Modern.az

Azərbaycan-İtaliya iqtisadi tərəfdaşlığı strateji əməkdaşlığın əsas dayağıdır

Azərbaycan-İtaliya iqtisadi tərəfdaşlığı strateji əməkdaşlığın əsas dayağıdır

Ölkə

Bu gün, 16:12

Azərbaycan–İtaliya münasibətləri son illərdə xüsusilə iqtisadi sahədə əldə olunan dinamika ilə seçilir və bu istiqamət artıq strateji tərəfdaşlığın əsas dayaqlarından birinə çevrilib.

Bu fikirləri Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Mirkişili deyib.

Deputat bildirib ki, 2026-cı il mayın 4-də İtaliya Nazirlər Şurasının sədri Ciorgia Meloni-nin Azərbaycana səfəri zamanı Prezident İlham Əliyev tərəfindən səsləndirilən fikirlər iki ölkə arasında münasibətlərin artıq daha çox iqtisadi məzmun kəsb etdiyini göstərir.

"2014 və 2020-ci illərdə imzalanmış strateji tərəfdaşlıq bəyannamələri əməkdaşlığın institusional əsasını təşkil etsə də, bu münasibətlərin real gücü iqtisadi göstəricilərdə öz əksini tapır. İtaliyanın Azərbaycanın əsas ticarət tərəfdaşı olması və illik ticarət dövriyyəsinin təxminən 12 milyard dollara çatması bunu təsdiqləyir".

T. Mirkişili qeyd edib ki, energetika sektoru tərəfdaşlığın əsas sütunu olaraq qalır. Azərbaycanın İtaliyanın neft və qaz təchizatında ön sıralarda yer alması bu əməkdaşlığın strateji əhəmiyyətini artırır. Xüsusilə, ixrac olunan 25 milyard kubmetr təbii qazın 9,5 milyard kubmetrinin İtaliya bazarına yönəldilməsi bu ölkənin Azərbaycan üçün əsas enerji bazarlarından biri olduğunu göstərir.

"Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan Trans-Adriatik Boru Kəməri (TAP) layihəsi bu əməkdaşlığın əsas infrastrukturunu təşkil edir və layihənin genişləndirilməsi ilə bağlı müzakirələr gələcəkdə qaz ixracının daha da artacağını göstərir".

Onun sözlərinə görə, iqtisadi münasibətlərin mühüm istiqamətlərindən biri də qarşılıqlı investisiyalardır. Azərbaycan Dövlət Neft Fondunun İtaliya iqtisadiyyatına təxminən 3 milyard dollar sərmayə yatırması tərəflər arasında kapital axınlarının genişləndiyini göstərir.

"Hazırda Azərbaycanda fəaliyyət göstərən 130-a yaxın İtaliya şirkəti müxtəlif sahələrdə aktiv iştirak edir. Xüsusilə işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən 23 layihə bu əməkdaşlığın coğrafi genişliyini nümayiş etdirir".

T. Mirkişili vurğulayıb ki, son dövrlərdə hərbi-texniki əməkdaşlıq, birgə istehsal və texnologiya transferi kimi yeni istiqamətlər də gündəmə gəlir ki, bu da iqtisadi tərəfdaşlığın daha yüksək səviyyəyə yüksəldiyini göstərir.

"Azərbaycan–İtaliya münasibətləri artıq klassik diplomatik çərçivəni aşaraq çoxşaxəli iqtisadi tərəfdaşlıq modelinə çevrilib və mövcud siyasi iradə fonunda bu əlaqələrin daha da genişlənəcəyi gözlənilir" - sonda T. Mirkişili bildirib.

Sizə yeni x var
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV