"Televiziya daha çox göstərməkdir, vizual savadlılıqdır, bir dənə danışan baş deyil. İndi kimlərsə ona bloqer deyir, Azərbaycan dilində bu, naqqallıqdır. Televiziya naqqallıq deyil. Televiziya hər kadrın sözlə illüstrasiyalandırılması, ya da sözün kadrla illüstrasiyalandırılması deməkdir".
Modern.az xəbər verir ki, bu fikirləri REAL TV-nin "Media Masası" verilişində qonaq olan Real TV-nin baş direktoru Mir Şahin Ağayev səsləndirib.
"Biz bu gün bundan danışırıq. Mənim də davam odur ki, televiziyanı hansısa günəbaxan tumu satan teleköşkə çevirmək olmaz. Danışmaq, danışmaq, danışmaq... Bu, mənə təhqirdir. Mən öz yaşımı, fəaliyyətimi təhqir olunmuş hesab edirəm. Bir nəfər danışır, sonra o biri danışır, sonra başqa biri... Ortada reportaj yoxdur. Ona görə mən deyirəm ki, Motsart, uvertüra, Mikelancelo lazım olmayacaq, belə getsə. Çünki insanlar canlılaşır. Bütün janrlar ölür".