108 il əvvəl əsası qoyulan Azərbaycan Ordusu bu gün regionun ən güclü silahlı qüvvələrindən biri hesab olunur. Ordumuzun qazandığı uğurların arxasında yalnız müasir silah və texnika deyil, həm də yüksək hazırlığa malik peşəkar hərbçilər, o cümlədən xüsusi təyinatlılar dayanır. Xüsusilə təyinatlılar həm sülh, həm də müharibə dövründə ən mürəkkəb tapşırıqların icrasını üzərinə götürən elit qüvvələr kimi seçilirlər.
44 günlük Vətən müharibəsində əldə olunan tarixi Zəfərdə də hər zaman xüsusi təyinatlıların rolu özəlliklə vurğulanır.
Döyüş əməliyyatlarının iştirakçısı, Vətən Müharibəsi Qəhrəmanı, ehtiyatda olan xüsusi təyinatlı zabit Zaur Hüseynov Modern.az-a müsahibəsində xüsusi təyinatlıların hazırlıq prosesi, Vətən müharibəsindəki döyüş təcrübəsi, Şuşa əməliyyatı və müasir müharibələrdə texnologiyaların rolu barədə danışıb.
Onunla müsahibəni təqdim edirik:
– Zaur bəy, əvvəla bilmək istərdik, xüsusi təyinatlıların hazırlıq prosesi adi hərbi hazırlıqdan hansı xüsusiyyətlərinə görə fərqlənir?
- Xüsusi təyinatlı hazırlığı sadəcə ağır fiziki məşqlərdən ibarət deyil. Bu, insanın həm bədənini, həm də xarakterini formalaşdıran uzun və mürəkkəb bir məktəbdir. Məqsəd yalnız güclü döyüşçü yetişdirmək deyil, ən ağır şəraitdə soyuqqanlılığını qoruyan, saniyələr içində düzgün qərar qəbul edən və tapşırığı sonadək yerinə yetirən peşəkar hərbçi formalaşdırmaqdır.
Adi hərbi hazırlıq əsgəri döyüşə hazırlayırsa, xüsusi təyinatlı hazırlığı hərbçini qeyri-standart vəziyyətlərdə döyüşün taleyini dəyişə biləcək səviyyəyə çatdırır. Dağlıq ərazilərdə, meşələrdə, yaşayış məntəqələrində, gecə və gündüz - istənilən hava şəraitində fəaliyyət göstərmək, yüksək fiziki dözümlülük, psixoloji sabitlik, liderlik və komanda ruhu bu hazırlığın əsas sütunlarıdır. Xüsusi təyinatlı üçün məşq heç vaxt bitmir. Çünki döyüş meydanı heç vaxt əvvəlcədən xəbərdarlıq etmir.

– Xüsusi təyinatlı olmaq istəyən hərbçilər hansı fiziki və psixoloji sınaqlardan keçirlər? Ən çətin mərhələ hansıdır?
- Bu yol hər kəs üçün deyil. Xüsusi təyinatlı olmaq istəyən hərbçi ilk növbədə özünü məğlub etməyi bacarmalıdır. Seçim mərhələsində namizədlər yüksək fiziki hazırlıq, uzun məsafələrə yürüş, maneələrin dəf edilməsi, dözümlülük, taktiki bacarıqlar və stres altında qərarvermə kimi ciddi sınaqlardan keçirlər. Lakin bütün bunlardan daha çətini psixoloji hazırlıqdır. Döyüşdə elə anlar olur ki, bədən artıq imkanlarının son həddinə çatır. Həmin anda insanı ayaqda saxlayan əzələləri yox, iradəsidir. Mən də xidmətim dövründə dəfələrlə bunun şahidi olmuşam. Xüsusi təyinatlı olmaq üçün ilk növbədə xarakter, vətən sevgisi və qətiyyət lazımdır. Biz Şuşaya doğru irəliləyəndə çox çətin relyeflə qarşılaşmışdıq. Sıldırım qayalar, dərin dərələr, ağır hava şəraiti… Amma heç kim geri dönməyi düşünmürdü. Çünki hər birimizin qarşısında yalnız bir məqsəd vardı – Azərbaycan Bayrağını Şuşada dalğalandırmaq.
– Vətən müharibəsində əldə olunan uğurlarda xüsusi təyinatlıların hazırlıq səviyyəsi və peşəkarlığı nə dərəcədə rol oynadı?
- 44 günlük Vətən müharibəsində qazanılan Zəfər ilk növbədə Azərbaycan dövlətinin gücünün, Ali Baş Komandanın qətiyyətli rəhbərliyinin, ordumuzun peşəkarlığının və xalqımızın sarsılmaz birliyinin nəticəsi idi.
Böyük Zəfərin qazanılmasında xüsusi təyinatlı bölmələrin rolu xüsusilə mühüm idi. Ən mürəkkəb istiqamətlərdə, düşmənin etibarlı hesab etdiyi mövqelərdə məhz xüsusi təyinatlılar ön sırada idi. Mən özüm Füzuli, Cəbrayıl, Xocavənd istiqamətlərində gedən döyüşlərdə iştirak etmişəm. Hər bir əməliyyatda gördüyümüz işin arxasında illərlə davam edən hazırlıq dayanırdı. Döyüş zamanı artıq düşünmürdün ki, hansı hərəkəti necə edəcəksən. Bütün bunlar uzun illərin məşqləri nəticəsində refleksə çevrilmişdi. Şuşa əməliyyatı isə Azərbaycan hərb tarixinin ən şərəfli səhifələrindən biridir. Dünyanın bir çox hərbi mütəxəssisləri bu əməliyyatı xüsusi təyinatlıların yüksək peşəkarlığının nümunəsi kimi qiymətləndirirlər. Sıldırım qayalarla irəliləmək, əlbəyaxa döyüşlər aparmaq, məhdud imkanlarla qarşıya qoyulan vəzifəni yerinə yetirmək yalnız yüksək hazırlığa malik şəxsi heyətin bacara biləcəyi iş idi. Mən fəxr edirəm ki, Şuşaya ilk daxil olan üç xüsusi təyinatlı qrupdan birinə komandanlıq etmişəm. O an Azərbaycan Bayrağını Şuşada görmək hər bir döyüşçünün həyatının ən böyük qürur anı idi. Bu hissi sözlə ifadə etmək mümkün deyil.

– Müasir dövrdə texnologiyaların inkişafı, xüsusilə pilotsuz uçuş aparatlarının tətbiqi xüsusi təyinatlıların fəaliyyətinə və hazırlıq metodlarına necə təsir göstərib?
- Müasir müharibələr artıq yalnız silahla deyil, informasiya, texnologiya və yüksək dəqiqlikli idarəetmə sistemləri ilə aparılır. Pilotsuz uçuş aparatları döyüş meydanında vəziyyətin qiymətləndirilməsi, kəşfiyyatın aparılması və əməliyyatların koordinasiyası baxımından tamamilə yeni imkanlar yaradıb. Bu səbəbdən xüsusi təyinatlıların hazırlığında da texnologiyaların tətbiqi mühüm yer tutur. Lakin bir həqiqət dəyişməz olaraq qalır: texnologiya heç vaxt insanın iradəsini əvəz edə bilməz. Ən müasir texnika belə onu idarə edən peşəkar hərbçi qədər effektiv ola bilər. Qələbəni təmin edən əsas amil yenə də hazırlıqlı insan, düzgün qərar və güclü ruhdur.
– Bu gün Azərbaycan xüsusi təyinatlılarının döyüş hazırlığını və peşəkarlığını beynəlxalq standartlar baxımından necə qiymətləndirirsiniz?
- Bu gün Azərbaycan xüsusi təyinatlıları dünyanın nüfuzlu xüsusi təyinatlı bölmələri ilə müqayisə oluna biləcək hazırlıq səviyyəsinə malikdir. Əldə etdiyimiz real döyüş təcrübəsi bizim ən böyük üstünlüyümüzdür. Çünki heç bir təlim real döyüşün verdiyi təcrübəni əvəz edə bilməz. Azərbaycan Ordusu son illərdə həm texniki təminat, həm şəxsi heyətin hazırlığı, həm də idarəetmə sistemi baxımından böyük inkişaf yolu keçib. Bu inkişafın nəticəsini bütün dünya 2020-ci ildə gördü. Əlbəttə, peşəkarlığın son həddi yoxdur. Hər gün öyrənmək, inkişaf etmək və müasir döyüşün tələblərinə uyğunlaşmaq hər bir xüsusi təyinatlının borcudur.

– Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan gənclərinə və hərbi xidmətə hazırlaşan gənclərə hansı tövsiyələri vermək istərdiniz?
- Əvvəlcə bütün hərbi qulluqçularımızı, qazilərimizi, müharibə veteranlarımızı və xalqımızı 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə ürəkdən təbrik edirəm. Şəhidlərimizin müqəddəs ruhu qarşısında ehtiramla baş əyirəm. Gənclərə demək istəyirəm ki, Vətəni sevmək təkcə sözlə deyil, əməl ilə sübut olunur. Güclü olmaq istəyirsinizsə, əvvəlcə xarakterinizi gücləndirin. İntizamlı olun, sağlam həyat tərzi seçin, biliklərinizi artırın və öz üzərinizdə daim çalışın. Unutmayın ki, hərbi forma yalnız geyim deyil. O forma xalqın etimadını, dövlətin şərəfini və şəhidlərin əmanətini daşıyır. Biz bu torpaqları böyük fədakarlıqlar hesabına azad etdik. İndi həmin Zəfəri qorumaq və gələcək nəsillərə daha güclü Azərbaycan miras qoymaq bugünkü gənclərin ən müqəddəs vəzifəsidir.
Yaşasın Azərbaycan Ordusu! Yaşasın Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə Zəfər qazanan qəhrəman Azərbaycan əsgəri! Yaşasın müstəqil, güclü və qalib Azərbaycan!