Prezident İlham Əliyev ilə İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni arasında keçirilən son görüş Azərbaycan-İtaliya münasibətlərinin yalnız siyasi deyil, eyni zamanda enerji sahəsində də strateji mahiyyət daşıdığını bir daha gündəmə gətirdi. Xüsusilə son illərdə Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolu fonunda İtaliya ilə əməkdaşlıq bu istiqamətdə əsas dayaqlardan biri kimi formalaşıb. Azərbaycanın həm neft, eləcə də təbii qaz ixracında İtaliyanın aparıcı tərəfdaşlardan biri olması, o cümlədən 2025-ci ildə bu ölkəyə 10 milyard kubmetr qaz tədarükü, tərəflər arasında qarşılıqlı etimada əsaslanan uzunmüddətli enerji əməkdaşlığının mövcudluğunu göstərir. Eyni zamanda, Cənub Qaz Dəhlizi vasitəsilə indiyədək İtaliyaya 50 milyard kubmetrə yaxın qazın nəqli Azərbaycanın Avropanın enerji xəritəsində mövqeyini daha da gücləndirib və onu etibarlı enerji tərəfdaşına çevirib.
Azərbaycan-İtaliya görüşünün iqtisadi və enerji tərəflərini Modern.az-a şərh edən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov qeyd edib ki, Azərbaycan xarici siyasətində İtaliya ilə münasibətlər xüsusi əhəmiyyətə malikdir.
"İtaliya Azərbaycanın ərazi bütövlüyü və suverenliyi ilə bağlı kifayət qədər dəstək ifadə edən, habelə 44 günlük Vətən müharibəsindən sonra da, 2023-cü ilin sentyabrında keçirilən antiterror əməliyyatlarından sonra da aydın, obyektiv yanaşma ortaya qoyan ölkədir. Bütün bunlara əlavə olaraq İtaliyanın Qarabağ və Şərqi Zəngəzurun bərpasında yaxından iştirak etməsi, hətta müharibə bitdikdən sonra bir sıra aktorların Azərbaycana qarşı təzyiq və təhdid kampaniyaları fonunda, Qarabağda gedən bərpa-quruculuq işini kölgə altına salmaq istədiyi məqamlarda İtaliya Azərbaycana dəstəyini davam etdirdi. Bu baxımdan İtaliya ilə münasibətlər xarici siyasətimizdə xüsusi yer tutur.
Münasibətlər yeni dünya reallıqları üzərindən daha da inkişaf edir. Bu istiqamətdə vurğulamalıyıq ki, nəqliyyat və logistikanın artan rolu dünya siyasətinə, dövlətlərarası münasibətlərə fundamental əsasda təsir edir. Baş verən proseslər, davam edən müharibələr sübut edir ki, bağlantılar iqtisadi maraqlardan daha çox geosiyasi təzyiq alətinə çevrilir. Bu, özünü Rusiya-Ukrayna, ABŞ-İsrail və İran arasındakı müharibədə də göstərdi. Habelə ABŞ-İran müharibəsinin Çin iqtisadiyyatını hədəfləməsi ondan xəbər verdi ki, ölkələr nəqliyyat və kommunikasiyalarla bağlı kifayət qədər ciddi addımlar atmalıdırlar. Çünki Çinlə Avropa arasındakı yükdaşımalar əsasən Şimal marşrutu üzərindən daşınırdısa, bu gün həmin yollar həm sanksiya altındadır, həm də qeyri-müəyyən bir durum, durğunluq yaranıb. İqtisadiyyat, mübadilə isə ətaləti sevmir".

Deputat enerji təhlükəsizliyini, bundan doğan strateji əməkdaşlıqları vurğulamanın vacibliyinə də diqqət çəkib:
"Habelə, Yaxın Şərqdə baş verən hadisələr də bir daha sübut etdi ki, cənab Prezident İlham Əliyevin tutmuş olduğu yol ən düzgün yoldur. Dövlət başçımız nəqliyyat və kommunikasiyaların bərpasını, açılmasını və genişlənməsini hər zaman xüsusilə vurğulayır. Cənab Prezident bildirdi ki, Cənub Qaz Dəhlizinə interkonnektorlar qoşulmalıdır, çünki həmin dəhliz kifayət qədər yüklənib. Bu gün milli təhlükəsizlik özündə yeni elementləri ehtiva etməyə başlayıb. Vaxtilə dövlətlərin gücü hərbi arsenal ilə ölçülürdüsə, indi bura enerji amili də daxil edilib.
