İtaliya parlamenti laboratoriyada heyvan hüceyrələrindən yetişdirilən süni ətin istehsalını və satışını qadağan edən qanun layihəsini təsdiqləyib.
Modern.az "Kommersant"a istinadən xəbər verir ki, qanunu pozanlar 10 min avrodan 150 min avroya qədər cərimələnəcəklər.
Bundan başqa, yeni qanun bitki mənşəli ət əvəzedicilərinin adlarına “steyk”, “salami” kimi sözlərin və adi ət məhsullarının digər adlarının daxil edilməsini qadağan edir. İtaliya hökuməti bəyan edib ki, bu qərar İtaliyanın kulinariya ənənələrini, yerli istehsalçıları və əhalinin sağlamlığını qoruyacaq.
İndiyə qədər laboratoriyada yetişdirilən ətin dünyada tətbiqinə dair təcrid olunmuş nümunələr var. 2020-ci ildə Sinqapur dünyada ilk olaraq "Eat Just"dan süni ət - toyuq satışına icazə verib. İyun ayında belə ətin satışına ilk icazə ABŞ-da verilib.