Modern.az

Siyasətdən gedənlər: Etibar Məmmədovun eks-silahdaşı Putinin təltif etdiyi alim oldu

Siyasətdən gedənlər: Etibar Məmmədovun eks-silahdaşı Putinin təltif etdiyi alim oldu

Reportaj

Bu gün, 08:30

Bir vaxtlar gündəmin mərkəzində olan, parlament kürsülərində çıxış edən, partiya qərargahlarında mühüm qərarlara imza atan siyasətçlər vardı. Onların adları xəbərlərin başlıqlarına çıxır, açıqlamaları müzakirə olunur, qərarları gündəm yaradırdı. Sonra onlar zaman keçdikcə, siyasətdən izsiz kimi yox oldular: ya könüllü şəkildə, ya da siyasi proseslərin axarında səhnədən çəkildilər. Bəs vaxtilə gündəmin mərkəzində olmuş həmin simalar indi haradadırlar?

Modern.az saytının “Siyasətdən gedənlər” adlı yeni rubrikası oxuculara məhz unudulan və ya kölgədə qalan siyasi portretləri yenidən xatırladacaq. Rubrika bir vaxtlar aktiv siyasi fəaliyyət göstərmiş şəxslərin qısa dosyesini təqdim edir, onların hansı partiyalarda təmsil olunduqları, siyasəti tərk etmələrinin səbəbləri və hazırda harada fəaliyyət göstərdiklərini araşdırır.

Onun adı həm geologiya elmi ilə məşğul olan akademik çevrələrdə, həm Azərbaycanın keçid dövrü siyasi həyatında müəyyən iz qoymuş simalar arasında, həm də iş adamı kimi çəkilirdi. Söhbət vaxtilə siyasi partiya sədri olmuş Vaqif Kərimovdan gedir. Kərimovun keçdiyi siyasi yol enişli-yoxuşlu, dönüşlü olub və zaman-zaman kəskin dəyişikliklərlə yadda qalıb.

Yeri gəlmişkən, bu günlərdə Vaqif Kərimovun 77 yaşı tamam olub.


Vaqif Yunus oğlu Kərimov 5 iyul 1949-cu ildə Bakı şəhərində anadan olub. 1971-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunin (indiki Neft və Sənaye Universiteti) Geoloji kəşfiyyat fakültəsini dağ mühəndisi-geoloq ixtisası üzrə bitirib.
Vaqif Kərimov əmək fəaliyyətinə mühəndis kimi başlayıb və neft-qaz geologiyası üzrə ixtisaslaşmış alim kimi tanınıb. 1975-ci ildə namizədlik, 1983-cü ildə doktorluq dissertasiyası müdafiə edib.

1971-ci ildə Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı, 1976-cı ildə “Qırmızı Əmək Bayrağı” ordeni, 1977-ci ildə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif olunub.

1986-1994-cü illərdə Azərbaycan Neft və Kimya İnstitutunda dosent, professor, Neft və qaz yataqlarının geologiyası və kəşfiyyatı kafedrasının müdiri, həmçinin Geoloji kəşfiyyat fakültəsinin dekanı vəzifələrində çalışıb.

1989-1992-ci illərdə "İnkişaf" Respublikalararası İqtisadi Birliyinin direktorlar şurasının sədri işləyib.

1990-cı illərin siyasi transformasiya dövründə Vaqif Kərimov ictimai-siyasi proseslərə qoşularaq Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) üzvü kimi siyasi arenada görünməyə başlayıb.

Vaqif Kərimov siyasətə Azərbaycanda qeydiyyatdan keçən ilk siyasi təşkilatın rəhbərliyində təmsil olunmaqla gəlib. Keçmiş AMİP-çilərin sözlərinə görə, o vaxtlar qeyri-rəsmi iş adamı kimi də tanınan Vaqif Kərimov partiyaya maliyyə dəstəyi də göstərirmiş.


O dövr Kərimovun ictimai-siyasi fəaliyyətə daha aktiv qoşulduğu ilk mərhələ kimi yadda qalıb.

AXC hakimiyyəti zamanı ana müxalifət olan AMİP-in 1993-cü ilin iyun hadisələrindən sonra hakimiyyətdə təmsil olunmaq şansı vardı. O vaxt Naxçıvandan Bakıya dəvət olunan mərhum  Heydər Əliyev AMİP sədri Etibar Məmmədova yeni qurulacaq hakimiyyətdə təmsil olunmaq üçün vəzifə təklif etdiyini, lakin ikincinin bunun üçün müəyyən şərtlər irəli sürdüyünü bildirirdi. Milli istiqlalçıların Heydər Əliyevin komandasında təmsil olunmaq məsələsi o vaxt partiya daxilində də ciddi müzakirəyə səbəb olmuşdu. Bu məsələ ilə bağlı partiyanın o vaxtkı tanınmış simaları arasında fikir ayrılığı yaranıb. Bir qrup AMİP-in hakimiyyətdə təmsil olunmasının lehinə, digər qrup isə qəti əleyhinə çıxıb. Əleyhdarlar Nazim İmanov, Fuad Ağayev, İsa Məmmədov, Bəxtiyar Nəcəfov olublar.

