Azərbaycanda həyata keçirilən dövlət siyasətinin mərkəzində insan amili dayanır. Bu siyasətdə humanizm prinsiplərinə də böyük önəm verilir. Respublikamızda müxtəlif yerlərdə, o cümlədən, əlamətdar tarixlər ərəfəsində əfv sərəncamı və amnistiya aktlarının qəbul edilməsi bunun əyani təsdiqidir.
Dövlətimiz və xalqımız qarşısında misilsiz xidmətləri olan ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu humanizm siyasəti ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Ötən dövrdə qəbul olunmuş humanist aktlarla, həmçinin respublikamızın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə elan edilmiş amnistiya qərarları ilə minlərlə məhkum müxtəlif, o cümlədən azadlıqdan məhrumetmə cəzasından azad edilib. Sentyabrın 23-də cənab Prezidentin növbəti “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncam imzalaması da bunun göstəricisidir.
Sərəncamda məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin Azərbaycan Respublikasının Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, törətdikləri cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza çəkdikləri müddəti və həmin müddətdə davranışlarını nəzərə alaraq, humanizm prinsiplərinə əsaslandığı qeyd edilib. Sərəncama əsasən, azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş 19 şəxs, azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş bir nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib. Budəfəki əfv sərəncamına əsasən Azərbaycan vətəndaşları ilə yanaşı, Fransa, Rusiya, Türkiyə və Pakistan vətəndaşları da azadlığına qovuşur. Bu fakt da bir daha ölkəmizdə humanizmin nə dərəcədə yüksək səviyyədə olmasını təsdiqləyir.
Əhliman Əmiraslanov Əfv Məsələləri komissiyasının üzvü,
Milli Məclisin deputatı, akademik