Modern.az

Parlament diplomatiyası Azərbaycanın səsini dünyaya çatdırır? - SORĞU

Parlament diplomatiyası Azərbaycanın səsini dünyaya çatdırır? - SORĞU

Parlament

Bu gün, 15:26

Parlament diplomatiyası son illər Azərbaycanın xarici siyasətində getdikcə daha mühüm alətlərdən birinə çevrilib. Milli Məclisin nümayəndə heyətləri müxtəlif beynəlxalq parlament təşkilatlarında ölkənin milli maraqlarını müdafiə etməklə yanaşı, qanunvericilik sahəsində əməkdaşlığın genişləndirilməsi, regional təhlükəsizlik, iqtisadi inteqrasiya və humanitar əlaqələrin inkişafı istiqamətində də fəal iştirak edirlər.

2026-cı ilin yaz sessiyası da bu baxımdan kifayət qədər intensiv keçib. Azərbaycan nümayəndə heyətləri MDB Parlamentlərarası Assambleyası, Asiya Parlament Assambleyası, Türk Parlament Assambleyası, NATO Parlament Assambleyası, Parlamentlərarası İttifaq və digər beynəlxalq platformalarda keçirilən iclas və sessiyalarda ölkənin mövqeyini ifadə edib, müxtəlif təşəbbüslərlə çıxış ediblər.

Modern.az yaz sessiyası dövründə beynəlxalq parlament təşkilatlarında təmsil olunan Milli Məclisin nümayəndə heyətlərinin fəaliyyətini araşdırıb. Deputatlar təmsil olunduqları platformalarda görülən işlər, qəbul edilən qərarlar, Azərbaycanın irəli sürdüyü təşəbbüslər və parlament diplomatiyasının nəticələri barədə saytımıza danışıblar.

Türk Dövlətləri Parlament Assemblayasının üzvü, Milli Məclisin komitə sədri Fazil Mustafa bildirib ki, iqtisadi xarakterli qanunların hazırlanmasında Azərbaycanın təqdim etdiyi layihələr ciddi önəm daşıyır:

“Türk Parlament Assambleyasında əsasən ortaq qanunların qəbul olunması istiqamətində işlər gedir. Xüsusən də iqtisadiyyat, təhsil və mədəniyyət sahələrinə aid qanunların qəbulu pilot qanunvericilik prosesidir.Çalışırıq ki, bütün ölkələrin təmsilçiləri ilə bu məsələni uzlaşdıraq və türkdilli ölkələr bu qanunları ayrı-ayrılıqda qəbul etsinlər. Əsas prinsip də bu olub. Konkret olaraq görülən çox işlər var. Bir də model qanunlar var. Hər kəs tərəfindən bu model qanunlara təkliflərin və iradların verilməsi ilə irəli getmək düşüncəsindəyik. O baxımdan bu sahədə Türk Parlament Assambleyası çox ciddi fəaliyyət göstərir. Məsləhətləşmələr də il ərzində kifayət qədər intensiv şəkildə aparılır. Komitələrin ayrı-ayrı toplantılarında bu qanunlar hazırlanaraq ümumi müzakirələrə təqdim edilir. Burada da ciddi müzakirələrdən sonra qəbul olunur. Azərbaycanın da maraqlarına lokal deyil, türk dünyasının ümumi maraqları kontekstində töhfə verməyə çalışdıq. Bir sıra qanunların hazırlanması birgə həyata keçirilir. Xüsusilə də iqtisadi xarakterli qanunların hazırlanmasında Azərbaycanın təqdim etdiyi layihələr ciddi önəm daşıyır.”

Müstəqil Dövlətlər Birliyinin dövlətlərin Parlamentlərarası Assambleyasının üzvü Azər Badamov:

"Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleyasında fəaliyyətim dövründə, son bir ildən çox müddətdə Rusiya Federasiyasına girişimə qadağa tətbiq edildiyindən Assambleyanın sessiyalarında şəxsən iştirak etmək imkanım olmayıb. Buna baxmayaraq, Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin sessiyalarda iştirak edən üzvləri ölkəmizi layiqincə təmsil etmiş, Assambleyanın plenar iclaslarında və daimi komissiyalarının işində fəal iştirak edib, Azərbaycanın milli maraqlarını ardıcıl və prinsipial şəkildə müdafiə ediblər.

