Dünən, 5 iyul Diasporla İş üzrə Dövlət Komitəsinin yarandığı gün idi. Hansısa dövlət qurumunun yaranma tarixini təqvimdə bir qeyd kimi qəbul edirik. Elə qurumlar da var ki, onların fəaliyyəti inzibati məsələ ilə çərçivələnmir, bu, eyni zamanda dövlətçilik məsələsidir. Diasporla İş üzrə Dövlət Komitəsi də məhz belə qurumlardandır.
Çünki söhbət dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla azərbaycanlı ilə əlaqələrin qorunmasından, onların Azərbaycanla bağlarının möhkəmləndirilməsindən gedir. Yəqin hər kəs qəbul edər ki, bu iş çox müqəddəs və strateji bir missiyadır.
Əslində, ölkəni xaricdə təkcə diplomatlar təmsil etməməlidir. Harada yaşamasından, harada işləməsindən, harada təhsil almasından asılı olmayaraq, Azərbaycanın sərhədlərindən kənarda yaşayan hər bir azərbaycanlı öz ölkəsinin səfiri olmalıdır. Çünki xaricdə hər bir azərbaycanlının davranışı, biliyi, uğuru Azərbaycan haqqında fikir formalaşdırır.
Bu düşüncənin təməli Ulu öndər Heydər Əliyev tərəfindən qoyuldu. O, hələ müstəqilliyin ilk illərində bəyan edirdi ki, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların bir ideya ətrafında birləşməsi Azərbaycanın milli maraqlarının qorunması üçün həyati əhəmiyyət daşıyır. Məhz onun təşəbbüsü ilə dünya azərbaycanlılarının təşkilatlanması istiqamətində mühüm addımlar atıldı, soydaşlarımızın vahid məqsəd ətrafında birləşməsi dövlət siyasətinin prioritetlərindən birinə çevrildi. Azərbaycançılıq ideyası da Ulu öndərin bizlərə buraxdığı ən müqəddəs miraslardandır.
Bu siyasət bu gün Prezident İlham Əliyev tərəfindən daha da gücləndirilərək davam etdirilir. Azərbaycan harada yaşamasından asılı olmayaraq öz vətəndaşına sahib çıxan dövlət kimi tanınır. Dövlət bunun üçün həm siyasi iradə ortaya qoyur, həm də konkret mexanizmlər formalaşdırır.
Bir zamanlar xarici ölkələrdə yaşayan soydaşlarımız qarşılaşdıqları problemlərlə bağlı üz tutacaqları ünvan tapa bilmirdilər. Çox vaxt öz dərdləri ilə baş-başa qalırdılar. Dövlətlə əlaqə zəif idi, təşkilatlanma istənilən səviyyədə deyildi.
Bu gün isə tam fərqli mənzərə var.

Azərbaycan dövləti dünyanın harasında olursa-olsun öz insanını diqqətdə saxlayır. Hər hansı problem yarananda həm diplomatik nümayəndəliklərimiz, həm də Diasporla İş üzrə Dövlət Komitəsi koordinasiyalı şəkildə fəaliyyət göstərir. Diplomatiyamızla diaspor siyasətimiz artıq bir-birini tamamlayan vahid mexanizmə çevrilib.
Xüsusilə son dövürlər bu istiqamətdə çox ciddi irəliləyişlər müşahidə olunur. Xaricdə yaşayan soydaşlarımızın təşkilatlanması, Azərbaycan evlərinin yaradılması, müxtəlif ölkələrdə diaspor təşkilatlarının fəaliyyətinin gücləndirilməsi, gənclərin prosesə cəlb olunması istiqamətində görülən işlər göz qabağındadır. Bu gün dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı bilir ki, arxasında Azərbaycan dövləti dayanır.
44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər isə bu münasibətlərə tamamilə yeni məzmun verdi. Əgər əvvəllər bəzi soydaşlarımız kimliyini ehtiyatla ifadə edirdisə, bu gün dünyanın istənilən ölkəsində azərbaycanlı olmaq qürur mənbəyinə çevrilib. Xaricdə yaşayan soydaşlarımız başını dik tutur, qalib dövlətin vətəndaşı olmağın qürurunu yaşayır. Çünki onların arxasında sözünü deyən, haqqını qoruyan, vətəndaşına sahib çıxan güclü Azərbaycan dövləti var.
Dövlətin gücü iqtisadi göstəricilərlə və ya hərbi qüdrətlə ölçülmür. Həm də dünyanın harasında yaşamasından asılı olmayaraq öz vətəndaşına sahib çıxması ilə ölçülür. Azərbaycan da bu baxımdan nümunə göstərilən ölkələrdən birinə çevrilir.
Diaspor siyasəti əslində gələcəyə hesablanmış dövlət strategiyasıdır. Güclü diaspora güclü dövlət deməkdir. Dünyanın müxtəlif ölkələrində uğur qazanan, söz sahibi olan, Azərbaycanın maraqlarını müdafiə edən hər bir soydaşımız dövlətimizin gücünə güc qatır.
Ən önəmlisi isə budur ki, bu gün xaricdə yaşayan azərbaycanlı özünü tək hiss etmir. O bilir ki, harada yaşamasından asılı olmayaraq, arxasında Azərbaycan dövləti dayanır. Dövlət-vətəndaş münasibətlərinin ən böyük göstəricisi də elə budur.
Elnur ƏMİROV