ABŞ Prezidenti Donald Tramp bir sıra xüsusilə ağır cinayətlərə görə cəzanın sərtləşdirilməsini planlaşdırır.
Modern.az xəbər verir ki, Tramp Ədliyyə Nazirliyinə uşaqları qətlə yetirən şəxslərə, eləcə də qurbanlarını öldürən təcavüzkarlara və insan alverçilərinə qarşı ölüm hökmü tələb etmək barədə göstəriş verib.
“Uşaq qatilləri, həmçinin qurbanlarını öldürən təcavüzkarlar və insan alverçiləri üçün Ədliyyə Nazirliyinə ölüm hökmü tələb etməyi tapşıran prezident direktivini imzalayacağam”, – deyə Tramp Ədliyyə Nazirliyində keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərini “The Guardian” qəzeti yayıb.
Bundan əlavə, ABŞ prezidenti baş prokurora artıq çıxarılmış ölüm hökmlərinin icrası prosesini sürətləndirməyi tapşırıb.
“Jürilər qərarını verdikdən sonra ölüm hökmü sürətlə və qaçılmaz şəkildə icra olunacaq”, – deyə Tramp xüsusi vurğulayıb.