Sessiyalar çərçivəsində parlamentlərarası əməkdaşlığın inkişafı, model qanunvericiliyin təkmilləşdirilməsi, regional təhlükəsizlik, iqtisadi, humanitar və sosial sahələrdə əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələlər müzakirə edilib. Nümayəndə heyətimiz bu müzakirələr zamanı Azərbaycanın mövqeyini beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq diqqətə çatdırıb, ölkəmizin suverenliyi, ərazi bütövlüyü və milli maraqları ilə bağlı məsələlərdə prinsipial çıxışlar ediblər. Bununla yanaşı, sessiyalar çərçivəsində digər üzv dövlətlərin parlament nümayəndə heyətləri ilə keçirilən ikitərəfli görüşlər parlamentlərarası əlaqələrin inkişafına, qarşılıqlı əməkdaşlığın möhkəmləndirilməsinə və Azərbaycanın beynəlxalq parlament platformalarında mövqeyinin daha da gücləndirilməsinə töhfə verib. Beləliklə, sessiyalarda şəxsən iştirak edə bilməsəm də, Azərbaycan nümayəndə heyətinin fəaliyyəti nəticəsində ölkəmizin maraqları MDB Parlamentlərarası Assambleyasında etibarlı və ardıcıl şəkildə təmsil olunmuş, parlament diplomatiyasının inkişafı istiqamətində mühüm nəticələr əldə edilib. Azərbaycan MDB məkanında daha çox təşəbbüskar, beynəlxalq hüquqa söykənən və regional əməkdaşlığı təşviq edən mövqeyi ilə seçilir. Bu mövqe parlament diplomatiyasında uğurlu formada özünü göstərir".

A.Badamov qeyd edib ki, Milli Məclisin sədri Sahibə Qafarova MDB Parlamentlərarası Assambleyasının (MDB PA) plenar və Şura iclaslarındakı çıxışlarında Azərbaycan MDB məkanında özünü yalnız iştirakçı dövlət kimi deyil, həm də konstruktiv təşəbbüslər irəli sürən, çoxtərəfli əməkdaşlığı gücləndirməyə çalışan məsul tərəfdaş kimi təqdim edir:

"Qeyd edim ki, Azərbaycan nümayəndə heyətinin fəaliyyəti təkcə siyasi bəyanatlarla məhdudlaşmır. Milli Məclis MDB PA çərçivəsində seçki müşahidə missiyalarında fəal iştirak edir, üzv dövlətlərdə keçirilən seçki və referendumların monitorinqinə də töhfə verir. Bu, Azərbaycanın təşkilat daxilində etibarlı və fəal tərəfdaş kimi çıxış etdiyini nümayiş etdirən mühüm istiqamətlərdən biridir".

MDB Üzv Dövlətlərinin Gənclər Parlamentlərarası Assambleyasının üzvü Könül Nurullayev MDB Üzv Dövlətlərinin Gənclər Parlamentlərarası Assambleyasının sessiyalarınln konstruktiv və işgüzar atmosferdə keçidiyini söyləyib:

