Bakı Mühəndislik Universitetində (BMU) 44 günlük Vətən müharibəsinin iştirakçısı və şəhid ailələrinin üzvü olan tələbələrlə görüş keçirilib.
Modern.az xəbər verir ki, öncə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi yad edilib, Dövlət Himni səsləndirilib. Ardınca Vətən müharibəsində qazanılan Zəfər yolundan bəhs edən videoçarx nümayiş olunub.
Görüşdə çıxış edən BMU-nun rektoru Yaqub Piriyev 27 Sentyabr – Anım Gününün Azərbaycanın müasir tarixində müstəsna və şərəfli əhəmiyyət daşıdığını bildirib.
Qeyd edib ki, 44 günlük Vətən müharibəsi nəticəsində xalqımızın uzun illər ərzində gözlədiyi tarixi ədalət bərpa olunub, işğala son qoyulub. Rektor müharibədə şəhidlərin fədakarlığını, qazilərin qəhrəmanlığını, xalqın həmrəyliyini, Müzəffər Ali Baş Komandanın həyata keçirdiyi siyasəti, peşəkar rəhbərliyini və dəqiq hərbi strategiyanı Qələbəni şərtləndirən əsas amillər sırasında vurğulayıb. Eyni zamanda, Prezident İlham Əliyevin yüksək liderlik keyfiyyətləri, prinsipiallığı, xalqımızı vahid amal uğrunda səfərbər etmək bacarığı və qlobal səviyyəli siyasi xadimliyi ilə beynəlxalq platformalarda Azərbaycanın mövqeyini qətiyyətlə müdafiə etdiyini xatırladıb. Müharibədən sonrakı dövrdə isə dövlətimizin öz gücü hesabına işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirdiyini deyib.
Dövlət tərəfindən şəhid ailələri və müharibə iştirakçılarının sosial müdafiəsinin daim diqqət mərkəzində saxlanıldığını söyləyən Yaqub Piriyev BMU-nun da bu istiqamətdə üzərinə düşən məsuliyyəti dərk etdiyini bildirib. Rektor qazilərə, eləcə də şəhid ailələrinin üzvü olan tələbə və əməkdaşlara hər zaman dəstək göstərməyə hazır olduqlarını vurğulayıb. Onların qayğıları ilə maraqlanmağın universitet üçün həm mənəvi borc, həm də böyük şərəf olduğunu diqqətə çatdırıb.
Sonra bu il BMU-dan məzun olan və hazırda universitetin Memarlıq və inşaat fakültəsində çalışan şəhid Osman Manafovun həyat yoldaşı Aysel Manafova çıxış edərək şəhid ailələrinə göstərilən diqqət və həssas münasibətə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin təşəkkürünü bildirib. Eyni zamanda, BMU-da təhsil aldığı müddətdə daim bu qayğını öz üzərində hiss etdiyini deyib. O, şəhid ailələrinin gənc nəslin vətənpərvərlik ruhunda yetişməsində mühüm nümunə olduğunu qeyd edib, belə görüşlərin əhəmiyyətini vurğulayıb.
BMU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin II kurs tələbəsi, 19 yaşında Azərbaycan Respublikasının ən ali hərbi təltifi olan “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülmüş Azər Abdullazadə isə çıxışında keçdiyi döyüş yolundan və Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qazanılan tarixi Qələbədən sonra gənclərin üzərinə düşən məsuliyyətdən söz açıb. Həmçinin tələbələrin təhsil alaraq bilik və bacarıqlarını artırmaqla ölkənin gələcək inkişafına töhfə verməsinin vacibliyini ifadə edib.
BMU-da bakalavr təhsili alan, hazırda isə universitetin “İnsan resursları” ixtisası üzrə I kurs magistrantı, Vətən müharibəsi iştirakçısı Pərviz Əli çıxışında tarixi Qələbəyə gedən yoldan və bu yolda mühüm rol oynayan məqamlardan danışıb. O, həmçinin döyüş zamanı düşmən snayperinin atəşi nəticəsində yaralanmasından sonra yaşadığı çətin anları və həmin dövrdə müəllimlərinin ona göstərdiyi mənəvi dəstəyi bölüşüb. Ölkəmizdə şəhid ailələrinə və qazilərə göstərilən həssas münasibətdən razılığını ifadə edən Pərviz Əli BMU-da bu kateqoriyadan olan tələbələrə göstərilən xüsusi yanaşmanı qeyd edərək universitet rəhbərliyinə və kollektivinə təşəkkürünü bildirib.
Görüş zamanı rektor tələbələrlə ayrı-ayrılıqda söhbət edib, onların fikir və təkliflərini dinləyib.
Sonda xatirə şəkli çəkdirilib.