Bu gün qarşılaşdığım hər kəs nədənsə mənə baxırdı. Açığı təəccübləndim. Çünki, qeyri-adi görünüşdə deyildim. İnsanların gözündən yayınan kimi özümü necə deyirlər, təpədən-dırnağa kimi süzdüm. Qeyri-adi heç nəyə rast gəlmədim. Birdən, əlimdə tutduğum salfetka diqqətimi çəkdi. Düşünəcəksiniz ki, “hə nə olsun, bunun mətləbə nə aidiyyatı var?”. Hər kəsin diqqətini mənə yönəldən, ən əsası isə bu yazını yazmağımın səbəbkarı, məhz, evdən çıxanda özümlə götürdüyüm salfetka oldu. Özü də elə belə yox. Üzərində Amerika Birləşmiş Ştatlarının, başımızı bəlaya salan 100 dollarlıq əskinasının əks olunduğu salfetka...
Deməli, pis xəbərlər tez yayılır. Ötən ilin sonuncu ayının, son günlərində dolların birdən-birə qalxması ildrım sürəti ilə bütün ölkəyə səs saldı. Ardından da dükan-bazarlarda qiymətlərin qalxması ilə bağlı xəbərlər, günün aktual mövzusuna çevrildi. Kimə baxırdım eyni məsələni müzakirə edir. Dollar, qiymət artımı.
Olanları qulağımla eşitməkdənsə, gözlərimlə görmək prinsipinə sadiq qalıb işdən evə qayıdanda “Qara Qarayev” metrostansiyasının çıxışındakı marketlərdən birinə baş çəkdim. Öncə çörəyin qiyməti ilə maraqlandım. Dəyişməmişdi. 35 qəpik. Bir-bir vitrinlərə baxmağa başladım.
Onu da deyim ki, marketdə böyük izdiham yaşanırdı. Sonuncu dəfə bu qədər adamı alış-veriş edən 2012-ci ilin 21 dekabrında görmüşdüm. O zaman da insanların niyə bu qədər təşviş içərisində olduqlarını anlaya bilməmişdim, indi də anlamadım. Qiymtələr qalxacaq deyə, dükan-bazarı “soymağın” gətirə biləcəyi acı nəticələri düşünən də yoxdur. Hər kəs canının hayında idi. Bir arabada 10 bağlama uşaq bezi saydım, digərində 6-7 bağlama yumurta, bütün mallardan bol-bol alınırdı.
Qiymətlərə baxmaq təmiz yadımdan çıxmışdı, çünki ondan da maraqlı tamaşaya şahidlik edirdim. Yaranmış mənzərəni seyr edə-edə birdə baxdım ki, salfetkalar satılan vitrinin qarşısında dayanmışam. Nədənsə burada seyrəklik hökm sürürdü. Başı zəruri mallar almağa qarışan insan kütləsi bu vitrinin qarşısında yan keçirdi. Açığı, bir-birindən rəngarəng salfetkalara acıdım. “Yəqin özlərini lazımsız əşya kimi hiss edirlər”- deyə düşündüm.
Birdən gözlərim üzərində 100 dollar təsviri olan salfetkalara sataşdı. Qiyməti 1 manat 60 qəpik idi. Bilmirəm niyə, amma bu salfetkaları almaq qərarına gəldim. Kassadakı növbə isə uzun çəkdi. Pulu ödəyib birbaşa yollandım evə.
Axşam süfrəsində, servisin yanında, aldığım 100 dollar təsviri əks olunan salfetkadan da düzdüm. Yemək bitəndən sonra əllərimizi silib atdıq. Nə gizlədim. Əsl dollarla bu cür rəftar etməyə heç vaxt əlim gəlməzdi. Amma saxtası ilə ürəyim istəyən kimi davrana bilirəm.
Yadıma düşmüşkən onu da deyim ki, marketdəki vitrində bir neçə ölkənin pul vahidi olan salfetka düzülmüşdü. Aralarında Azərbaycan manatını görmədim. Bu məni sözün həqiqi mənasında sevindirdi...
