İsrail ordusu döyüşlərdə ilk dəfə "Arrow" raketdən müdafiə sistemindən istifadə edib.
Modern.az xəbər verir ki, "The Telegraph" qəzeti İsrailin İranın dəstəklədiyi Yəmən husiləri tərəfindən atılan raketin bu silah sistemi ilə zərərsizləşdirildiyini yazıb.
Məlumata görə, ölkənin cənubundakı Eylat liman şəhərinə atılan ballistik raket atmosferin aşağı qatından yuxarıda vurulub.
"Bu, kosmosda baş verən ilk döyüş qarşılaşması idi", - nəşr qeyd edib.
İsrail Müdafiə Nazirliyi raketin vurulma anını əks etdirən video yayımlayıb. Açıqlamada bildirilir ki, hava qüvvələri sistemləri raketin trayektoriyasını izləyib, onu “ən uyğun əməliyyat vaxtı və yerində” zərərsizləşdirib.
"Arrow" raketdən müdafiə sistemi 1994-cü ildə yaradılmış Amerika-İsrail birgə layihəsidir. O, 3000 km-ə qədər məsafədə və 100 km-ə qədər yüksəklikdə raketləri vurmaq, həmçinin ballistik hədəfləri transatmosferdən zərərsizləşdirmək üçün nəzərdə tutulub.
Qeyd edək ki, Yəməndən İsrailə olan məsafə 1600 km-dir.