Naxçıvanın elektrik enerjisinin yalnız yaşıl mənbələrdən təmin ediləcək.
Bunu Modern.az-a açıqlamasında energetika nazirinin müavini Elnur Soltanov bildirib. O, ölkədə həyata keçirilən yaşıl enerji layihələri, Naxçıvanın bərpaolunan enerji potensialı və regionun strateji eksport imkanları ilə bağlı mühüm məqamlara toxunub.
Nazir müavini bildirib ki, energetika sahəsində atılan addımlar təkcə bu sektoru əhatə etmir, iqtisadiyyatın digər sahələrinə, xüsusən tikinti və yerli sənayenin inkişafına da güclü təkan verir:
“Energetika Nazirliyi olaraq biz bu prosesin enerji aspektində daha çox maraqlıyıq. Lakin enerji' deyib keçmək olmaz, çünki bu sahədəki irəliləyişlər digər istiqamətlərdə də müsbət nəticələr yaradır, tikinti sektoru və yerli sənaye üçün əlavə imkanlar açır. İndiyədək həyata keçirilmiş, icrası davam edən və gələcəkdə planlaşdırılan potensial layihələr üzrə tərəfdaşlarımızı bir araya gətirmişik. Bu, sahədəki bütün yeniliklərin və forumların müzakirəsi üçün son dərəcə əlverişli platformadır”.
E.Soltanov günün ən mühüm hadisələrindən biri kimi Vyetnamın neft şirkəti ilə imzalanan sənədi xüsusi vurğulayıb:
“Bu günün ən böyük hadisəsi Vyetnam şirkəti ilə 1000 meqavatlıq günəş layihəsinin ilkin mərhələsinə dair anlaşma memorandumunun imzalanmasıdır. Bu nəyə görə vacibdir? İşğaldan azad edilmiş Qarabağdan sonra Naxçıvan ölkəmizin strateji baxımdan ən həssas nöqtəsidir. Naxçıvanın elektrik enerjisi nöqteyi-nəzərindən ana torpaqla inteqrasiya olunması istiqamətində genişmiqyaslı işlər aparılır. Bu tipli layihələr Naxçıvanın enerji təhlükəsizliyinə misilsiz töhfə verəcək”.
Nazir müavini muxtar respublikada bərpaolunan enerji istehsalının rekord həddə çatdığını diqqətə çatdırıb:
“Bu ilin aprel, may və iyun aylarının böyük hissəsində Naxçıvanda istifadə olunan bütün elektrik enerjisi yalnız bərpaolunan mənbələrdən - su və günəş elektrik stansiyalarından əldə edilib. Bu il daha 25 meqavatlıq günəş stansiyası istifadəyə veriləcək, gələn il isə növbəti 25 meqavatlıq günəş layihəsi fəaliyyətə başlayacaq. İmzalanan bu yeni müqavilə göstərir ki, Naxçıvanın bütün elektrik enerjisinin tam olaraq yaşıl mənbələrdən təmin olunacağı gün çox da uzaqda deyil”.
İxrac imkanlarından söz açan Elnur Soltanov hazırda Naxçıvandan Cənub istiqamətinə Araz çayı üzərindəki su elektrik stansiyaları vasitəsilə enerjinin ötürüldüyünü xatırladıb. O, Türkiyə ilə elektrik şəbəkələrinin birləşdirilməsi üzrə texniki-iqtisadi əsaslandırma işlərinin davam etdiyini vurğulayıb:
“Türkiyənin Enerji naziri Azərbaycanda olarkən bu xətti 'yaşıl koridor' adlandırdı. Naxçıvan ərazi baxımından böyük olmasa da, həm ana torpaqla, həm də Türkiyə ilə birləşməsi burada yaşıl enerjinin daha böyük miqyasda inteqrasiyasına zəmin yaradır. Naxçıvandan Türkiyəyə, oradan isə Avropaya - Bolqarıstana uzanacaq yaşıl enerji dəhlizi bizim kompleks dəhlizlər sistemimizin mühüm tərkib hissəsidir. Paralel olaraq Xəzər–Qara Dəniz–Avropa yaşıl enerji dəhlizi, eləcə də Azərbaycan-Gürcüstan-Türkiyə marşrutu üzrə Avropaya çıxış imkanları araşdırılır”.
E.Soltanov sonda əlavə edib ki, cənab Prezidentin bəyan etdiyi kimi, Türk dünyası bizim əsas ailəmizdir və Azərbaycan təkcə Qafqazı deyil, Mərkəzi Asiyanı da ölkəmiz üzərindən Avropaya birləşdirəcək yaşıl enerji dəhlizlərinin reallaşdırılması istiqamətində işləri əzmkar şəkildə davam etdirir.