Modern.az

Regionda yeni marşrutlar uğrunda mübarizə: Bakı-Tbilisi xətti güclənir

Regionda yeni marşrutlar uğrunda mübarizə: Bakı-Tbilisi xətti güclənir

Aktual

Bu gün, 15:21

Gürcüstanın xarici işlər naziri, baş nazirin müavini Maka Boçorişvilinin Azərbaycana səfəri iki ölkə arasında siyasi və iqtisadi əməkdaşlığın gündəliyini yenidən aktuallaşdırıb. Səfər çərçivəsində keçirilən görüşlərdə ikitərəfli münasibətlər, regional təhlükəsizlik, enerji və nəqliyyat sahələrində əməkdaşlıq, eləcə də parlamentlərarası əlaqələrin inkişafı müzakirə olunub. Xüsusilə Cənubi Qafqazda dəyişən geosiyasi reallıqlar fonunda Bakı və Tbilisinin mövqelərinin uzlaşdırılması diqqət çəkir.

Modern.az-a açıqlamasında Milli Məclisin Azərbaycan-Gürcüstan Parlamentlərarası İşçi Qrupunun rəhbəri, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev bildirib ki, hər iki ölkə Cənubi Qafqazın gələcək iqtisadi və siyasi arxitekturasında bir-birini əvəzolunmaz tərəfdaş kimi görür:

"Məhz buna görə də son vaxtlar həm diplomatik, həm də parlamentlər səviyyəsində görüşlər intensivləşib. Bu görüşlər zamanı təhlükəsizlik və iqtisadiyyat sahələrində çox mühüm məsələlər müzakirə olunur. Burada Türkiyə amilini də nəzərdən qaçırmaq olmaz. Bakı - Tbilisi - Ankara əməkdaşlığı nəqliyyat, enerji və regional təhlükəsizlik baxımından olduqca mühüm platformadır. Azərbaycanın Ermənistanla iqtisadi münasibətlərin genişləndirilməsi istiqamətində atdığı addımlarda Gürcüstanın da müəyyən rolu var. Gürcüstan regional proseslərdə yalnız tranzit ölkə olmaqla kifayətlənmir, həm də regional iqtisadi inteqrasiyanın iştirakçısına çevrilməyə çalışır. Bu isə təbii ki, Tbilisi üçün yeni imkanlar yaradır və ölkənin regional siyasi balansdakı mövqeyini gücləndirir".

Komitə sədri hesab edir ki, Azərbaycan-Gürcüstan münasibətlərində diplomatik fəallığın əsas məqsədlərindən biri regional proseslərlə bağlı mövqelərin uzlaşdırılmasıdır. Onun sözlərinə görə, iqtisadi baxımdan ticarət, investisiya və qarşılıqlı iqtisadi asılılığın artırılması, strateji baxımdan isə Orta Dəhliz və enerji marşrutlarında mövqelərin möhkəmləndirilməsi prioritet məsələlərdir:

"Azərbaycan və Gürcüstan münasibətlərini sadəcə ənənəvi dostluq və qonşuluq səviyyəsində qiymətləndirmək olmaz. Gürcüstan da dəyişən regional şəraitdə Azərbaycanla münasibətlərini daha institusional, iqtisadi baxımdan dərin və geosiyasi baxımdan əhəmiyyətli tərəfdaşlıq səviyyəsində saxlamaqda maraqlıdır. Ən maraqlı məqam ondan ibarətdir ki, Bakı və Tbilisi regionda baş verən dəyişikliklərə yalnız reaksiya vermək deyil, həm də həmin dəyişikliklərin birbaşa iştirakçısı olmaq istəyirlər. Noyabr ayında baş tutan səfərlərin əsas siyasi mesajlarından biri də budur. Cənubi Qafqazın gələcək tranzit, enerji və iqtisadi xəritəsi formalaşarkən Azərbaycan və Gürcüstan bu prosesdə birgə iştirak etmək niyyətindədirlər. Bu istiqamətdə ciddi addımlar atılır. Gürcüstan üçün Azərbaycan sadəcə qonşu və enerji tərəfdaşı deyil. Azərbaycan Gürcüstanın tranzit əhəmiyyətini artıran, enerji təhlükəsizliyinə töhfə verən, Avropa ilə Asiya arasında iqtisadi bağlantılarını gücləndirən əsas tərəfdaşdır. Bu baxımdan regional proseslər üzrə mövqelərin uzlaşdırılması Tbilisi üçün də xüsusi əhəmiyyət daşıyır".

Arzu Nağıyev Azərbaycanın alternativ regional kommunikasiya marşrutlarının formalaşmasının Gürcüstan üçün də yeni reallıqlar yaratdığını vurğulayıb. Onun fikrincə, belə şəraitdə Tbilisinin əsas məqsədlərindən biri tranzit sistemindəki mövqeyini qorumaq, enerji və investisiya əməkdaşlığını dərinləşdirmək, həmçinin Cənubi Qafqazda formalaşan yeni iqtisadi münasibətlərdən kənarda qalmamaqdır:

"Azərbaycanın alternativ regional kommunikasiya marşrutları formalaşır və bu istiqamətdə müsbət addımlar atılır. Belə bir şəraitdə Gürcüstanın tranzit sistemindəki mövqeyini qorumağa çalışması, enerji və investisiya əməkdaşlığını dərinləşdirərək iqtisadi təhlükəsizliyini gücləndirməsi vacibdir. Eyni zamanda, Cənubi Qafqazda sülhün bərqərar olması və yeni iqtisadi münasibətlərin qurulması prosesindən kənarda qalmamaq Tbilisi üçün mühüm əhəmiyyət daşıyır. Bu baxımdan Bakı ilə münasibətlər intensivləşir. Siyasi, iqtisadi və təhlükəsizlik istiqamətlərində əməkdaşlığın genişləndirilməsi üçün addımlar atılır. İqtisadi müstəvidə əsas məsələlərdən biri Orta Dəhlizin inkişafı və enerji təhlükəsizliyidir. Bakı - Tbilisi - Ceyhan, Bakı - Tbilisi - Ərzurum boru kəmərləri və Cənub Qaz Dəhlizi mövcud əməkdaşlığın əsas dayaqlarıdır. Bununla yanaşı, yaşıl enerji sahəsində də mühüm perspektivlər mövcuddur. Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstan arasında elektrik enerjisi əməkdaşlığı, Xəzər - Qara dəniz - Avropa yaşıl enerji dəhlizi layihəsi xüsusi əhəmiyyət daşıyır. Bu istiqamətdə proseslər getdikcə daha müsbət məcrada inkişaf edir".

Deputatın sözlərinə görə, Azərbaycanla Ermənistan arasında münasibətlərin yeni mərhələyə keçməsi, sülh gündəliyinin irəliləməsi və regionda kommunikasiya xətlərinin açılması perspektivi Gürcüstanın rolunu da aktuallaşdırır:

"Azərbaycanla Ermənistan arasında münasibətlər yeni mərhələyə keçdikcə, sülh gündəliyinin irəliləməsi regionda kommunikasiya xətlərinin açılması, iqtisadi əlaqələrin genişlənməsi və tranzit marşrutlarının yenidən qurulması üçün yeni perspektivlər yaradır. Bu baxımdan Gürcüstanın da rolu xüsusi əhəmiyyət kəsb edir. Regionda baş verən dəyişikliklər yeni iqtisadi imkanlar yaratmaqla yanaşı, mövcud tranzit və nəqliyyat sisteminə də təsir göstərəcək".

Arzu Nağıyev Cənubi Qafqazda böyük güclərin artan rəqabətinin də Azərbaycan-Gürcüstan əməkdaşlığını zəruri edən əsas amillərdən biri olduğunu bildirib. O qeyd edib ki, ABŞ, Avropa İttifaqı, Rusiya, Türkiyə və Çin regionda nəqliyyat, enerji və siyasi təsir imkanlarını genişləndirməyə çalışırlar:

"Böyük güclərin Cənubi Qafqaz uğrunda rəqabəti artıq regional təhlükəsizlik məsələsidir. ABŞ, Avropa İttifaqı, Rusiya, Türkiyə və Çin regionda nəqliyyat, enerji və siyasi təsir imkanlarını genişləndirməyə çalışırlar. Bu şəraitdə müxtəlif istiqamətlərdə addımların atılması, regional maraqların düzgün qiymətləndirilməsi olduqca vacibdir. Azərbaycan və Gürcüstan öz suverenliklərini və tranzit əhəmiyyətlərini qorumaqda maraqlıdırlar. Regional təhlükəsizlik və sabitlik məsələləri də bu əməkdaşlığın əsas istiqamətlərindəndir. Prezidentlə görüşlərdə və diplomatik təmaslarda ərazi bütövlüyünə qarşılıqlı dəstək məsələsi xüsusi vurğulanır. Yəni biz bir-birimizin ərazi bütövlüyünü dəstəkləyirik. Bu, münasibətlərin yalnız iqtisadi maraqlara əsaslanmadığını, siyasi prinsiplər üzrə də mövqelərin uzlaşdırıldığını göstərir".

