ATƏT Parlament Assambleyasının (ATƏT PA) Haaqada keçirilən 33-cü illik sessiyası Azərbaycanın beynəlxalq parlament diplomatiyasında yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirib.
Modern.az xəbər verir ki, bu barədə Dünya Məktəbinin Hüquq Cəmiyyətinin prezidenti, qlobal siyasət üzrə tədqiqatçı Atilla Gülüzadənin məqaləsində qeyd olunub.
Müəllif bildirib ki, iyulun 4-8-də Niderlandın Haaqa şəhərində keçirilən sessiyada Azərbaycan nümayəndə heyətinin müşayiətedici üzvü kimi iştirak edib. O, sessiya çərçivəsində Azərbaycan, Ermənistan, Almaniya, Fransa, Türkiyə və ABŞ nümayəndə heyətlərinin rəhbərləri, ABŞ-nin ATƏT-dəki səfiri, ATƏT PA-nın prezidenti və baş katibi ilə görüşlər və müsahibələr aparıb.
Məqalədə vurğulanır ki, sessiyanın Azərbaycan üçün ən mühüm nəticələrindən biri Ermənistan-Azərbaycan münasibətlərinin və normallaşma prosesinin ilk dəfə olaraq Assambleyanın qəbul etdiyi heç bir qətnamədə yer almaması olub.
Müəllifin fikrincə, bu, təsadüfi hal deyil və ATƏT PA-nın regionda formalaşmış yeni reallıqları qəbul etməsinin göstəricisidir:
"ATƏT Parlament Assambleyası Prezident İlham Əliyevin rəhbərliyi ilə formalaşmış yeni regional reallıqları, Azərbaycanın qələbəsini və bölgədə yaranmış yeni güc balansını daha çox nəzərə almağa başlayıb."
Məqalədə qeyd edilir ki, sessiya zamanı bir çox parlamentari arasında Azərbaycan və Ermənistan arasında dayanıqlı sülhün yalnız iki suveren dövlət arasında birbaşa danışıqlar yolu ilə mümkün olduğu barədə fikir üstünlük təşkil edib. Xaricdən diktə edilən siyasi modellərin və birtərəfli təşəbbüslərin uzunmüddətli nəticə verməyəcəyi qənaəti əvvəlki illərlə müqayisədə daha geniş dəstək qazanıb.
Atilla Gülüzadə sessiya çərçivəsində həyata keçirdiyi "ATƏT Parlament Assambleyası üzvləri TRIPP təşəbbüsünə necə baxır: Cənubi Qafqaz üçün sülh mexanizmi, yoxsa geosiyasi rəqabət aləti?" adlı araşdırmanın nəticələrinə də toxunub.
Araşdırmaya əsasən, həmsöhbətlərin əksəriyyəti TRIPP təşəbbüsünü və Azərbaycanın irəli sürdüyü Zəngəzur dəhlizi layihəsini təkcə Azərbaycan və Ermənistan üçün deyil, bütövlükdə Cənubi Qafqaz, Asiya, Avropa və ABŞ arasında ticarət, nəqliyyat əlaqələri və iqtisadi inteqrasiyanı gücləndirə biləcək strateji layihələr kimi qiymətləndirib.
Məqalədə vurğulanır ki, həm Azərbaycanın, həm də Ermənistanın sülh prosesinin irəliləməsi istiqamətində atdığı addımlar beynəlxalq parlamentarilər tərəfindən müsbət qarşılanıb.
Müəllif hesab edir ki, əldə olunan nəticələr Azərbaycanın beynəlxalq parlament diplomatiyasında yeni mərhələyə daxil olduğunu göstərir:
"Azərbaycan getdikcə daha çox sabitliyə, əməkdaşlığa və regional inteqrasiyaya töhfə verən məsuliyyətli regional aktor kimi qəbul olunur. Prezident İlham Əliyevin rəhbərliyi ilə formalaşdırılmış siyasi və təhlükəsizlik arxitekturası beynəlxalq səviyyədə daha geniş tanınmağa başlayıb."
Atilla Quluzadə, Dünya Hüquq Məktəbinin prezidenti