də Şərq cəmiyyətlərində modern idarəetmə konsepsiyasının meydana çıxması baxımından tarixi dönüş nöqtəsi hesab oluna bilər".
Modern.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Azər Kərimli deyib.
Millət vəkili bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması təsadüfi siyasi prosesin nəticəsi deyil:
"XIX əsrin ikinci yarısından etibarən Azərbaycanda formalaşan milli maarifçilik hərəkatı, ziyalı təbəqəsinin milli oyanış istiqamətində fəaliyyəti, ana dilinin, milli kimliyin və siyasi azadlıq düşüncəsinin inkişafı Cümhuriyyət ideyasının ideoloji əsaslarını yaratmışdı. Məhz buna görə də Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını milli dirçəlişin məntiqi nəticəsi kimi qiymətləndirirdi. Bu baxımdan, 28 May hadisəsi yalnız siyasi hakimiyyət dəyişikliyi deyil, xalqın öz müqəddəratını müəyyən etmək hüququnun praktiki ifadəsi idi.
Azərbaycan Xalq Cümhuriyyətinin qəbul etdiyi İstiqlal Bəyannaməsi milli dövlətçilik tariximizin ən mühüm siyasi-hüquqi sənədlərindən biri hesab olunur. Bu sənəd Azərbaycanın müstəqil dövlət kimi beynəlxalq ictimaiyyətə təqdimatı olmaqla yanaşı, həm də xalq hakimiyyəti, hüquq bərabərliyi və demokratik idarəçilik prinsiplərinin rəsmən elan edilməsi idi. İstiqlal Bəyannaməsində bütün vətəndaşlara milli, dini və sosial mənsubiyyətindən asılı olmayaraq bərabər hüquqların verilməsi həmin dövr üçün son dərəcə mütərəqqi siyasi yanaşma idi. Bu, Şərqdə ilk dəfə olaraq modern və inklüziv vətəndaşlıq modelinin tətbiqi demək idi.
Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti dövlət quruculuğu istiqamətində mühüm institusional əsaslar formalaşdırdı. Parlamentin yaradılması, milli hökumətin təşkili, dövlət atributlarının qəbul olunması, milli ordunun formalaşdırılması və hüquq sisteminin qurulması müasir Azərbaycan dövlətçiliyinin ilkin konturlarını müəyyənləşdirdi. Xüsusilə üçrəngli bayrağın qəbul edilməsi milli ideologiyanın siyasi simvola çevrilməsi baxımından mühüm əhəmiyyət daşıyırdı. Bu bayraq sonrakı dövrlərdə də Azərbaycanın istiqlal iradəsinin simvolu kimi qorunub saxlanıldı.
Azərbaycan Xalq Cümhuriyyətinin ən mühüm xüsusiyyətlərindən biri onun hüquqi və dünyəvi dövlət modeli yaratması idi. Şərqdə ilk dəfə qadınlara seçki hüququnun verilməsi, parlamentdə müxtəlif xalqların nümayəndələrinin təmsil olunması, siyasi plüralizmin təşviqi Cümhuriyyətin demokratik xarakterini nümayiş etdirirdi. Bu model göstərirdi ki, Azərbaycan cəmiyyəti siyasi modernləşmə və demokratik idarəçilik üçün yetkin sosial baza formalaşdırmışdır.
Cümhuriyyət dövründə təhsil və maarif sahəsində həyata keçirilən islahatlar da strateji dövlətçilik siyasətinin mühüm tərkib hissəsi idi. Təhsilin milliləşdirilməsi, ana dilində tədrisin genişləndirilməsi və Bakı Dövlət Universitetinin yaradılması milli intellektual elitanın formalaşdırılmasına xidmət edirdi. Bu addımlar milli dövlətin yalnız siyasi deyil, həm də mədəni və intellektual əsaslar üzərində qurulmasının göstəricisi idi.
Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasəti də uzaqgörən strateji xəttə əsaslanırdı. Əsas məqsəd yeni yaranmış dövlətin beynəlxalq səviyyədə tanınmasını təmin etmək idi. Paris Sülh Konfransı çərçivəsində aparılan diplomatik fəaliyyət Azərbaycanın beynəlxalq hüququn subyekti kimi qəbul olunmasına gətirib çıxardı. Bu tanınma sonrakı sovet işğalı dövründə belə Azərbaycanın hüquqi-siyasi statusunun tamamilə aradan qalxmasının qarşısını aldı. Başqa sözlə, Cümhuriyyətin yaratdığı beynəlxalq legitimlik müasir Azərbaycanın hüquqi varisliyinin əsasını təşkil etdi.
1920-ci ilin aprelində bolşevik işğalı nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti süqut etsə də, onun ideoloji və siyasi mirası xalqın yaddaşından silinmədi. Məhz bu tarixi yaddaş XX əsrin sonlarında Azərbaycanın yenidən dövlət müstəqilliyini bərpa etməsində mühüm rol oynadı. 1991-ci ildə qəbul olunmuş Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktında Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu rəsmən təsbit edildi. Bu hüquqi yanaşma müasir Azərbaycan dövlətinin tarixi legitimliyini və siyasi davamlılığını müəyyənləşdirdi".

Deputat bildirib ki, müstəqilliyin əldə olunması ilə onun qorunması arasında ciddi fərq mövcuddur:
"1990-cı illərin əvvəllərində Azərbaycan ağır siyasi böhran, iqtisadi tənəzzül və xarici təcavüz şəraitində dövlətçiliyini itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. Belə mürəkkəb dövrdə xalqın tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev müasir Azərbaycan dövlətçiliyinin xilaskarı rolunu oynadı. Onun həyata keçirdiyi siyasət nəticəsində ölkədə siyasi sabitlik təmin olundu, dövlət institutları möhkəmləndirildi və milli dövlətçilik ideologiyası yenidən formalaşdırıldı.
Xüsusilə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində üçrəngli bayrağın rəsmi dövlət bayrağı kimi qəbul olunması böyük siyasi və tarixi cəsarət nümunəsi idi. Hələ Sovet İttifaqının mövcud olduğu bir dövrdə atılmış bu addım Azərbaycanın gələcək müstəqilliyinin ideoloji əsaslarını gücləndirdi və xalqın azadlıq əzmini nümayiş etdirdi.
Müasir mərhələdə İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Xalq Cümhuriyyətinin ideoloji xətti yeni geosiyasi reallıqlar şəraitində davam etdirilir. Dövlət suverenliyinin möhkəmləndirilməsi, güclü iqtisadi modelin qurulması, ordu quruculuğu və milli maraqlara əsaslanan xarici siyasət Azərbaycanın regional güc mərkəzinə çevrilməsini təmin edib. Xüsusilə Vətən müharibəsində əldə olunan qələbə və işğaldan azad edilmiş ərazilərdə üçrəngli bayrağın dalğalanması Azərbaycan Xalq Cümhuriyyətinin siyasi idealının tarixi zəfəri kimi qiymətləndirilə bilər.
2021-ci ildə qəbul edilmiş Müstəqillik günü haqqında Azərbaycan Respublikasının Qanunu ilə 28 Mayın Müstəqillik Günü kimi təsbit olunması da təsadüfi deyildi. Bu qərar Azərbaycan dövlətçiliyinin başlanğıc nöqtəsinin məhz 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti olduğunu bir daha təsdiqlədi. Bununla da müasir Azərbaycan Respublikası özünü yalnız hüquqi baxımdan deyil, siyasi və ideoloji baxımdan da Cümhuriyyətin davamçısı kimi təqdim etdi.
Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin irsi yalnız tarix dərsliyi mövzusu deyil, həm də müasir dövlətçilik strategiyasının ideoloji dayağıdır. 28 May Müstəqillik Günü Azərbaycan xalqının azadlıq iradəsinin, milli həmrəyliyinin və dövlətçilik əzminin simvoludur. Azərbaycan Xalq Cümhuriyyəti sübut etdi ki, milli ideya siyasi təşkilatlanma ilə birləşəndə xalq öz dövlətini qurmağa və onu tarix səhnəsində qorumağa qadirdir. Müasir Azərbaycanın əldə etdiyi uğurlar isə həmin ideyanın zamanın sınağından çıxaraq daha güclü şəkildə yaşadığını göstərir".