Rusiya Prezidenti Vladimir Putin kibertəhlükəsizlik məsələləri ilə bağlı geniş tərkibli müşavirə keçirəcək. Tədbirdə rəqəmsal texnologiyalar və iqtisadiyyat sahələrinə aid nazirlər və qurum rəhbərləri ilə yanaşı, Müdafiə Nazirliyi və Federal Təhlükəsizlik Xidmətinin (FTX) nümayəndələri də iştirak edəcəklər.
Modern.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Putin bu gün Novo-Oqaryovodakı iqamətgahında işləyir və onu kifayət qədər gərgin iş qrafiki gözləyir.
“Prezident bu gün ictimaiyyətə açıqlanmayan bir sıra görüşlərlə yanaşı, kibertəhlükəsizlik və informasiya təhlükəsizliyinin artırılması məsələlərinə də xeyli vaxt ayıracaq”, – deyə Peskov bildirib.
Peskovun sözlərinə görə, dövlət başçısının iştirakı ilə keçiriləcək geniş tərkibli və mühüm müşavirədə Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev, Şuranın katibi Sergey Şoyqu, iqtisadiyyat sahəsinə aid nazirlik və qurumların rəhbərləri, müdafiə nazirinin müavini Dmitri Şerbinin, eləcə də FTX-nin direktoru Aleksandr Bortnikov iştirak edəcəklər.
İştirakçılar arasında Prezident Administrasiyası rəhbərinin birinci müavini Sergey Kiriyenko, administrasiya rəhbərinin müavini Maksim Oreşkin, Rusiya hökuməti sədrinin müavini və Nazirlər Kabineti Aparatının rəhbəri Dmitri Qriqorenko da olacaq.
Müşavirəyə, həmçinin sənaye və ticarət naziri Anton Əlixanov, nəqliyyat naziri Andrey Nikitin, energetika naziri Sergey Tsivilyov, rəqəmsal inkişaf, rabitə və kütləvi kommunikasiyalar naziri Maksut Şadayev, Mərkəzi Bankın sədri Elvira Nabiullina, Moskva meri Sergey Sobyanin, Texniki və İxrac Nəzarəti üzrə Federal Xidmətin direktoru Vladimir Selin və “Sberbank”ın rəhbəri German Qref qatılacaqlar.
Mətbuat üçün açıq olan giriş hissəsindən sonra müşavirə qapalı formatda davam edəcək. İştirakçılar dövlət başçısına iqtisadiyyatın əsas sektorlarının informasiya təhlükəsizliyi təhdidlərinə hazırlığı və təhlükəsizliyin gücləndirilməsi tədbirləri barədə məruzələr təqdim edəcəklər.