Kolumbiyanın qərbində baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 224-ə çatıb.
Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
Zəlzələ nəticəsində bir neçə şəhərdə binalar uçub, bəzi insanlar dağıntılar altında qalıb.
ABŞ Geoloji Xidmətinin (USGS) məlumatına görə, zəlzələnin gücü 7,4 bal olub. Zəlzələ ölkənin Sakit okean sahilindəki Çoko departamentindəki San Jose del Palmar şəhəri yaxınlığında, təxminən 107 kilometr dərinlikdə baş verib. Zəlzələ Kolumbiyanın böyük şəhərlərində də hiss olunub.
Təbii fəlakət ölkənin yeni administrasiyası üçün ilk böyük böhran olub, çünki zəlzələ Abelardo de la Espriellanın prezident vəzifəsinə başlamasından bir neçə gün sonra baş verib.
***
Kolumbiyada güclü zəlzələ nəticəsində ölənlərin sayı 132-yə çatıb.
Modern.az xəbər verir ki, bu barədə “Caracol” telekanalı hakimiyyət orqanlarının yenilənmiş məlumatlarına istinadən məlumat yayıb.
Məlumata görə, təbii fəlakət nəticəsində daha 570 nəfər yaralanıb. Ölkənin 32 şəhərində “qırmızı səviyyəli həyəcan” rejimi elan edilib.
Ən ağır vəziyyət Pereyra şəhərində və Qəhvə regionunun digər ərazilərində, həmçinin Valye-del-Kauka və Çoko departamentlərində yaranıb.
Bundan əvvəl Kolumbiya hakimiyyəti zəlzələ nəticəsində 111 nəfərin öldüyünü, 87 nəfərin yaralandığını açıqlamışdı.
İlkin məlumatlara əsasən, zəlzələ nəticəsində 1 575 yaşayış binasına ziyan dəyib, 61 tikili isə tamamilə dağılıb. Bundan başqa, 18 tibb müəssisəsi, 52 təhsil ocağı, 18 yol sahəsi və 7 hava limanına zərər dəyib.
Xatırladaq ki, avqustun 10-da səhər saatlarında Kolumbiyada 7,4 maqnitudalı zəlzələ baş verib. Zəlzələnin episentri Çoko departamentinin San-Xose-del-Palmar bələdiyyəsi ərazisində yerləşib.
Yeraltı təkanlar Kolumbiyanın böyük hissəsində, eləcə də qonşu Venesuela, Ekvador və Panamada hiss olunub.
Kolumbiya hakimiyyəti ölkə miqyasında təbii fəlakət elan edib və ən çox zərər çəkən ərazilərə xilasedici bölmələr göndərib.