Digər AMİP-çilər Vaqif Kərimov, Babək Hüseynoğlu, Qabil Hüseynli, Mübariz Qurbanlı, Gündüz Cəlilov, Vilayət Quliyev, Eldar Salayev, Elçin Əfəndiyev və başqaları hakimiyyətdə təmsil olunmağı məqbul hesab ediblər.

1993-cü ilin sentyabr ayında Vaqif Kərimov, Mübariz Qurbanlı, Qabil Hüseynli, Vilayət Quliyev, Eldar Salayev, Gündüz Cəlilov, Elçin Əfəndiyev və Etibar Babayevdən ibarət qrup AMİP-dən istefa verərək, Azərbaycan Demokratik İstiqlal Partiyasını (ADİP) yaradıblar.
ADİP-in təsis olunması üçün yaradılan təşkilat komitəsində Vaqif Kərimov, Mübariz Qurbanlı, Qabil Hüseynli, Gündüz Cəlilov, Vilayət Quliyev təmsil olunublar.
Yeni yaranan partiyanın sədri əvvəlcə Qabil Hüseynli olub. ADİP dövlət qeydiyyatından da keçib. 1993-cü ildə Heydər Əliyev tərəfindən dövlət müşaviri vəzifəsinə irəli çəkilən Qabil Hüseynli bir müddət sonra ADİP sədrliyindən istefa verib.

Daha sonra Vaqif Kərimov istisna olmaqla, adları çəkilən keçmiş AMİP-çilər ADİP-i də parçalayaraq YAP-a birləşiblər.


ADİP 1994-cü ildən Vaqif Kərimovun sədrliyi ilə fəaliyyətini davam etdirib.

Kərimovun siyasi karyerasında ən diqqətçəkən məqam onun ADİP-də sədr vəzifəsinə qədər yüksəlməsi olub. Bu, onun artıq sıravi iştirakçı deyil, siyasi təşkilatın aparıcı fiqurlarından biri olduğunu göstərirdi.

ADİP xeyli sonralar - 2003-cü il prezident seçkilərində Müsavat Partiyasının başqanı İsa Qəmbərin namizədliyini dəstəkləmək üçün yaradılan “Bizim Azərbaycan Blokunda” təmsil olunub.

2010-cu ildə keçirilən parlament seçkiləri Vaqif Kərimov üçün siyasi fəaliyyətin son böyük mərhələsi oldu. O, deputatlığa namizəd olsa da, Milli Məclisə düşə bilmədi.

V.Kərimov deputat seçilə bilməyəndən sonra ADİP sədrliyindən gedərək, partiyanı müavini Şöhrət İsmayıla təhvil verdi. Ardınca da həmişəlik Rusiyaya köçdü. Bununla da o, siyasətdən getdi.

Bu addım Vaqif Kərimovun həyatında bir dönüş nöqtəsi kimi də qiymətləndirilə bilər - siyasət yerini yenidən elmə verdi.

Rusiyada yaşadığı ötən illərdə V.Kərimov əsasən elmi və pedaqoji fəaliyyətlə məşğul olub. Eyni zamanda onun qeyri-rəsmi biznes fəaliyyəti göstərdiyi barədə də iddialar var.

Rusiya elmi mühitində uzunmüddətli iş təcrübəsi qazanaraq neft-qaz geologiyası üzrə tanınmış mütəxəssislərdən birinə çevrilən V.Kərimov 2010-2018-ci illərdə o, İ.M. Qubkina adına Rusiya Dövlət Neft və Qaz Universitetində Neft və qaz kəşfiyyatı və kəşfiyyatının nəzəri əsasları kafedrasının müdiri vəzifəsini tutub. 2017-ci ildən indiyədək isə Moskvadakı Serqo Orconikidze adına Rusiya Dövlət Geoloji Kəşfiyyat Universitetində elmi-pedaqoji fəaliyyətlə məşğuldur. Burada o, tədqiqat üzrə prorektor və Karbohidrogen yataqlarının geologiyası və kəşfiyyatı kafedrasının müdiri vəzifəsində çalışır.


V.Kərimov Rusiyada tanınmış geoloq alim kimi bir sıra mükafatlara layiq görülüb, müxtəlif orden və medallarla təltif olunub.
2019-cu ildə Rusiya Federasiyasının “Əməkdar geoloqu” fəxri adına layiq görülüb.
23 mart 2026-cı il tarixində Prezident Vladimir Putinin fərmanı ilə ona Rusiya Federasiyasının "Əməkdar elm xadimi" fəxri adı verilib.
V.Kərimov Rusiya Təbiət Elmləri Akademiyasının akademiki, Rusiya Federasiyası Dağ-Mədən Elmləri Akademiyasının həqiqi üzvüdür.

Bununla yanaşı, V.Kərimov həm də Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Neft və Qaz İnstitutunda Baş direktorun elmi məsləhətçisi vəzifəsini də tutur.
Geologiya-mineralogiya elmləri doktoru, professordur. 400-dən çox elmi əsərin, o cümlədən 35 monoqrafiya və dərsliyin müəllifidir.

A.Qorxmaz

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Sankt-Peterburq OD İÇİNDƏ - Ukraynadan dəhşətli hücum - Media Turk TV