“MDB PA platformasında da Azərbaycanın ərazi bütövlüyü və suverenliyi dəstəklənir. MDB PA-da Azərbaycanın mövqeyi ardıcıl şəkildə beynəlxalq hüquqi arqumentlərlə əsaslandırılıb. MDB Üzv Dövlətlərinin Gənclər Parlamentlərarası Assambleyasının sessiyaları da konstruktiv və işgüzar atmosferdə keçir. Əsas diqqət gənclər arasında parlamentlərarası əməkdaşlığın genişləndirilməsinə, ən yaxşı qanunvericilik təcrübələrinin mübadiləsinə, gənclər siyasəti, rəqəmsallaşdırma, innovasiya, təhsil, ətraf mühitin qorunması gündəliyinin inkişafına və üzv dövlətlər arasında humanitar əlaqələrin gücləndirilməsinə yönəlir. Gənclərin qanunvericilik prosesində rolunun artırılması, gənclər parlamentarizminin inkişafı və birgə layihələrin həyata keçirilməsinə yönəlmiş təşəbbüslər müzakirə olunur. Burada gənclərin ictimai və siyasi həyatda daha fəal iştirakı və MDB ölkələrinin gənclər parlament strukturları arasında qarşılıqlı əlaqələrin yaxşılaşdırılması mexanizmləri gündəmə gəlir. Gənclər Parlamentlərarası Assambleyasının sədri kimi hesab edirəm ki, nümayəndə heyətləri arasında konstruktiv dialoqun gücləndirilməsi, əsas gündəlik məsələlərə uyğunlaşdırılmış yanaşmaların hazırlanması və qərarların praktik effektivliyinin artırılması vacibdir. Cari ilin mayında keçirilən sessiyada isə əsas diqqət süni intellektə yönəldildi.Sankt-Peterburqda keçirilən beynəlxalq forum çərçivəsində Azərbaycanın süni intellekt (Sİ), rəqəmsal transformasiya və müasir dövlət gənclər siyasəti sahəsində həyata keçirdiyi islahatlar da təqdim olundu. Çıxış zamanı mən də qeyd etdim ki, Azərbaycan süni intellekt texnologiyalarının inkişafı baxımından MDB məkanında ən sürətlə irəliləyən ölkələrdən biridir. Bu istiqamət dövlət siyasətinin prioritetlərindən hesab olunur və həm dövlət, həm də özəl sektor tərəfindən ardıcıl şəkildə dəstəklənir.Beynəlxalq qiymətləndirmələr də bunu təsdiqləyir. Belə ki, Government AI Readiness Index 2025 hesabatında Azərbaycan süni intellektə hazırlıq səviyyəsinə görə ən sürətlə inkişaf edən ölkələr sırasındadır. Bu platforma vasitəsilə bir daha bəyan olundu ki, ölkədə rəqəmsal infrastrukturun inkişafı da diqqət mərkəzində saxlanılır. Süni intellektin təhlükəsiz və səmərəli tətbiqini təmin etmək, eləcə də vətəndaşların rəqəmsal bilik və bacarıqlarını artırmaq məqsədilə qanunvericilik və normativ-hüquqi baza mütəmadi olaraq təkmilləşdirilir. Rəqəmsal inkişaf istiqamətində mühüm addımlardan biri Prezident İlham Əliyevin 27 fevral 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2026–2028-ci illər üçün ölkənin rəqəmsal inkişafının sürətləndirilməsi üzrə Fəaliyyət Planı” olub. Sənəd iqtisadiyyatda müasir texnologiyaların tətbiqinin genişləndirilməsini, yerli istehsalın inkişafını və rəqəmsal dövlət idarəçiliyinin keyfiyyətinin yüksəldilməsini hədəfləyir. Ölkədə rəqəmsal transformasiyanın koordinasiyası məqsədilə Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə Rəqəmsal İnkişaf Şurası yaradılıb. Şuranın əsas vəzifələri qabaqcıl informasiya texnologiyalarının tətbiqinin genişləndirilməsi, süni intellekt üzrə milli standartların hazırlanması və rəqəmsal dövlət xidmətləri üçün vahid standartların formalaşdırılmasıdır. Bu platformada həmçinin Qarabağ iqtisadi rayonunun bərpası prosesinə də xüsusi diqqət yetirildi. Qeyd olundu ki, 2021-ci ildən həyata keçirilən yenidənqurma işləri “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyalarına əsaslanır. Bu çərçivədə peyk rabitəsi və internet texnologiyalarından, bərpa olunan enerji mənbələrindən, müasir aqrar həllərdən və dayanıqlı şəhərsalma prinsiplərindən geniş istifadə olunur".

K.Nurullayev qeyd edib ki, Azərbaycan nümayəndə heyəti müzakirələrdə fəal iştirak edərək ölkəmizin dövlət gənclər siyasəti, rəqəmsal transformasiya, könüllülərin inkişafı, innovasiyaya dəstək və gənclərin dövlət idarəçiliyində iştirakı sahələrindəki təcrübəsini təqdim edir:

"Süni intellekt sahəsində insan kapitalının inkişafı dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Azərbaycan gənclərinin süni intellekt və rəqəmsal bacarıqlar sahəsində inkişafı üçün müxtəlif təqaüd proqramları həyata keçirilir. Süni intellekt ixtisasları xaricdə təhsil üzrə dövlət proqramının prioritet istiqamətləri sırasına daxil edilib. Bundan əlavə, xaricdə təhsil üzrə Dövlət Proqramına seçim prosesində süni intellekt alətlərinin tətbiqi planlaşdırılır ki, bu da müsabiqələrin daha şəffaf və obyektiv keçirilməsinə imkan verəcək. Ümumiyyətlə, Azərbaycan nümayəndə heyəti müzakirələrdə fəal iştirak edərək ölkəmizin dövlət gənclər siyasəti, rəqəmsal transformasiya, könüllülərin inkişafı, innovasiyaya dəstək və gənclərin dövlət idarəçiliyində iştirakı sahələrindəki təcrübəsini təqdim edir. Bu təşəbbüslər sessiya iştirakçıları tərəfindən maraqla qarşılanır. Bundan əlavə, görüş zamanı MDB üzv dövlətlərinin gənc parlamentariləri arasında parlamentlərarası diplomatiyanın inkişaf etdirilməsinin, qarşılıqlı etimadın gücləndirilməsinin və humanitar əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanır. Sessiyanın nəticələri gənclərin parlamentlərarası əməkdaşlığının daha da inkişafına, yeni birgə layihələrin həyata keçirilməsinə və Birlik dövlətləri arasında tərəfdaşlığın möhkəmləndirilməsinə töhfə verir”.

Milli Məclisin Azərbaycan Respublikası Milli Məclisi və Rusiya Federasiyası Federal Məclisi Dövlət Duması arasında parlamentlərarası əməkdaşlıq komissiyasının üzvü Elnarə Akimova isə yaz sessiyasında əsas məqsədlərdən danışıb:

“Milli Məclisin Azərbaycan Respublikası Milli Məclisi və Rusiya Federasiyası Federal Məclisi Dövlət Duması arasında parlamentlərarası əməkdaşlıq komissiyasının üzvü kimi yaz sessiyası ərzində fəaliyyətimizin əsas məqsədi Azərbaycanın milli maraqlarının qətiyyətlə müdafiəsi, parlament diplomatiyasının imkanlarından səmərəli istifadə edilməsi və ikitərəfli münasibətlərdə ölkəmizin prinsipial mövqeyinin beynəlxalq müstəvidə ardıcıl şəkildə ifadəsi olub.

Sessiya dövründə parlamentlərarası komissiyanın növbəti iclasına hazırlıq çərçivəsində siyasi, iqtisadi, humanitar və regional təhlükəsizlik məsələləri üzrə geniş müzakirələr aparıldı. Gündəlikdə parlamentlər arasında qanunvericilik sahəsində əməkdaşlığın inkişafı, iqtisadi əlaqələrin genişləndirilməsi, nəqliyyat-logistika layihələri, humanitar əməkdaşlıq və regionda təhlükəsizlik məsələləri xüsusi yer tuturdu. Bakı şəhərində keçirilən komissiyanın 22-ci iclası parlamentlərarası dialoqun inkişafı baxımından mühüm platformaya çevrildi.

Fəaliyyətimiz boyunca Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və regional lider kimi artan nüfuzu bütün çıxışlarımızın əsas xəttini təşkil edib. Xüsusilə postmünaqişə dövründə Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa-quruculuq işləri, məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı, regionda davamlı sülhün təmin olunması istiqamətində Azərbaycanın irəli sürdüyü təşəbbüslər beynəlxalq tərəfdaşların diqqətinə çatdırılıb. Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyinin qəbul olunması və düzgün təqdim edilməsi parlament diplomatiyasının mühüm nailiyyətlərindən biri olub.

Eyni zamanda, sessiya ərzində Azərbaycan nümayəndə heyəti milli maraqlara zidd olan istənilən hadisəyə prinsipial münasibət nümayiş etdirdi. Rusiya Federasiyasının Yekaterinburq şəhərində azərbaycanlılara qarşı törədilmiş zorakılıq və etnik zəmində baş vermiş hadisələr fonunda parlament nümayəndə heyətinin Moskvada keçirilməsi planlaşdırılan komissiyanın iclasında iştirakdan imtina etməsi dövlətimizin və Milli Məclisin qəti mövqeyini bir daha nümayiş etdirdi. Bu qərar göstərdi ki, Azərbaycan üçün vətəndaşlarımızın təhlükəsizliyi və milli ləyaqəti bütün digər məsələlərdən üstündür və parlament diplomatiyası da məhz bu prinsip üzərində qurulur.

