Bu günlərdə döyüş bölgəsindəydim. Düşmən ordusunun silahlıları əlli metrliyimizdəydi. Hava çox isti olduğundan gözə bir kimsə dəymirdi…
Ayaq Qərvəndi arxada qoyuruq. İki kəndin arasında olan orta məktəbi keçəndə dayanmalı oluram. 2011-ci ilin martında Ermənistan silahlısının snayper atəşinə tuş gələn Fariz Bədəlov bu məktəbdə oxuyurdu. İndi isə məktəbin qarşısında istinad barısı çəkilirdi.
Həmsöhbətim deyir ki, «öz doğma divarlarımızı yalnız doqquz ay 1993-cü ilin yayından tərk etsək də, növbəti ilin yazında yurd-yuvamıza qayıda bildik. Yolu da elə həmin il səliqə-səhmana saldılar. O illərdə bu yol istifadəsiz idi. Yalnız Soltanbud meşəsinə oduna gedəndə istifadə edilirdi».
Bu gün Orta Qərvənd Ağdam rayonunun cəhbə bölgəsindəki ən sonuncu kəndlərindəndir. Elə yeri var ki, postlararası məsafə cəmi əlli metrdir. Yolumuzu kəndin münaqişə zonasındakı sonuncu evin yanındakı əzəmətli görkəmiylə ətrafa meydan oxuyan qoşa çinarın yanına salırıq. Keçmiş sovet dövründə salınan asfalt yol Şıxlar kəndinədək uzansa da, yol burada qırılır. Həmsöhbətim ehtiyatlı olmağımı tövsiyə edir. Etiket xatirinə deyilsə də, sözün arxasında bir tələb də dayanırdı. Özümü ələ alıb ehtiyatla düşmən tərəfə böylanıram. Qarşıdakı Şıxlar kəndiydi. Kol-kosdan və sökülüb dağılmış evlərdən başqa gözümə heç nə görünmür.

Sonuncu həyət məhəlləsində bağça sulayan ev sahibi ilə söhbətləşirəm. Gümrah görünür. Zəhmətiylə, əkin-biçin, mal-qarasıyla dolandığını deyir. Amma ən böyük dərdi uşaqlığının keçirdiyi ata yurduna gedə bilməməsidir. Cəmi yüz əlli metrlikdə olan evə hərdən axşamlar boylandığını deyir. Uşaqlıq xatirələriylə zəngin olan mənzilinin quruca divarlarının qaldığını deyir. Neynəmək olar. Yəqin mənə də nə vaxtsa yüz əlli metrliyimizdə olan dədə ocağına getmək qismət olacaq.
Cəbhə bölgəsindəki evlərin həyətində istinad divarları çəkilib. İki mərtəbəli evlərdən biri sahibsiz qalıb. Binanın tikilişindən hiss olunr ki, sovet dövründə imkanlı adam olub. Bu gün evdə hec kim qalmır. Ev sahiblərinin erkən dünyalarını dəyişdiyi deyilir…
Həmin evin həyətində isə möhtəşəm tut ağacını görürəm. Tutun dəyən vaxtıydı. Əlimi atıb bir neçə gilə qoparıb yeyirəm. Dadlıdır. Yenə əlimi həvəslə uzadıram. Anı olaraq xəyalım məni iyirmi üç il əvvələ aparır…
1992-cü ilin iyun ayı. Şuşa kimi möhtəşəm qalanın işğalı günü yaxın qohumum Eldar Hümmətov da “Fərrux” yüksəkliyinə edilən hücum zamanı düşmən gülləsinə tuş gəlmişdi. Ondan bir gün əvvəl də qonşuları həlak olmuşdu. Kənddə hamı bir birinə dəymişdi. Mərhumun üçü günü isə aləm qarışdı. Bir tərəfdən düşmənin top atəşləri, o biri tərfdən Uzundərədən atılan “Qrad” mərmiləri. İş elə gətirmişdi ki, “Qradın” mərmisinin ikinci açılışı kəndin üzərinə düşdüyündən elə bilirdin hər dəfə güclü ildırım çaxır…
Maraqlıydı ki, hər hücumdan və ya gərgin döyüşlərdən sonra münaqişə zonasında bir xeyli müddət sakitlik hökm sürürdü.
Belə sakit vaxtlarda mən şəhərə üz tutası oldum. Həm vəziyyəti gözlə görmək, həm də şəhidlərimizi ziyarət etmək üçün. Abidənin arxasındakı boş ərazi isə artıq xiyabana çevrilmişdi. Burada dəfn olunanların sayı hesabı yox idi.
Ziyarət etdikdən sonra yolüstü Xıdırlı kəndinə getdim. İstəyim həm buradakı qohumların mənzillərinə baş çəkmək, həm də beş nömrəlidən Uzundərə yolu ilə qayıtmaq idi.
Beləliklə, kəndə gəldim. Hərbçilərlə yanaşı, kənddə bir xeyli adam var idi. Maşını Xıdırlı kənd orta məktəbinin həyətində saxlayıb, qohumların həyətinə keçdim…
“Bedana” və “Şah” tutun üstü pitraq kimi idi…
Çırpılmadığından tut gilələri yerə sanki süfrə salmışdı. Çox qeyri-adi bir mənzərəydi. Bir müddət həyətdə vargəl etdim. Kənd orta məktəbinin qaynayan vaxtları göz önümdən keçdi. Həyətdən birbaşa məktəbə keçmək üçün qapı daim açıq olardı. Həyətdəki tut “boçka”ları da boş qalmışdı…
Xanabad tərəfdən atılan top atəşləri məni xəyallarımdan ayırdı. Bir anlıq hər şeyi unutdum…
Atəş başlandı. Düşmən tərəfinin “Qrad” seli ard-arda kəndin bir və iki nömrəlisinə düşürdü. Silkələnmədən yanında dayandığım qol-budaqlı tut ağacı yerində dayana bilmirdi. Belə gərgin məqamda nə maşına tərəf gedə, nə də yerimdə qala bildim. Xeyli müddət “bedana” tuta qısılıb qalsam da, vəziyyətdən çıxmaq lazım idi. Odur ki, ara sakitləşən anda göy rəngli “Moskviç”imizə oturub üzü beş nömrəliyə tərəf sürdüm. Kəndin mərkəzi yoluna asfalt çəkildiyindən sürət götürə bildim…
Uzundərəyə çatanda isə dərədə maşın selinə rastlaşdım. Heyf ki, bu mənim Xıdırlı kəndində yediyim sonuncu tut gilələri idi.
Təsadüfə bax ki, o ləzzətli tutun dadına iyirmi üç ildən sonra rast gəldim, özü də düz münaqişə zonasının ən sonuncu məntəqəsində…
Bu dəqiqə o anları xatırlayarkən istər-istəməz istilənirəm. Bəlkə də narahat oluram...
Amma…
Xatirələrlə yaşamaqdan yorulduğumdan istərdim o anları bu gün birdə yaşayım…