Komitə sədri Azərbaycan-Gürcüstan münasibətlərinin inkişafında parlament diplomatiyasının da xüsusi yer tutduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, hökumətlərarası əlaqələrin strateji xarakter daşıması ilə yanaşı, parlamentlərarası münasibətlər də tərəfdaşlığın siyasi və institusional əsaslarını möhkəmləndirir:

"Ən mühüm istiqamətlərdən biri parlament diplomatiyasıdır. Azərbaycan və Gürcüstan arasında hökumətlərarası münasibətlərin strateji xarakter daşıdığı məlumdur. Parlamentlərarası münasibətlər də bu tərəfdaşlığa əlavə siyasi dayaq verir. Parlamentlər ikitərəfli sazişlərin ratifikasiyası, qanunvericiliyin uyğunlaşdırılması və hüquqi maneələrin aradan qaldırılması baxımından mühüm rol oynayırlar. Eyni zamanda, regional təhlükəsizlik, nəqliyyat, enerji və iqtisadi inteqrasiya məsələlərində ortaq siyasi mövqelərin formalaşdırılmasına kömək edirlər. Beynəlxalq parlament təşkilatlarında qarşılıqlı dəstək də bu əməkdaşlığın vacib istiqamətlərindəndir. Parlament diplomatiyası hökumətlər arasında əldə olunan razılaşmaların uzunmüddətli dövlət siyasətinə çevrilməsində mühüm rol oynayır. Bu baxımdan parlamentlərarası əlaqələr ikitərəfli münasibətlərin davamlılığını təmin edən institusional mexanizmlərdən biridir".

Arzu Nağıyev parlamentlərarası əməkdaşlığın son illərdə konkret institusional addımlarla möhkəmləndiyini də qeyd edib. O, 2025-ci il martın 10-da Azərbaycan Milli Məclisi ilə Gürcüstan Parlamenti arasında əməkdaşlıq memorandumunun imzalandığını xatırladıb:

"Eyni zamanda, parlament sədrlərinin görüşləri və 2026-cı il sentyabrın 25-də Sahibə Qafarova ilə Gürcüstan parlamentinin sədr müavini Nino Tsilosaninin görüşü zamanı parlament komitələri arasında əməkdaşlıq, qanunvericilik və süni intellekt sahəsində təcrübə mübadiləsi məsələləri müzakirə olunub. Noyabrın 24-də Gürcüstanın xarici işlər naziri və baş nazirin müavini Maka Boçorişvili ilə Sahibə Qafarovanın görüşündə də parlamentlərarası əlaqələrin, iqtisadi, enerji və nəqliyyat əməkdaşlığının paralel inkişaf etdirilməsinin vacibliyi vurğulanıb. Bütün bunlar onu göstərir ki, parlament diplomatiyası artıq Azərbaycan-Gürcüstan münasibətlərinin ayrıca institusional istiqaməti kimi qəbul edilir".

Deputat sonda Gürcüstanda yaşayan azərbaycanlı icmasının da iki ölkə arasındakı münasibətlərdə mühüm amil olduğunu vurğulayıb. O bildirib ki, Gürcüstanın bir sıra rayonlarında azərbaycanlıların kompakt yaşaması əlaqələrin inkişafına xüsusi diqqət yetirilməsini zəruri edir:

"Bir daha qeyd etmək istərdim ki, Gürcüstan Azərbaycanın strateji tərəfdaşıdır. Bizim orada çoxsaylı azərbaycanlı icmamız var. Gürcüstanın beş rayonunda azərbaycanlılar kompakt şəkildə yaşayırlar. Bu da çox mühüm məsələdir. Həmin icma ilə bağlı Gürcüstanın mövqeyi məlumdur və bu istiqamətdə daha müsbət addımların atılması vacibdir. Düşünürəm ki, Azərbaycan-Gürcüstan münasibətlərinin gələcək inkişafı iqtisadi, siyasi və təhlükəsizlik sahələri ilə yanaşı, parlamentlərarası əlaqələrdən də asılıdır. Bütün bu istiqamətlər üzrə əməkdaşlığın gücləndirilməsi iki ölkənin strateji tərəfdaşlığını daha da möhkəmləndirəcək".

Sizə yeni x var
Keçid et
Rusiya ordusunda DƏHŞƏTLİ İTKİLƏR - Şok rəqəmlər üzə çıxdı