Avropa Parlamenti miqrasiya siyasətinin sərtləşdirilməsini nəzərdə tutan yeni qanun layihəsini qəbul edib.
Modern.az xəbər verir ki, qanun layihəsi parlamentdə keçirilən səsvermədə 418 deputatın lehinə, 218 deputatın isə əleyhinə səs verməsi ilə təsdiqlənib.
Yeni qaydalara əsasən, Avropa İttifaqı ölkələrində deportasiya qərarlarının tətbiqi vahid sistem əsasında həyata keçiriləcək. Belə ki, üzv dövlətlərdən birində verilən ölkədən çıxarılma qərarı bütün Aİ ərazisində qüvvədə olacaq.
Sənəd həmçinin deportasiya gözləyən şəxslərin saxlanılma müddətinin uzadılmasını nəzərdə tutur. Yeni qaydalara görə, bu müddət 6 aydan 30 aya qədər artırılır. Təhlükəsizlik üçün risk hesab edilən şəxslərlə bağlı isə daha sərt tədbirlərin tətbiqi mümkün olacaq.
Qanun layihəsində "geri qaytarılma mərkəzləri"nin yaradılması da əksini tapıb. Bu mərkəzlərdə miqrantlar, o cümlədən ailələr deportasiya prosesi başa çatanadək üçüncü ölkələrdə yerləşdirilə biləcəklər.
Bundan başqa, deportasiya qərarına qarşı verilən apellyasiya şikayətləri artıq avtomatik olaraq prosesin dayandırılmasına səbəb olmayacaq. Hər bir müraciət məhkəmə tərəfindən ayrıca qiymətləndiriləcək.
Yeni qaydalara əsasən, Avropa İttifaqına giriş qadağasının müddəti 10 ilədək artırılır. Təhlükəli hesab olunan şəxslər üçün isə ömürlük giriş qadağasının tətbiqi nəzərdə tutulur.
Qanunun qüvvəyə minməsi üçün sənədin Avropa İttifaqının digər hüquqi prosedurlarından keçməsi tələb olunur.