Neçə gündür, Müsavat Partiyasında növbəti istefa hazırlığının anonsu gedir. Təəccüblü olmağına təəccüblü deyil; siyasi-mənəvi müflislik şəraitində bir təşkilat üçün hansı təbii xroniki hadisələr baş verməlidirsə, o da baş verir.
Lakin sıradakı məlum istefa gözləntisinin bir fərqli və qabarıq cəhəti var ki, bu, indiyə qədər hay-küylü ziddiyyətlərin, dava-şavanın yaratdığı effektdən daha yaxşı təəssürat doğurur.
Partiya üçün illər ərzində külüng çalan jurnalist komandası, başda Müsavatın ikinci dönəm səhifəsinin yazılmasında tarixi təşəbbüskarlığa imzası düşən Rauf Arifoğlunun, bu gün təməlində boşluq başlanan bu təşkilatın ünvanına qınaq, total hücum, tənqid səsləndirmədən nəzakətli vidalaşmaya hazırlıq elanı, istefa mədəniyyətinə diqqət çəkməklə bərabər, sıralarında olmayacağına rəğmən, təşkilat üçün bir təəssübkeşlik, onun dağılma dərdinə yanmaq, buna görə də yıxılmışa əlavə balta çalmamaq insani keyfiyyətinin əlaməti kimi təzahür edir.

Əvvəlki istefa verənlərin sərt rəftarı ilə müqayisədə müsavatçı jurnalistlərin-hələlik mövqeləri açıqlanan Rauf Arifoğlu və Xalid Kazımlının liberal ədaları, gedişi kampaniya formasında təqdim etməmək üslubu uzun illər ərzində partiyanın siyasi həyatında iştirak edən müxtəlif xarakterli insanların Müsavata yanaşma fərqi üzərinə diqqət çəkir. Birincilərin üsyankar ifadələri, partiya liderinə acıqlı xitabları onları, ikincilərin- sakit və təmkinli, partiya ilə əlaqələrə gözəl sonluq verməyə çalışan siyasi yazarların istefa etikası fonunda kiçildir.
Partiyada coşğun kütləvi ruh yüksəkliyinin, az qala dəlilik dərəcəsinə çatan pərəstişin yerini daxili böhranın, ictimai rəydəki məğlubiyyətin tutmasından sonra qəbul edilən hərəkət kübarcasına ayrılıq idi ki, bunu Müsavata Müsavat üzvü olan siyasi yazarlar qədər fayda verməyənlər bacara bilmədilər.
İstefa startında dayanan “Yeni Müsavat”çıların sentimental hisslərindən irəli gələn həssascasına gediş qərarı Müsavat Partiyasına, onun klassik ənənələrinə, tarixi keçmişinə bağlılığın səmimi və duyğusal tərəfləri üzərinə işıq salır, çünki ortada siyasi təmənnanın reallaşmaması, aparılan mübarizənin səmərəsizliyi qarşılığında hikkəsiz, giley-güzarsız bir əfv vəziyyəti var.
Partiya öz adının cazibədarlığını itirməyə başlayandan, siyasi yazarların qələmi zəifləmədi ki, itiləşdi, lakin Müsavatın ictimai rəydə parlamasında Baş katibdən, müavinlərdən, Divan üzvlərindən daha çox rolu olan müsavatçı jurnalistlərin bu gün o nüfuzu geri qaytarmaqda gücləri kifayət etmir.
Başqan Arif Hacılı, partiyanın lider simvolu İsa Qəmbər öz imkanlarına, taleyin bundan sonrakı yaxşı yazısına inana bilər. Qəzetçilər üçün nə təşkilat naminə artıq mübarizə aparmaq, nə onu müdafiə etməyin bir mənası qalır. Fakt odur ki, onların böyük bir zaman ərzində müdafiə və təbliğat çıxışları heç nəyə yaramadı. Fantastik bir tiraja çatan qəzet özünün cəsarətli imzaları, bu imzaların maraqlı ibarələri, təsirli kəlmələri, məntiqi mükalimələri sayəsində ruporu olduğu Müsavat partiyasının cəmiyyətdəki mövqelərini elə bir səviyyəyə gətirib çıxarmışdı ki, bu mövqelərin qorunması təşkilatın məhz siyasi elitasının üzərinə düşürdü, amma uğurların eyforiyası, yoxsamı, çoxsaylı səhvlər, damla-damla yığılan siyasi gücü bir anın içində əldən verdi, bununla da nəinki partiyanın, hətta siyasi yazarların özlərinin də mənəvi-psixoloji durumu mənfiyə doğru dəyişdi.
Müsavat siyasi yazarlardan çox şey ala bildi, lakin əvəzində onların şəxsi və ümummilli planda gözlədiklərini gerçəyə çevirə bilmədi. Müsavat partiyaya öz borclarını qələmləri ilə verənlərin borcunu qartarmağa bundan sonra da müvəffəq deyil.
İsa Qəmbərin öz varlığını partiyanın dəhlizlərində, Arif Hacılının yanında göstərməsi bəziləri üçün elə başdan pis təsəlli olduğu kimi, müsavatçı jurnalistlərin də zehnini təskinləşdirmir. Təşkilatın müxalifət partiyaları içərisində Olimp zirvəsinə qaldırılıb qoyulmasında rolu olmuş , indi vaxtı çatan istefanı da dilinə ürəklə gətirə bilməyən fədakarlarının Müsavatla yolu onların istəyib-istəməməsindən asılı olmayaraq finala çatır. Hansısa xəyanət, satqınlıq, qara ehtimallar olmadan.
Əvəzində qarşıda hürr olmaq-sözün tərəfsiz, daha obyektiv, tam sərbəst demək imkanları açılır. Baxmayaraq ki, layiqli istefa nümunəsi yazanların timsalında keçmiş siyasi təmayülə küskünsüz mənəvi bağlılıq azad, müstəqil sözün içərisində belə, Müsavatın mənafelərindən qaçmağa imkan verməyəcək...