Londonda türk və dünya mediasının diqqət çəkən görüşlərindən biri keçirilib. Küresel Gazeteciler Konseyi (KGK) tərəfindən təşkil olunan 2-ci Beynəlxalq Media Dostluq Mükafatları mərasimində Türkiyədən və müxtəlif ölkələrdən olan jurnalistlər bir araya gəlib.
Modern.az xəbər verir ki, tədbirdə Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) Londondakı müxbiri Ayten Abbaslı da mükafat alan jurnalistlər sırasında olub.
İngiltərənin paytaxtı London 1 oktyabrda medianın diqqət mərkəzinə çevrilib.
Küresel Gazeteciler Konseyinin təşkil etdiyi 2-ci Beynəlxalq Media Dostluq Mükafatları mərasimi Londonun Arundel House məkanında baş tutub. Tədbirdə Azərbaycanın İngiltərədəki səfirliyinin birinci katibi Eltay Aslanov Türkiyənin Londondakı səfiri Osman Koray Ertaş, Türkiyənin Londondakı Baş konsulu Hasan Ulusoy, Şimali Kipr Türk Cümhuriyyətinin London nümayəndəsi Aysan Mullahasan Atılgan, KGK-nın başqanı Mehmet Ali Dim, KGK Dış Medya Məclis sədri Elşad Eyvazlı, eləcə də çoxsaylı türk və xarici jurnalistlər iştirak ediblər.
Tədbirin əsas məqsədlərindən biri müxtəlif ölkələrdə fəaliyyət göstərən türk jurnalistləri ilə yerli və xarici media nümayəndələri arasında əlaqələrin inkişaf etdirilməsi olub. KGK rəhbərliyi mərasim çərçivəsində tür dünyası ilə bağlı fəaliyyət göstərən xarici jurnalistlərin də mükafatlandırıldığını açıqlayıb. London görüşü müxtəlif media məkanlarını bir araya gətirən beynəlxalq jurnalist görüşü kimi diqqət çəkib. Mükafatlandırmadan əvvəl tədbirdə “Dostluğa açılan səhifələr: sənədlərdən həyata türk-ingilis münasibətləri” adlı sərginin açılışı keçirilib.
Sərgidə Türkiyə ilə Böyük Britaniya arasındakı münasibətlərin müxtəlif dövrlərinə işıq salan tarixi qəzet səhifələri və diplomatik sənədlər nümayiş etdirilib. Sərginin kolleksiyaçı Prof. Dr. Osman Kubilay Gülün arxivindən hazırlanması da tədbirin diqqətçəkən məqamlarından biri olub.
KGK sədri Mehmet Ali Dim bildirib ki, tədbirin məqsədlərindən biri media vasitəsilə dostluq əlaqələrinə töhfə vermək və jurnalistlər arasında əlaqələri gücləndirməkdir. Onun sözlərinə görə, sərginin gələcəkdə London Yunus Emre İnstitutunda və Mançesterdə də nümayiş etdirilməsi nəzərdə tutulur.
Londonda keçirilən mərasim Azərbaycan mediası üçün də xüsusi əhəmiyyət daşıyıb. AZƏRTAC-ın Londondakı müxbiri Aytən Abbaslı mükafat alan jurnalistlər sırasında yer alıb.
Mükafatlandırılanlar arasında Anadolu Agentliyinin London müxbiri Behlül Çetinkaya, Böyük Britaniyada Xarici Jurnalistlər Assosiasiyasının direktoru və İtaliyanın Il Giorno qəzetinin London müxbiri Deborah Bonetti, fələstinli jurnalist Ahmed Alnaouq və Hello! jurnalının brend meneceri Deborah Field də olub.
KGK nümayəndə heyətinin London səfəri mükafatlandırma mərasimi ilə məhdudlaşmır. Təxminən 30 nəfərdən ibarət heyət sentyabrın 29-da Londona gəlib. Proqramın ilk günündə KGK Böyük Britaniya nümayəndəsi Vatan Özün ev sahibliyi etdiyi görüş keçirilib. Daha sonra jurnalistlərin iştirakı ilə dostluq yeməyi təşkil olunub.
Sentyabrın 30-da isə Türkiyənin Londondakı səfiri Osman Koray Ertaşın heyətin şərəfinə verdiyi qəbul keçirilib. Heyət Londondakı türk diasporunun nümayəndələri, türk əsilli parlamentarilər və media nümayəndələri ilə də görüşlər keçirib.
Səfərin əsas proqramı isə oktyabrın 1-də – sərgi və 2-ci Beynəlxalq Media Dostluq Mükafatları mərasimi ilə yekunlaşıb. London tədbirinin diqqətçəkən tərəflərindən biri də müxtəlif ölkələrdə çalışan jurnalistlərin eyni məkanda görüşməsi olub. Londondakı tədbir KGK-nın beynəlxalq layihələrinin davamı olub. Konsey bundan əvvəl Lefkoşa, Bakı, Berlin, Tbilisi, Moskva və Daşkənddə müxtəlif media görüşləri, panellər və seminarlar keçirib. 2025-ci ildə isə ABŞ-ın Nyu-York şəhərində ilk Beynəlxalq Media Dostluq Mükafatları mərasimi təşkil olunub. London tədbiri bu beynəlxalq layihənin ikinci mərhələsi olub.
Modern.az London görüşündən görüntüləri təqdim edir.















