Modern.az

Cəhalət canımızdan niyə çıxmır?

Cəhalət canımızdan niyə çıxmır?

Aktual

9 İyun 2015, 13:32

Anar Turan


İnsanlar var ki, onun üçün cəhalət yaşam tərzidir. Belələri cəhaləti  tərgitsə ürəklərinin bu boşluğa dözməyəcəyini düşünürlər. Onlar ağır kompleks içində olduqlarını dərk etmirlər. Necə ki, Qurani-Kərimdə Allah deyir: «Onların bəsirət gözü bağlıdır. Haqqı görməzlər.» Lakin bəziləri danışanda elə danışarlar ki, Mövlana demiş ədəbli yalnız ədəbindən susar, ədəbsiz isə susdurdum sanar.


Yaşadığımız dövr hamının  özünü ağıllı zümrədən hesab etməsi baxımından çeşitlidir.  İctimai nəqliyyatda, restoranda, çayxanada, küçədə olarkən iki-üç nəfərin arasındakı söhbətə qeyri-ixtiyari qulaq assanız həqiqətən cəhalətin astanasında olduğumuzu dərk edəcəksiz. Əlbəttə, mən ağıllı-başlı adamların haqqına girmirəm. Onsuzda, aqil hər yerdə aqildir. Bir filosofun məşhur kəlamı yadıma düşdü: “Ağıllılar ideyaları, orta səviyyəli insanlar hadisələri, aşağı səviyyəli insanlar isə insanları müzakirə edirlər” Bizim cəmiyyətdə hazırda üçüncü sırada dayananlar təəssüf ki, çoxluq təşkil edir. Qəbul etməsək də bu belədir. Çünki, biz mütaliəni, düşünmək, dinləmək mədəniyyətini bir kənara qoyub ancaq mənasız, heç bir ictimai əhəmiyyəti olmayan verilişlərin qurbanı olmuşuq. Və yaxud dəyərli-qızıl vaxtın “yandırıldığı” saytlarda, sosial şəbəkələrdə girinc olan millətə ən yaxşı halda isə “monitor-klaviatura qəhrəmanları”na çevrilmişik. İnternet ictimai qınağın yayılması baxımından yaxşıdır, amma məsələ bundadır ki, bizim hay-küyümüz elə virtualda doğulur orda da ölür.  Real həyatda  düzəlməyən səhvlər, dəyişməyən adamlarıq.


Əlbəttə, XXI əsrdə bir insandan ancaq Aztv-yə baxmasını, rəsmi qəzetlər oxumasını tələb etmək gülməli olar. Seçim azaddır. Lakin gəlin görək bu seçimin azadlığı insanlara nə qədər kömək etdi. Biz əvvəlcə özümüzün deyil, özgəsinin dəyərlərini öyrəndik, sevdik. İntellekt imkanlarımızı genişləndirmək əvəzinə başqasının cibini güdən topluma çevrildik. Öz gözündə tiri görməyib, başqasında çöp axtaran kütləyə döndük. Sağlam tənqidi təhqirlə dəyişik saldıq.   Qeybəti özümüzə sənət seçdik. Səmimi desəm hətta ibadət edənlərimizə də bu xasiyyət sirayət etdi. Vaxt var idi ki, ibadət etmək düzgün həyatı müəyyənləşdirən prinsiplərdən sayılırdı, ibadət edənsə mükəmməlik nümunəsi kimi qəbul olunurdu. Hər kəs maksimum dərəcədə həmin adama hörmət edirdi. Açığını deyim ki, ibadət edənlər az olanda bu dəyərin ağırlığı daha çox hiss olunurdu nəinki indi... O cümlədən, alim, polis, həkim, müəllim adına iddia edən bəzi peşəkarlıqdan uzaq adamlar da bu sahələrə doluşduqca cəmiyyət zahirən “qalstuklaş”dı, amma daxilən naşılaşdı. Ən pisi də odur ki, bu naşılaşma elə bir səviyyə tənəzzülünə gətirib çıxardı ki,  indi insanlar elmi-intellektual verilişlərdən daha çox, mövhumatı, xurafatı təbliğ edən, proqramlara baxır, məlumatlar oxuyurlar. Belə cəmiyyət özündən başqa bütün yaramazların işinə yarayır desəm yanılmaram. İşbaz məmurundan tutmuş, səhlənkar həkimindən, müəllimindən, “ xalq artisti” adına layiq olmayan “sənətkar”ına qədər hər kəsin işinə belə cəmiyyət yarayır. Ən azından öz yalanlarını rahat “üyütmək” üçün. Savadlı cəmiyyət qüdrətli dövlət, dəmir məntiqə əsaslanan xalq deməkdir. Bunu isə nə xaricdəki, nə də içimizdəki bəzi yaramazlar qəbul edər. Bunu, bu Vətəni istəyənlərdən başqa kim istəyər ? Əlbəttə, heç kim !

Bilmirəm hüquqi dövlətdə bu təklifim nə dərəcədə doğru səslənəcək ya yox lakin deməliyəm ki, dəyər katalizatoru, əxlaq senzurası, ictimai etiketləri qoruyan qurumun yaradılması lazımdır bu məmləkətdə. Heç olmasa yaxşı ilə pisin qaynayıb-qarışmasının qarşısını almaq üçün lazımdır. Plaqiatlığın qarşısını almaq üçün gərəkdir. Həqiqi peşəkarla qeyri-peşəkarın, həqiqi sima ilə simasızın. Dünyagörüşü olanla, zombinin eyni mərtəbədə tutulmasının, təhsilli ilə təhsilsizə eyni maaşı verməmək üçün  üçün lazımdır bu məmləkətə... Dəyərsizliyi təbliğ edən bəzi media qurumlarına qulaqburması vermək üçün lazımdır. Daha səlahiyyətlərindən sui-istifadə edib reketlik etmək üçün deyil. Ədalət meyarlarını yerbəyer etmək üçün. Elə yerbəyer etməlidirlər ki, insanlar  ədalət deyəndə  hansısa şəxsin adını deyil bu adın, sözün ağırlığını xatırlasınlar.


İndi cəmiyyətimizdə üstünlük titulla, kimin daha çox həcc ziyarətində, turist səfərlərində olması ilə, bahalı aksessuarlar, bahalı avtomobillərə yiyələnməsi, kimlərəsə əlinin çatması, qohumluğunun olması ilə seçilir.


Axı bu millətin böyük kitab oxumaq mədəniyyəti olub. Həmin mədəniyyəti qaytarmaq lazımdır. Bu mədəniyyəti ən çox, sənət adamlarına, alverçilərə, cinayət məsuliyyəti olanlara, fəhlələrə, idmançılara, sürücülərə cəmiyyətin fiziki  olaraq kitabla az maraqlanan zümrəsinə təbliğ etmək lazımdır ki, onlar savadsızlığın, qaraguruhun deyil, intellektin, zövqün ardınca getsinlər, bu tərəfi seçsinlər. İstənilən işi görəndə vicdanla görsünlər. Ziyalı, zəkalı olsunlar. Zərgər olmasalar da zərin qədrini bilsinlər. Arif olmasalarda, heç olmasa tükü-tükdən seçsinlər. Hətta tam məsuliyyətimlə deyərdim ki, cəhalətin quluna çevrilməmək üçün bəzi müəllimlərin, həkimlərin də arasında mütaliə göstəriciləri müəyyənləşməlidir. Çünki, adlarını çəkdiyim peşələrin bir sıra ardıcılları cahillikdən əziyyət çəkirlər. Əgər belə olmasaydı dünyaya Üzeyir Hacıbəyov  kimi dahi bəstəkar bəxş edən ölkədə bayağı musiqilər, əldəqayırma müğənnilər at oynatmazdı. Əgər belə olmasaydı hələ səkkiz yüz il bundan əvvəl qəbrinin üstünə “analar heç vaxt belə oğul doğmamışdır” yazılan böyük alim Nəsirəddin Tusinin  vətənində insanlar ixtiralarda yaponların, koreyalıların, almanların əlinə baxmazdı, əgər belə olmasaydı  dünyanın tən yarısına əxlaq öyrədən, Tanrı sevdirən Azərbaycan mütəfəkkirlərinin yurdunda insanlar falçılara, cadugərlərə, insanları məzhəb savaşına sürükləyənlərə güvənməzdi... Bax budur cahillik. Adamı narahat edən də budur ki, XXI əsrdə bu kimi çatışmazlıqları görürük amma üz çevirməkdənsə, arxasınca gedirik. Axı dünyanın mütərəqqi ölkələrindən geri qalırıq, cənablar ! Cahillik səbəbindən məhvə yuvarlanmamış  məşhur bir filosofun “həyatınızı dəyişmək istəyirsinizsə, düşüncələrinizi dəyişin” aforizmi üzərində məncə düşünməyə dəyər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı