Azərbaycanda səhiyyə sahəsində xüsusi mərkəzlər yaratmaq üçün böyük imkanlar var.
Bu sözləri Modern.az-a özəl açıqlamasında Beynəlxalq Neyroelm İnstitutunun (INI) Otorinolarinqologiya şöbəsinin direktoru Tomas Lenarz bildirib.
T.Lenarzın sözlərinə görə, ölkədə yalnız pasiyentlərə tibbi xidmət göstərən deyil, eyni zamanda innovasiya və tədqiqatları təşviq edən mərkəzlərin qurulması mümkündür:
"Bunun üçün beynəlxalq şirkətləri, yüksək səviyyəli alimləri və klinisistləri prosesə cəlb etmək olar. Müəyyən istiqamətlərə fokuslanaraq həmin sahələrin inkişafına ciddi təkan vermək mümkündür. Məsələn, ürək-damar xəstəlikləri, xərçəng, neyroelm və eşitmə problemləri üzrə ixtisaslaşmış mərkəzlər yaradıla bilər. Bu, yeni imkanların formalaşmasına, iqtisadi marağın yaranmasına və əldə olunan gəlirlərin yenidən həmin sahəyə yatırılmasına şərait yaradar”.
Ekspert vurğulayıb ki, Azərbaycanın bu istiqamətdə böyük üstünlükləri var:
"Ölkə inkişaf etməkdədir, maliyyə imkanları mövcuddur və dünyanın bəzi digər regionları ilə müqayisədə həddindən artıq tənzimlənmə (bürokratik maneələr-red) yoxdur. Bu da Azərbaycanın əsas üstünlüklərindən biridir. Hökumətin bu məsələdə maraqlı olduğunu və dəstək verdiyini görürük. Azərbaycanın Şərqlə Qərb arasında bir növ körpü rolunu oynayan mərkəzi mövqeyindən istifadə edərək burada həm fiziki, həm də intellektual infrastruktur yaratmaq olar. Bu, xarici investorları cəlb etmək və yerli mütəxəssislərin inkişafını təmin etmək baxımından vacibdir”.