13 oktyabr 2026-cı il tarixində Sumqayıt Dövlət Universitetində (SDU) Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayına həsr olunmuş “Azərbaycanın inkişaf gündəliyi: milli prioritetlər və gələcək hədəflər” mövzusunda elmi-praktik konfrans keçirilib.
Modern.az xəbər verir ki, konfransda SDU-nun rektoru, professor Nurəli Yusifbəyli, YAP İdarə Heyətinin üzvü, partiyanın Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov, “Modern Media” qrupunun rəhbəri, Mətbuat Şurasının İdarə Heyətinin üzvü Elşad Eyvazlı, universitetin professor-müəllim heyətinin üzvləri və tələbələr iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq onun əziz xatirəsini ehtiramla yad ediblər. Daha sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Konfransı giriş sözü ilə açan SDU-nun rektoru, professor Nurəli Yusifbəyli Azərbaycanın inkişaf strategiyasında təhsilin və elmin rolundan, milli-mənəvi dəyərlərin qorunmasının əhəmiyyətindən bəhs edib. Rektor Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayında səsləndirdiyi fikirlərə toxunaraq, təhsilin ölkənin davamlı inkişafının təmin olunmasında, milli-mənəvi dəyərlərin qorunmasında və ideoloji təhlükəsizliyin möhkəmləndirilməsində mühüm rol oynadığını vurğulayıb.
Qeyd olunub ki, müasir dövrdə cəmiyyətin informasiya və ideoloji təhdidlərdən qorunması, milli maraqların müdafiəsi və dövlətçilik düşüncəsinin möhkəmləndirilməsi baxımından savadlı, analitik düşünmə qabiliyyətinə malik və milli dəyərlərə bağlı gənclərin yetişdirilməsi xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan, ali təhsil müəssisələrinin vəzifəsi yalnız peşəkar mütəxəssislər hazırlamaqla məhdudlaşmır, eyni zamanda gənclərdə vətəndaş məsuliyyətinin və milli dövlətçilik şüurunun formalaşdırılmasını da əhatə edir.
Daha sonra çıxış edən YAP İdarə Heyətinin üzvü, partiyanın Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov Yeni Azərbaycan Partiyasının yaranma tarixindən, keçdiyi siyasi inkişaf yolundan və ölkənin ictimai-siyasi həyatındakı rolundan bəhs edib. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin müasir dövrün çağırışlarına uyğun strateji vəzifələri müəyyənləşdirdiyini bildirib, YAP-ın VIII Qurultayının partiyanın gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi baxımından əhəmiyyətini vurğulayıb.
Konfrans çərçivəsində müasir media və informasiya siyasəti, tarixi yaddaşın qorunması, milli kimliyin yaşadılması, Qərbi Azərbaycanın tarixi-mədəni irsinin araşdırılması və gənclərin dövlətçilik dəyərləri ruhunda yetişdirilməsi məsələləri də müzakirə olunub.
“Modern Media” qrupunun rəhbəri, Mətbuat Şurasının İdarə Heyətinin üzvü Elşad Eyvazlı çıxışında müasir informasiya məkanında medianın məsuliyyəti, cəmiyyətin obyektiv və düzgün məlumatlandırılması, eləcə də informasiya savadlılığının artırılmasının əhəmiyyətindən bəhs edib. O, informasiya mühitində etibarlı mənbələrin və peşəkar jurnalistikanın roluna diqqət çəkib. O, xüsusilə gənclərin media savadlılığının artırılmasının, onlarda tənqidi təfəkkürün formalaşdırılmasının əhəmiyyətini qeyd edib. Elşad Eyvazlı milli dəyərlərin və dövlətçilik maraqlarının informasiya məkanında düzgün təbliğinin cəmiyyətin maarifləndirilməsinə mühüm töhfə verdiyini bildirib.
Türk və dünya ölkələrinin tarixi və coğrafiyası kafedrasının müdiri, Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin rəhbəri, dosent Sona Məhərrəmova çıxışında milli prioritetlər kontekstində tarixi yaddaşın qorunmasının, milli kimliyin yaşadılmasının və tarixi həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasının əhəmiyyətini vurğulayıb.
Humanitar fənlər və sosial-siyasi elmlər fakültəsinin V kurs tələbəsi Ellada Zərgərova isə çıxışında gənclərin ölkənin gələcək inkişafındakı rolundan, təhsilin əhəmiyyətindən və milli-mənəvi dəyərlərə bağlılığın vacibliyindən bəhs edib.
Konfransın sonunda Azərbaycanın inkişaf prioritetlərinin həyata keçirilməsi, dövlətçilik ənənələrinin qorunması, təhsil və elmin inkişafı, milli-mənəvi dəyərlərin yaşadılması və gənclərin potensialının gücləndirilməsi baxımından bu cür elmi-praktik müzakirələrin əhəmiyyəti vurğulanıb.