Modern.az

Hacıqabul və Xaçmazın bir hissəsi sel suları altında qalıb

Hacıqabul və Xaçmazın bir hissəsi sel suları altında qalıb

21 Sentyabr 2009, 11:11

Azərbaycanın bir sıra rayonlarında dünəndən başlayan leysan yağışları fasilələrlə davam edir. Modern.az xəbər verir ki, güclü leysan Hacıqabul, Neftçala, Xaçmaz rayonlarına ciddi ziyan vurub. Hacıqabul rayonunun mərkəzində, eləcə də Nəvahi və Rəncbər kəndləri ərazisində yüzlərlə evi sel suları basıb, elektrik xətləri uçub, çoxlu ev heyvanları tələf olub, şəxsi avtomobillər suyun altında qalıb, avtomobil yolları sıradan çıxıb. Hacıqabul rayon Fövqəladə Hallar Komissiyasının sədri Sahib Aslanovun sözlərinə görə, rayona külli miqdarda maddi ziyan dəyib. Təbii fəlakətlə bağlı operativ qərargah yaradılıb, hazırda təbii fəlakətin aradan qaldırılması üçün tədbirlər davam etdirilir.
Verilən məlumata görə, rayonun daxili imkanlarından əlavə fəlakətin nəticələrinin aradan qaldırılmasi üçün Fövqəladə Hallar Nazirliyinin xətti ilə hadisə yerinə 3 nasos, 30 nəfər əsgər və su təhcizatı idarəsinin 2 ekskavatoru cəlb olunub.
Daxili işlər və fövqəladə hallar nazirləri təbii fəlakət zonasında olub. Fövqəladə Hallar Nazirliyinin şəxsi heyəti və texnikası əraziyə sel sularının ziyan vurduğu rayonlara səfərbər edilib.
Rayon Fövqəladə Hallar Komissiyasindan verilən məlumata görə, sel şərq istiqamətindən, Nəvahi qəsəbəsinin yaxınlığındakı Mişov dağından daxil olub və əvvəlcə Nəvahi qəsəbəsini basıb. Sonra rayonu elektrik enerjisi ilə təmin edən 110 kilovoltluq yarımstansiya sel sularının altında qalıb. Sel sularının yaşayış binalarına daxil olması ilə yerli əhali evlərini tərk edib. Müəyyən hallarda sakinlərin bir hissəsi selin yaratdığı fəsadlardan təşvişə düşüb.
Rayonda ən kritik vəziyyət Nəvahi istiqamətində qeydə alınıb. Rayon Fövqəladə Hallar Komissiyasında olan ilkin məlumatlara görə, Nəvahidə 20-ə yaxın çiy kərpicdən olan tikilidə uçma hadisəsi, bir neçə yerdə isə hasarların dağılması müşahidə olunub. Evləri və həyətləri 40 santimetrə qədər su basıb. 
Xaçmaz rayonu ərazisində də güclü leysan yağışı  təbii fəlakətə səbəb olub. Rayonun Ləcət, Mərəcan, Alekseyevka, Gödəkli, Çinarqala kəndlərində daşqınlar baş verib. Kənd sakinlərinin şəxsi təsərrüfatlarına böyük ziyan dəydiyi, mal-qara və ev heyvanlarının tələf olduğu, həmçinin ərzaq anbarlarını və evləri su basdığı barədə məlumatlar var.
Neftçalada da güclü yağış nəticəsində rayon mərkəzində yollar su altında qalıb, yüksək gərginlikli elektrik xətləri qırılıb. Hazırda təbii fəlakətin aradan qaldırılması üçün tədbirlər görülür.
Leysan yağışları Neftçala rayonunun da bir neçə yaşayış məskəninə ziyan vurub. Fəsadlar daha çox rayonun Bankə qəsəbəsində qeydə alınıb. Həyətlərın əksəriyyətini su basıb, bir evin divarının suvağı uçub.
Neftçala rayon İcra Hakimiyyətindən verilən məlumata görə, Bankə qəsəbəsinin bir hissəsində kanalizasiya xətti olmadığından yığılan suyun çəkilməsi problemlərlə müşayət olunub. Bir gün əvvəl yağan güclü yağışdan sonra məhz bu səbəbdən bir neçə həyətdə fəsadlar törənib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi