ABŞ Prezidenti Donald Trampın yeni mətbuat katibi Keti Zaxarianın Ağ Evdə keçirdiyi ilk brifinq tənqidlərə səbəb olub.
Modern.az xəbər verir ki, O, 14 dəqiqə davam edən görüşdə cəmi üç sualı cavablandırıb, ABŞ-nin Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam edib-etmədiyi barədə suala isə sonradan cavab verəcəyini bildirib.
Brifinqdə Zaxarianın şəxsi həyatı da müzakirə olunub. Jurnalistlərdən biri onun həyat yoldaşının və dörd övladının Kaliforniyada yaşadığını xatırladaraq, yeni vəzifənin ailə həyatına necə təsir edəcəyini soruşub. Zaxaria uşaqları ilə vaxt keçirməyin onun üçün vacib olduğunu deyib və cavabı zamanı səhvən “prezidentim” ifadəsini işlədərək dərhal özünü düzəldib.
Britaniyanın “The Guardian” nəşrində dərc olunan şərhdə Zaxarianın ilk brifinqi kəskin tənqid edilib. Müəllif onun danışıq tərzini, auditoriya ilə məhdud göz təmasını və emosiyasız çıxışını süni intellekt avatarının davranışına bənzədib.
Brifinq zamanı “Fox News”un jurnalisti Piter Dusi ABŞ-nin Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağı dayandırıb-dayandırmadığını soruşub. Zaxaria məsələni dəqiqləşdirərək sonradan cavab verəcəyini bildirib.
Görüşün diqqət çəkən məqamlarından biri də ABŞ-nin Yunanıstandakı səfiri Kimberli Gilfoyl ilə bağlı sual olub. “Daily Mail”in müxbirinin iddia edilən rüşvət qalmaqalı barədə sualına cavab verən Zaxaria Gilfoyldan istefa verməsinin istənildiyini açıqlayıb.
“Biz səfir Gilfoyldan istefa verməsini istəmişik. O, komandamız üçün çox dəyərli olub və ona gələcək fəaliyyətində uğurlar arzulayırıq”, – deyə mətbuat katibi bildirib.
Tramp isə yeni mətbuat katibinin ilk çıxışını müsbət qiymətləndirib: “Məncə, o, çox yaxşı idi”.
Bununla belə, Trampa qarşı mövqeyi ilə tanınan “Lincoln Project” təşkilatı Zaxarianın fotosunu kahı təsviri ilə yanaşı paylaşaraq Böyük Britaniyanın keçmiş baş naziri Liz Trassın hakimiyyətdə cəmi 49 gün qalmasına eyham vurub. Trampın keçmiş kommunikasiya direktoru Entoni Skaramuççi də özünün Ağ Evdə 11 gün işlədiyini xatırladaraq Zaxarianın vəzifədə qalma müddəti ilə bağlı istehzalı paylaşım edib.
Qeyd edək ki, Keti Zaxaria Ağ Evin mətbuat katibi vəzifəsinə təyin olunmazdan əvvəl ABŞ Daxili Təhlükəsizlik Departamentində və Trampın “Trump Media and Technology Group” şirkətində çalışıb.