Prezident İlham Əliyev ötən gün Fransa Respublikasının Prezidenti Emmanuel Makrona təbrik məktubu ünvanlayıb.
"Sizinlə son telefon danışıqlarımız və keçən il Kopenhagendə görüşümüz zamanı Azərbaycan-Fransa gündəliyində duran məsələlər, ikitərəfli əlaqələrimizin bugünkü vəziyyəti və gələcək perspektivlərinə dair apardığımız səmərəli müzakirələr dövlətlərarası münasibətlərimizin tarixində yeni dövrün başladığını söyləməyə əsas verir",-deyə prezident deyib.
Bu isə qanunvericilik orqanı səviyyəsində fəaliyyətin bərpası məsələsini yenidən gündəmə gətirir.
Milli Məclisin fəaliyyətini dondurmuş Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Soltan Məmmədov Modern.az-a açıqlamasında bildirib ki, Fransa səhvini anlayaraq, Azərbaycana qarşı münasibətlərin normallaşması üçün müəyyən addımlar atıb:
"Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Fransa ilə bütün sahələrdə ikitərəfli əməkdaşlıqda hər zaman maraqlı olub. Həm iqtisadi, həm siyasi, həm də humanitar və mədəni sahələrdə böyük işlər görülüb. Lakin 30 il ərzində Minsk qrupunun üzvü kimi Fransa öz vəzifə borcunu lazımi səviyyədə icra etməyib və Azərbaycan beynəlxalq hüquq çərçivəsində torpaqlarını işğaldan azad edib, regionda sülh siyasətini təqdim edərkən, təəssüf ki, Fransanın həm qanunverici orqanı olan Milli Assambleyası, həm də Senatı tərəfindən əsassız, qərəzli, sülhə xidmət etməyən bəyanatlar səsləndirilib, qətnamələr qəbul edilib. Fransa hökuməti atdığı addımların qərəzli və yanlış olduğunu anlayaraq müəyyən addımlar atıb. Nəticədə, Azərbaycan hökuməti tərəfindən adekvat, dostluq addımları atılıb və bu münasibətlərin bərpası üçün bizim tərəfdən xoşməramlı siyasət təqdim olunub. Lakin bugünkü dövrdə mütəmadi olaraq Fransa tərəfindən edilən yanlışlar fonunda müəyyən müsbət addımlar atılsa da, Azərbaycan hökuməti öz reaksiyasını verməsinə baxmayaraq, hələ də Fransa tərəfindən gözlədiyimiz, sülhə xidmət edən siyasət həyata keçirilmir. Sevindirici hal ondan ibarətdir ki, cənab Prezidentin Fransaya təbrik məktubu, Makronun son çıxışları və bəyanatlarını nəzərə alaraq, bizim tərəfdən sülhsevər, dostluğa xidmət edən addımlar atılır.Azərbaycan-Fransa münasibətlərində müəyyən inkişaf perspektivlərinin mövcudluğu reallıqdır. Ümid edirəm ki, Fransa nəhayət regionda öz xarici siyasətinə yenidən baxıb düzgün addım atacaq və bunun fonunda ikitərəfli münasibətlərin inkişafında müsbət irəliləyişlər ola bilə".

S.Məmmədov hazırda parlamentlərarası işçi qruplarının fəaliyyətinin bərpasının gündəmdə olmadığını söyləyib:
"Fransa Milli Assambleya və Senat tərəfindən, təəssüf ki, hələ də Azərbaycan əleyhinə əsassız iddiaların səsləndirilməsinə şahid oluruq. Ona görə də Fransa Milli Assambleyasında və Milli Məclisdə işçi qrupları fəaliyyət göstərmir. Bu gün bizim gündəliyimizdə qanunverici orqan səviyyəsində münasibətlərin bərpası, yaxud inkişafı ilə bağlı hər hansı məsələ yoxdur. Bu istiqamətdə müsbət irəliləyişlərin olması üçün Milli Assambleya və Senat tərəfindən Azərbaycanla Ermənistan arasında əldə edilən sülh uğurlarına dəstək olmaq məqsədilə çox addımlar atılmalıdır. Milli Məclis olaraq, Fransanın bu addımları atdığını görsək, gələcəkdə münasibətlərin bərpasında maraqlıyıq. Lakin reallıq budur ki, bu gün həmin qanunverici orqanın mövqeyi və atdığı addımlar parlamentlərarası işçi qruplarının fəaliyyətinin bərpasını, dostluq qruplarının təşkilini hələ gündəliyə gətirmir. Bunun üçün qarşı tərəfdən kifayət qədər görülməli işlər var. Fransa hökuməti və qanunverici orqanı dünyada baş verən hadisələri, regiondakı mövqeyimizi, beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilən, güclü iqtisadiyyata malik, təhlükəsizliyi təmin edən, eyni zamanda Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan Azərbaycanın həyata keçirdiyi siyasəti düzgün anlayaraq, bu regionda sülhə xidmət edən siyasət həyata keçirdikdə münasibətlərin bərpası gələcəkdə mümkündür".