Ermənistanda məhkəmə Qarabağda Azərbaycana qarşı hərbi əməliyyatlarda iştirak etmiş keçmiş yüksək vəzifəli şəxslər - Seyran Ohanyan, Armen Qevorqyan və Yuri Xaçaturyanla bağlı qərar verib.
Modern.az xəbər verir ki, məhkəmə onların ölkədən çıxışının qadağan edilməsi barədə prokurorluğun vəsatətini təmin etməyib. Dövlət ittihamçısı məhkəmədən sözügedən şəxslər barəsində bu qətimkan tədbirinin tətbiq edilməsini istəyib.
Prokuror buna mümkün qaçma riski ilə əsaslandırıb. Müdafiə tərəfi isə vəsatətin əsassız olduğunu bildirib. Seyran Ohanyan da məhkəmədə çıxış edərək ölkədən qaçmaq niyyətlərinin olmadığını deyib. O bildirib ki, əgər onların Ermənistana qayıtmamaq niyyəti olsaydı, indiyədək belə imkanlardan istifadə edə bilərdilər.
Keçmiş erməni müdafiə naziri təklif olunan qətimkan tədbirinin əsassız olduğunu vurğulayıb.
Qeyd edək ki, Seyran Ohanyan, Armen Gevorgyan və Yuri Xaçaturyan Ermənistanın siyasi və hərbi elitasının uzun illər yüksək vəzifələr tutmuş nümayəndələridir. Onların adları həm Ermənistanın daxili siyasi prosesləri, həm də Qarabağ münaqişəsi ilə bağlı müxtəlif dövrlərdə gündəmə gəlib.
Seyran Ohanyan uzun müddət Ermənistanın müdafiə naziri vəzifəsində çalışıb. O, Birinci Qarabağ müharibəsi dövründə Ermənistanın hərbi qüvvələrinin tərkibində xidmət edib və sonrakı illərdə Ermənistan ordusunun rəhbərliyində yüksək vəzifələr tutub.
Yuri Xaçaturyan da Ermənistan Silahlı Qüvvələrinin rəhbərliyində yüksək vəzifələrdə çalışıb və ölkənin Baş Qərargah rəisi olub. Armen Gevorqyan isə Ermənistanın müxtəlif dövlət strukturlarında yüksək vəzifələr tutmuş siyasi xadimdir.
Onların hər 3-ü eks-prezident Robert Koçaryana qarşı açılmış cinayət işi çərçivəsində istintaqa cəlb olunub.