Sessiya müddətində keçirilən görüşlər və müzakirələr Azərbaycanın beynəlxalq nüfuzunun daha da möhkəmlənməsinə, parlamentlərarası dialoqun inkişafına və ölkəmizin maraqlarının ardıcıl şəkildə müdafiəsinə xidmət etdi. Fəaliyyətimiz bir daha sübut etdi ki, parlament diplomatiyası yalnız qarşılıqlı əməkdaşlıq vasitəsi deyil, həm də dövlətimizin milli maraqlarının qorunması, haqq səsinin beynəlxalq platformalarda inamla çatdırılması üçün güclü siyasi alətdir.

Azərbaycan bundan sonra da parlamentlərarası əməkdaşlıq platformalarında bərabərhüquqlu tərəfdaşlıq, qarşılıqlı hörmət və beynəlxalq hüququn norma və prinsipləri əsasında fəaliyyətini davam etdirəcək, dövlətimizin milli maraqlarını qətiyyətlə müdafiə edəcək”.

NATO Parlament Assemblyasının,Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının və Parlamentlərarası İttifaqın üzvü Kamran Bayramov bu təşkilatlarda Azərbaycan nümayəndə heyətinin gördüyü işlər barədə bunları deyib:

“Ümumiyyətlə, Milli Məclis xarici əlaqələrin genişləndirilməsinə, eyni zamanda xarici dövlətlərin parlamentləri və millət vəkilləri ilə əməkdaşlığa çox önəm verir. Təsadüfi deyil ki, Milli Məclis bir çox parlament təşkilatlarında təmsil olunur, eyni zamanda bir çox beynəlxalq və regional parlament qurumlarının fəaliyyətində iştirak edir. Təsadüfi deyil ki, Milli Məclisin bir çox nümayəndə heyətləri həmin təşkilatlarda böyük fəallıq göstərirlər. Onlar Azərbaycanın milli maraqlarını müdafiə edir və qoruyurlar. Regionda baş verən hadisələrin düzgün çatdırılması istiqamətində çox böyük işlər görürlər. Mən Milli Məclisin NATO Parlament Assambleyasında, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasında və Parlamentlərarası İttifaqda nümayəndə heyətinin üzvü kimi tam əminliklə deyə bilərəm ki, bu sahədə həmkarlarımız, deputatlarımız çox böyük fəallıq göstərirlər. Eyni zamanda həmin qurumların təşkil etdiyi illik konfranslarda və assambleyalarda çoxsaylı çıxışlar edir, əsas mövzular ətrafında öz töhfələrini verirlər. NATO Parlament Assambleyasının sonuncu dəfə Litvanın Vilnüs şəhərində keçirilmiş sessiyasında Azərbaycan nümayəndə heyəti müzakirələrdə kifayət qədər fəal iştirak edib. Həmin tədbirdə müzakirə olunan mövzular sırasında üzv dövlətlərdə regional təhlükəsizlik məsələləri, müdafiə və təhlükəsizlik xərclərinin artırılması, Rusiya–Ukrayna müharibəsi ilə bağlı müzakirələr yer alıb və Azərbaycan nümayəndə heyəti bu müzakirələrdə fəal iştirak edib.

Bununla yanaşı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının Gürcüstanda keçirilmiş illik konfransında region ölkələri arasında əməkdaşlığın gücləndirilməsi, rəqəmsal inkişaf və süni intellektin tətbiqi ilə bağlı geniş müzakirələr aparılıb.

Azərbaycan nümayəndə heyəti də müzakirələrdə iştirak edib və ölkəmizdə rəqəmsal inkişafın perspektivləri, bu sahədə həyata keçirilən tədbirlər, xüsusilə də ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının fəaliyyətinin təşkili barədə tədbir iştirakçılarına ətraflı məlumat verilib.

Parlamentlərarası İttifaqda da Azərbaycan nümayəndə heyətinin çox böyük nüfuzu var. Milli Məclisin sədri hörmətli Sahibə xanım Qafarova nümayəndə heyətinə rəhbərlik edir. O, Parlamentlərarası İttifaqın bütün illik tədbirlərində və sessiyalarında iştirak edir, mütləq qaydada çıxış edir.

