Modern.az

Məktəb illərinin unutmamağımızın səbəbi açıqlandı - Maraqlı araşdırma

Məktəb illərinin unutmamağımızın səbəbi açıqlandı - Maraqlı araşdırma

Media

Bu gün, 02:00

İnsanların yeniyetməlik dövründə, xüsusilə orta məktəb illərində yaşadığı sosial təcrübələr onların həyatına uzun illər təsir göstərə bilər.

Modern.az xarici mediaya istinadən xəbər verir ki, aparılan araşdırmalar məktəb illərində insanın nə qədər sevilən, qəbul edilən və ya kənarlaşdırılan biri olmasının onun gələcək sosial münasibətlərinə, psixoloji vəziyyətinə, karyerasına, hətta sağlamlığına təsir edə biləcəyini göstərir.

ABŞ-nin Şimali Karolina Universitetinin psixologiya professoru Mitch Prinstein bildirir ki, insanlar məktəbi bitirdikdən sonra belə yeniyetməlik dövründə yaşadıqları sosial hadisələri və həmin vaxt məktəbdə dominant olan şəxsləri yaxşı xatırlayırlar. Onun sözlərinə görə, insan 14 yaşında yaşadığı sosial təcrübələri sonrakı həyatında dünyanı və digər insanları dəyərləndirmək üçün bir növ “şablon” kimi istifadə edə bilər.

Məktəbdəki sosial status insanı necə dəyişir?

Amerikalı psixoloq John Coienin araşdırmalarına əsasən, məktəbliləri yalnız “sevilən” və “sevilməyən” qruplara bölmək düzgün deyil. Tədqiqatçı uşaqları beş sosial kateqoriyaya ayırıb: qəbul edilənlər, rədd edilənlər, mübahisəli, laqeydliklə qarşılananlar və orta kateqoriyaya aid olanlar. 

Ən çox sevilən uşaqlar adətən mehriban, dəstəkləyici və pozitiv xarakterli olurlar. Rədd edilən uşaqları isə iki qrupa bölmək olar. Onların bir hissəsi aqressiv davranışları və zorakılığa meyilliliyi ilə seçilir, digərləri isə sosial narahatlıq yaşayır və özləri zorakılığın qurbanına çevrilirlər.

“Mübahisəli” kateqoriyaya daxil olan uşaqlar həm sevilən, həm də sevilməyən şəxslərdir. Onlar çox vaxt diqqət mərkəzində olan, qaydaları pozan və ya üsyankar davranışları ilə seçilən şagirdlərdir.

Araşdırmalardan birinə görə, uşaqların təxminən yarısı ibtidai məktəbdə qazandığı sosial statusu beş il sonra – orta məktəbdə də qoruyur.

Orta məktəbdə qaydalar dəyişir

Mütəxəssislər bildirirlər ki, ibtidai məktəbdə məşhur olmaq çox vaxt yaxşı oxumaq və nümunəvi davranmaqla əlaqələndirilir.

Orta məktəbə keçdikdə isə sosial meyarlar dəyişir. Fiziki görünüş, geyim, idman bacarıqları, özünəinam və diqqət cəlb etmək kimi xüsusiyyətlər daha böyük əhəmiyyət qazanır.

Lakin təxminən 15 yaşdan sonra bu davranışların status qazandırmaq təsiri zəifləyir. İnsanların sosial mövqeyində sevilmək və başqaları ilə yaxşı münasibət qurmaq daha vacib amilə çevrilir.

Məktəbdə rədd edilmək gələcəyə təsir edə bilər

Mitch Prinsteinin araşdırmaları göstərir ki, məktəbdə rədd edilən uşaqlar gələcəkdə depressiya və sosial problemlərlə daha çox üzləşə bilərlər.

Rədd edilmə insanın özünə qapanmasına səbəb olur. Bu isə onun daha az sosial münasibət qurmasına və nəticədə özünü daha çox kənarda hiss etməsinə gətirib çıxara bilər.

Digər tərəfdən, belə təcrübələr bəzi insanlarda emosional zəkanın inkişafına da səbəb olur. Onlar başqalarının hisslərini daha yaxşı anlamağı və haqsız münasibəti daha tez müəyyən etməyi öyrənə bilərlər.

Bir-iki yaxın dostun olması kifayətdir

Mütəxəssislər hesab edirlər ki, yeniyetməlik dövründə çoxsaylı dostlara və yüksək sosial statusa malik olmaq vacib deyil.

Araşdırmalar göstərir ki, yeniyetməlikdə bir və ya iki yaxın dostun olması belə gələcək münasibətlər üçün qoruyucu rol oynaya bilər.

Bu səbəbdən məktəbdə “məşhur” olmamaq insanın gələcək həyatının uğursuz olacağı anlamına gəlmir.

Keçmişin təsirini dəyişmək mümkündür

Araşdırmanın əsas nəticələrindən biri budur ki, insanın məktəb illərində formalaşmış sosial davranışları dəyişməz deyil.

Prinstein hesab edir ki, yeniyetməlikdə formalaşan mənfi düşüncə modelləri yetkinlikdə də davam edə bilər. İnsan yeni sosial mühitə daxil olduqda əvvəlki mənfi təcrübələrini təsdiqləyən detallara daha çox diqqət yetirə və nəticədə həmin təcrübələri yenidən yaşaya bilər. Lakin bu düşüncə modellərini dəyişmək mümkündür.

Mütəxəssislər bildirirlər ki, keçmişdə yaşanan rədd edilmə, zorakılıq və ya sosial təcrid insanın bütün həyatını müəyyən edən hökm deyil.

Orta məktəbdə üzərimizə yapışdırılan “məşhur”, “kitab qurdu”, “kənarda qalan” və ya digər sosial etiketlər ömürlük taleyimizə çevrilməyə bilər. İnsan zaman keçdikcə özünü və başqaları ilə münasibət qurma tərzini dəyişə bilər.

Aydan Qasımova

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin onlara RƏHM ETMƏYƏCƏK! - Kreml lideri qəti qərar verdi