Türkiyənin keçmiş diplomatı, yazar Mehmet Öğütçü evlilik və münasibətlərin dağılmasına səbəb olan görünməyən amillərdən bəhs edib.
Modern.az xəbər verir ki, müəllifin sözlərinə görə, xəyanət, zorakılıq, maddi çətinliklər, ünsiyyət problemi və xarakter uyğunsuzluğu münasibətlərin bitməsinin ən çox göstərilən səbəbləri olsa da, əksər hallarda nəzərdən qaçan başqa bir amil də var. Bu, münasibətə kənardan edilən müdaxilələr və verilən məsləhətlərdir.
Məqalədə qeyd olunur ki, insanlar çətin dövrlərdə dərdlərini dostları, ailə üzvləri və yaxınları ilə bölüşərək dəstək axtarırlar. Lakin həmin şəxslərin verdiyi tövsiyələr bəzən münasibəti xilas etsə də, bəzi hallarda geri dönüşü olmayan qərarlara səbəb ola bilir.
Müəllif vurğulayır ki, hər məsləhət düzgün məsləhət deyil. İnsanlar çox vaxt öz həyat təcrübəsinə əsaslanaraq fikir bildirirlər. Uğursuz münasibətlər yaşamış və ya yeni ayrılmış şəxslər fərqinə varmadan öz mənfi təcrübələrini başqalarının ailə həyatına da daşıya bilirlər.
Yazıda ailə üzvlərinin də münasibətlərə təsirindən bəhs edilir. Bildirilir ki, valideynlər və digər yaxınlar övladlarını qorumaq istəsələr də, hər mübahisədə tərəf tutmaları, köhnə inciklikləri xatırlatmaları və həyat yoldaşlarından birini davamlı günahlandırmaları problemi daha da dərinləşdirə bilər.
Müəllif sosial medianın da münasibətlərə təsir göstərdiyini qeyd edir. Onun fikrincə, bu gün milyonlarla insan tanımadığı şəxslərin qısa videolarından təsirlənərək ailə həyatı ilə bağlı mühüm qərarlar verməyə çalışır. Halbuki uzun illərin münasibətini bir neçə saniyəlik videolar və ümumi tövsiyələrlə qiymətləndirmək doğru deyil.
Bununla yanaşı, məqalədə vurğulanır ki, zorakılıq, sistemli fiziki və ya psixoloji istismar, təhlükəli asılılıqlar və insanın həyatına təhlükə yaradan hallar mövcud olduqda susmaq deyil, peşəkar dəstəyə müraciət etmək vacibdir.
Mehmet Öğütçü hesab edir ki, əsl dost insanı ilk emosional anda boşanmağa sövq edən deyil, onu dinləyən, vəziyyəti anlamağa çalışan və tələsik qərar verməməyə çağıran şəxsdir.
Müəllif sonda qeyd edir ki, möhkəm evliliklər kənardan gələn hər fikrə uyğun istiqamətini dəyişən deyil, problemləri birgə müzakirə edib həll etməyi bacaran cütlüklərin qurduğu ailələrdir.