Xüsusən də regionumuzda baş verən hadisələr, sülh gündəliyi, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması ilə bağlı məlumatlar verir və Azərbaycanın mövqeyini beynəlxalq auditoriyaya çatdırır. Bu prosesin gedişatı barədə ətraflı məlumat təqdim edir.

Eyni zamanda, Sahibə xanımın sədrliyi ilə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin tədbirləri keçirilir. Bu da Azərbaycanla digər dövlətlər arasında münasibətlərə müsbət təsir göstərir. Həmçinin digər dövlətlərin ali qanunverici orqanları ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə və şaxələndirilməsinə kifayət qədər böyük töhfələr verir”.

Asiya Parlament Assemblyasında (APA) Azərbaycan nümayəndə heyətinin rəhbəri Rizvan Nəbiyev söyləyib ki, ABŞ-İran müharibəsinin nəticələri mərkəzi ofisi Teheranda olan Assemblyanın iş qrafikinə də təsir göstərib:

“Milli Məclis iki ildən sonra Asiya Parlament Assambleyasındakı sədrliyini Bəhreyn Krallığına ötürdü. Bu, 2026-cı ilin yanvarında Manamada keçirilən 16-cı sessiyada baş verdi. Qeyd edim ki, Bəhreyn Krallığına sədrliyin keçməsinin də təsbit olunduğu  Manama Bəyannaməsi qəbul edildi. Orada xüsusilə ölkəmizlə bağlı bir neçə məqam öz əksini tapdı. Bunlardan biri iki illik sədrliyin dövründə Milli Məclisin, onun rəhbəri Sahibə xanım Qafarovanın apardığı fəaliyyətə yüksək qiymət verilməsi idi. Digər çox mühüm bir məsələ isə Ermənistanla paraflanmış sülh sazişinin iştirakçı dövlətlər tərəfindən alqışlanması idi. Başqa bir məsələ Azərbaycanda tolerantlığa, müxtəlif dinlərin dinc yanaşı yaşamasına, eyni zamanda dövlətimizin  islamofobiya ilə mübarizə istiqamətində müxtəlif beynəlxalq platformalarda apardığı prinsipial fəaliyyətə verilən yüksək qiymət idi. Ümumilkdə, Manama Bəyannaməsinin dörd bəndi Azərbaycanla bağlı məsələlərə həsr olunmuşdu. Asiya Parlament Assambleyasının dörd komitəsi var və nəzərdə tutulurdu ki, yay fasiləsinə qədər iki komitənin iclası keçirilsin.

                   

Növbəti iki iclas isə yaydan sonra təşkil olunsun. Hazırda siyasi Komitəyə İran, İqtisadi Komitəyə İordaniya, Mədəniyyət Komitəsinə Tacikistan, Büdcə məsələləri üzrə Komitəyə isə Qətər sədrlik edir. Çox təəssüf ki, Yaxın Şərqdəki müharibənin başlanmasından sonra tədbirlərin qrafiki ciddi şəkildə dəyişdi. Asiya Parlament Assambleyasının katibliyi də Tehran şəhərində yerləşir, komitələrdən birinə də İran sədrlik edir. Bu baxımdan, yay fasiləsinə qədər heç bir iclasın keçirilməsi mümkün olmadı. Hazırda katiblik tərəfindən payızdan etibarən bu komitələrin iclaslarının keçirilməsi qərara alınıb. Azərbaycanın APA-da iştirakı parlament diplomatiyasının önəmli fəaliyyət istiqamətlərindən biridir. Bu, parlament diplomatiyasının uğurlu inkişafına və həyata keçirilməsinə yaxşı nümunədir. Çünki dünya əhalisinin 60 faizdən çoxu Asiya qitəsində yaşayır. Bu parlament assambleyasında 44 üzv dövlət təmsil olunur. Bundan əlavə, müşahidəçi dövlətlər və çoxsaylı beynəlxalq təşkilatlar da burada müşahidəçi statusuna malikdir. Azərbaycanın bu platformada iştirakı həm də ölkəmizin və Milli Məclisin beynəlxalq səviyyədə təmsilçiliyi baxımından böyük əhəmiyyət daşıyır”.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan Bakıya HƏDƏ-QORXU - Biz deyənlər olacaq!