Estoniyanın xarici işlər naziri Marqus Tsahkna sabah Azərbaycana gələcək.
Modern.az-ın məlumatına görə, səfər çərçivəsində Bakıda Estoniyanın Azərbaycandakı səfirliyinin rəsmi açılış mərasimi keçiriləcək.
Marqus Tsahknanın Azərbaycan rəsmiləri ilə görüşlərində ikitərəfli münasibətlərin inkişafı, Ukraynaya dəstək imkanları, eləcə də Azərbaycan və Ermənistan arasında sülh prosesi müzakirə olunacaq. Estoniya tərəfi sülh prosesinə dəstəyini də ifadə edəcək.
Bununla yanaşı, Estoniya Xarici İşlər Nazirliyinin Arktika məsələləri üzrə xüsusi səlahiyyətli diplomatik nümayəndəsi Toomas Lukk qütb regionlarına həsr olunmuş beynəlxalq konfransda iştirak edəcək.
Estoniya Xarici İşlər Nazirliyi, Estoniya Elmlər Akademiyası, İqlim Nazirliyi və Estoniya Qütb Klubunun təşkilatçılığı ilə keçiriləcək “Soyuqda idarəçilik: Arktika və Antarktida ilə bağlı qərarların qəbulunda elm və geosiyasət” adlı konfransda Arktika və Antarktidanın təhlükəsizliyi, Avropa İttifaqının yeni Arktika strategiyası, eləcə də Antarktida siyasətinin formalaşdırılmasında alimlərin rolu müzakirə olunacaq.
Qeyd edək ki, səfirliyə Bakıda rezident səfir kimi fəaliyyət göstərən Tiina Nirk rəhbərlik edir.