Avropa fərqli enerji təchizatçıları axtararkən həm resurs bolluğu, həm də etibarlı tərəfdaş axtarmağa başladı. Azərbaycan tərəfi heç bir halda enerji amilindən siyasi vasitə kimi istifadə etmədi. Azərbaycan İtaliya üçün, İtaliya da Azərbaycan üçün etibarlı tərəfdaş qismində çıxış etdi".
Milli Məclisin üzvü xatırladıb ki, 2020-ci il dekabrın 31-də Cənub Qaz Dəhlizinin dördüncü seqmenti olan TAP-ın istifadəyə verilməsi Azərbaycanın öhdəliyinə sadiqliyindən xəbər verir:
"Azərbaycan İtaliyaya ildə 9,5 milyard kubmetr qaz tədarük edir ki, bu da İtaliyanın ümumi qaz idxalının 16%-ni təşkil edir. Ötən il ölkələrimiz arasında ticarət dövriyyəsi 12 milyard dollar olmuşdur. Azərbaycan İtaliyanın neft və qaz təchizatında 2-ci yerdədir. Azərbaycanda 130-a yaxın İtaliya şirkəti fəaliyyət göstərir və onların artıq Qarabağda 23 layihəsi mövcuddur.
Münasibətlərin humanitar əsasları dərinləşdirilirsə, hüquqi baza zamanında təmin edilib. By baxımdan İtaliya-Azərbaycan Universitetinin məzunları iki xalq arasında elmi və mədəni körpü rolunu oynayacaq. Həmçinin, 2014 və 2020-ci illərdə strateji tərəfdaşlığa dair imzalanan iki bəyannamə münasibətlərin hüquqi müstəvisini möhkəmləndirib. İtaliyanın Baş naziri Corcia Meloninin Azərbaycana bu məqamda səfəri bu münasibətlərin yüksək səviyyədə koordinasiya edildiyini bir daha sübut edir.
Nəqliyyat və logistika marşrutlarının genişləndirilməsi, interkonnektorların fəaliyyəti sənaye inkişafına da əhəmiyyətli dərəcədə töhfə verəcək. Bu baxımdan ölkələrin iqtisadi potensialının inkişafı ilə bağlı genişmiqyaslı planların olması onları daha etibarlı tərəfdaş seçməyə sövq edir".
Sədr müavini onu da əlavə edib ki, enerji resursları, şaxələndirilmiş təchizat şəbəkəsinin qurulması çox mühümdür:
"Azərbaycanın qaz ixracı coğrafiyası getdikcə genişlənir. Cənub Qaz Dəhlizi layihəsi, habelə interkonnektorların açılması Avropanın enerji təhlükəsizliyinə olduqca böyük töhfədir. Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlıq üzrə Anlaşma Memorandumunun imzalanması, 2027-ci ilə qədər Avropaya göndərilən qazın həcminin iki dəfə artırılması şübhəsiz ki, münasibətlərə müsbət təsir edən məsələlərdən biridir.
Habelə onu vurğulamaq istərdim ki, bu istiqamətdə Azərbaycanın daha böyük, genişmiqyaslı planları var. Azərbaycanın təşəbbüskarı olduğu, icra etdiyi layihələr Avropanın, Asiyanın, bütövlükdə Avrasiya materikinin enerji xəritəsinin yenidən tərtib olunmasında rol oynayıb. Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa neft kəmərləri Azərbaycan neftini Aralıq dənizinin və Qara dənizin bazarlarına çatdırır.
Cənub Qaz Dəhlizi uzunluğu 3500 kilometr olan nəhəng infrastruktur layihəsidir. Bu istiqamətdə qeyd olunmalıdır ki, enerji və bağlantıların əhəmiyyətini dərk edən tərəflər Azərbaycanı etibarlı tərəfdaş və PanAvropa qaz təchizatçısı kimi dəyərləndirirlər. Xəzər dənizi, Qara dəniz, Aralıq dənizi, Avropa məkanı, Azərbaycan, bütün bu regionlar birləşdirici mövqedən çıxış etməlidirlər".
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov isə bildirib ki, Azərbaycanın ümumi ticarət dövriyyəsinin 24 faizi, ixracatının isə 45,3 faizi İtaliyanın payına düşür.
"2025-ci ildə İtaliya-Azərbaycan arasında ticarət dövriyyəsi 4 faiz artaraq 11 milyard 390 milyon dollardan 11 milyard 860 milyon dollara yüksəlib. Bu, ölkələr arasında iqtisadi və ticarət əlaqələrinin kifayət qədər dərin köklərə əsaslandığını göstərir.
Digər tərəfdən, Azərbaycan İtaliyanın Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşıdır. İtaliyanın Cənubi Qafqazla ticarət dövriyyəsinin 93 faizi Azərbaycanın payına düşür ki, bu da kifayət qədər ciddi göstəricidir. Bu, həm də Azərbaycanın İtaliyanın regionda ən böyük tərəfdaşı və strateji müttəfiqi olması deməkdir.
Əməkdaşlıq daha çox enerji sektoru üzrə formalaşır. 2025-ci ildə Azərbaycan İtaliyaya 10 milyard kubmetrdən çox qaz nəql edib və bu, İtaliyanın enerji təhlükəsizliyinə xüsusi töhfədir. Ümumilikdə Azərbaycan Avropaya illik 13 milyard kubmetr qaz nəql edir, qaz ixracının ümumi həcmi isə 25 milyard kubmetrə yaxındır. Bu baxımdan İtaliya Azərbaycanın əsas tərəfdaşlarından biridir və bu, strateji əməkdaşlığın yüksək səviyyədə olduğunu göstərir".
Deputatın sözlərinə görə, Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan İtaliyaya və digər Avropa ölkələrinə qaz nəqlini davam etdirir:
"2020-ci il dekabrın 31-dən etibarən TANAP və TAP kəmərləri vasitəsilə Azərbaycan qazı Türkiyə və Avropa İttifaqına daxil olub. Bu marşrut üzrə indiyədək təxminən 50 milyard kubmetrə yaxın qaz nəql edilib ki, bu da kifayət qədər böyük göstəricidir.
Ümumilikdə Azərbaycan Avropa İttifaqına qaz ixrac edən ölkələr arasında ilk beşlikdə yer alır. Bu isə Azərbaycanın, o cümlədən İtaliya daxil olmaqla, Avropa İttifaqının enerji təhlükəsizliyində mühüm rol oynadığını göstərir. Eyni zamanda Azərbaycan qazı interkonnektorlar vasitəsilə də nəql edilir. TAP kəməri İtaliyaya qədər uzanır, Yunanıstan-Bolqarıstan interkonnektoru isə qazın digər ölkələrə çatdırılmasına imkan yaradır.

Hazırda Azərbaycan 16 ölkəyə qaz nəql edir, onlardan 10-u Avropa İttifaqı ölkəsidir. Çexiya ilə də bu istiqamətdə əməkdaşlıq etmək niyyəti var. Bu isə o deməkdir ki, Azərbaycan qazını idxal edən ölkələrin sayı artacaq və ixrac marşrutlarının şaxələndirilməsi davam edəcək".
V.Bayramov həmçinin vurğulayıb ki, son dövrlər enerji ixracının diversifikasiyası istiqamətində də addımlar atılır.
"Azərbaycan qazının yeni bazarlara çıxışı bu siyasətin tərkib hissəsidir və regionun enerji təhlükəsizliyinə əlavə töhfə verir.
İtaliya Baş nazirinin Azərbaycana səfəri zamanı da bir sıra məsələlər müzakirə olunub. Əsas mövzulardan biri tərəfdaşlığın daha da gücləndirilməsi olub. Azərbaycan Prezidenti və İtaliyanın Baş naziri çıxışlarında əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıblar. Xüsusilə qeyri-neft sektorunda yeni əməkdaşlıq istiqamətlərinin qurulması prioritet kimi qeyd edilib.
Nəzərə alsaq ki, ticarət dövriyyəsinin əsas hissəsini Azərbaycan tərəfindən İtaliyaya neft və qaz ixracı təşkil edir, bu baxımdan qeyri-neft sektorunda əməkdaşlığın genişləndirilməsi vacibdir. Qarşılıqlı sərmayə qoyuluşlarının artırılmasına ehtiyac var. Son illərdə Azərbaycan İtaliya iqtisadiyyatına təxminən 3 milyard dollar sərmayə yatırıb. Bunun genişləndirilməsi və eyni zamanda İtaliyadan daha çox investisiyanın cəlb olunması vacib məqamlardandır".
Deputat onu da nəzərə çatdırıb ki, İtaliya şirkətləri Qarabağ və Şərqi Zəngəzurun bərpasında aktiv iştirak edirlər.
"Bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi də mühüm əhəmiyyət daşıyır. Çünki İtaliya şirkətləri texnologiya və innovasiyaların gətirilməsinə də töhfə verirlər.
Bütövlükdə, İtaliya Baş nazirinin Azərbaycana səfəri Azərbaycan-İtaliya münasibətlərində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir və strateji tərəfdaşlığın daha da güclənməsinə xidmət edəcək".