Modern.az

Əsgər Mahir Mirzəyevin “Sonuncu zəng”i: “Mən şəhidəm, ölməmişəm” - FOTOLAR

Əsgər Mahir Mirzəyevin “Sonuncu zəng”i: “Mən şəhidəm, ölməmişəm” - FOTOLAR

Qarabağ

3 İyun 2019, 08:51

Modern.az-da “Sonuncu zəng” rubrikasına davam edirik. Rubrikamızda vətən uğrunda canlarından keçib şəhidlik zirvəsinə ucalan oğul və qızlarımızın ailəsi və yaxınlarıyla sonuncu zəngi, telefon danışığı, son görüşü haqqında danışılır.


Rubrikanın növbəti təqdimatı aprel şəhidi Mahir Mirzəyevə həsr olunur.


Mahir Mirzəyev 1994-cü il 17 fevral tarixində Bakı şəhərində anadan olub. Orta təhsilini 2000-2005-ci illərdə Abşeron rayonu Fatmayı kənd orta məktəbində, 2005-2011-ci illərdə isə Bakı şəhəri Nərimanov rayonu şəhid Novruzov qardaşları adına 36 saylı məktəbdə alıb. 2011-ci ildə orta məktəbi əla qiymətlərlə bitirib, yüksək balla Azərbaycan Dövlət İqtisad Universitetinin ümumi iqtisadiyyat fakültəsinə daxil olub. 2015-ci ildə ali təhsilini bitirib yüksək balla Qafqaz Universitetinin menecment fakültəsinin magistr pilləsinə qəbul olunub.


2013-cü ildə ”ASAN xidmət”də, 2014-cü ildə Amrahbank Akademiyasında, daha sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində, 2015-ci ildə “Avropa Oyunları”nda könüllü kimi fəaliyyət göstərib. 


6 iyul 2015-ci ildə Bakı şəhəri Nərimanov rayonu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən hərbi xidmətə Gəncəyə göndərilib və 3 ay sonra Tərtər rayonunda hərbi xidmətini davam etdirib.
2 aprel 2016-cı ildə cəbhənin Seysulan istiqamətində şəhid olub.


8 aprel 2016-cı ildə Beynəlxalq Qırmızı Xaç Komitəsi vasitəsi ilə əldə olunan razılığa əsasən,  şəhidimizin neytral zonada qalan nəşi götürülərək ailəsinə verilib. 9 aprel 2016-cı ildə Mirzəyev Mahir Sabir oğlunun cənazəsi Bakıdakı Pirşağı məzarlığında dəfn olunub.


Mahir Mirzəyev ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.


Modern.az
-ın Şəhid Mahir Mirzəyevlə bağlı suallarını atası Sabir Mirzəyev cavablandırıb.


“Mahir uşaqlıqdan çox sakit, sözəbaxan uşaq idi. Məktəbi “əla” qiymətlərlə başa vurub, yüksək balla Azərbaycan İqtisad Universitetinə qəbul olundu. Arzusu Qafqaz Universitetində (indiki Bakı Mühəndislik Universiteti) oxumaq idi. Bakalavr pilləsini bitirəndən sonra magistraturaya imtahan verdi. Bir də gördük sevinə -sevinə gəlir ki, Qafqaz Universitetinə qəbul olub.
Magistraturaya qəbul olunandan sonra dedi ki, “gedim vətənə olan borcumu qaytarım, gəlib davam edərəm””.

Atası deyir ki, Mahir adı kimi mahir oğul idi. Hər işi bacarırdı. Təkcə savadıyla deyil, istedadıyla da fərqlənirdi.

Rəsm çəkməyi, ustalığı bacarırdı. İctimai işlərdə olduqca fəal idi. Həm də dinə bağlı insan idi. Orucundan, namazından qalmazdı.

Şəhid atası:

“Hacı Şahinlə birlikdə məscidlərə gedər, xütbələrdən bəhrələnərdi. Mən deyərdim ki, ailədən, məktəbdən sonra ən gözəl tərbiyəni məhz orda götürüb. Ailə, xalq, vətən sevgisi Allaha inamından qaynaqlanıb. Yaşının az olmasına baxmayaraq, mən onunla məsləhətləşirdim. Sirlərini mənimlə bölüşürdü. Ata-bala münasibətindən əlavə, biz həm də dost idik”.


Dostlarıyla gəzməyə getmək istəyəndə atası həmişə deyərmiş: “Oğlum, universiteti bitir, hərbi xidmətini başa vur, gəlib bol-bol gəzərsən”.


Ata hardan bilsin ki, oğlunun gedişinin dönüşü olmayacaq.

Mahirin gələcəyə dair planları vardı. Əsgərliyi bitirib iqtisadçı olacaqdı. Hər sahədə irəli getmək fikri var idi.

Mahir hərbi xidmətə Gəncədə başlayıb, 3 ay sonra Tərtərdə davam edib.

Atası Sabir kişi bildirir ki, onunla tez-tez telefonla danışıblar:

“Fevralda məzuniyyətə buraxılmalıydı, lakin bacısının ad gününə görə 1 ay tez - yanvarda gəldi. Məzuniyyətə gələndə demək olar ki, evdə tapılmırdı. Bir gün dostlarıyla olur, o biri gün Şəhidlər Xiyabanına baş çəkər, gah da məscidə gedərdi”.


Mahirin idealı Mübariz İbrahimov idi. Mahir özünə Mübariz kimi şərəfli ölüm arzulayırmış.

Mahirdə o qədər böyük vətən sevgisi var idi ki, ölümdən heç qorxmazdı. Hərbi xidmətə yollandıqda atasına “bəzən  adam şəhid olmaq istəyir, şanlı-şöhrətli ölüm istəyir” deyib.

“O belə deyəndə biz pis olduq “elə demə, bala” söylədik. O isə biz pis olmayaq deyə zarafat etdiyini bildirdi. Sən demə, məqsədi elə bu imiş Mahirin”.

2 aprel 2016-ci il... Neçə-neçə igidlərimizin şəhid olduğu o gün Mahir Seysulan istiqamətində gedən döyüşlərdə həyatını itirdi. Lakin 5 gün boyunca cəbhədən Mahir və 18 nəfər yoldaşının nəşi soyuq torpaq üstündə qaldı. Onlara yaralıykən köməyə getmək mümkün olmamışdı.
Mahir Mirzəyev geriyə dönüşün olmadığının fərqinə varıb, yaralı halda ayaqlarını qarın nahiyəsinə sıxaraq, düşmən üzərinə atəş açıb, güllə sandıqçasını təmiz boşaltmışdı.



Mahirin evinə sonuncu zəngi 25 mart 2016-cı il tarixində olmuşdu. Ondan əvvəl Novruz bayramı günü zəngləşmişdi ailəsi ilə.

Evinə, ata-anasına qovuşmağa 97 gün qalmışdı ki, arzuları puç oldu. Şəhidlik zirvəsinə ucaldı.


Müharibə başlamışdı, 4 gün idi ki, Mahirdən bir xəbər yox idi. Anası hər gözünü yumanda Mahiri yuxusunda görürdü. Bir dəfə də ayılıb “Mahiri yuxumda gördüm, soyuq idi, üşüyürdü balam” deyib ağlayıb. Ana ürəyi hiss edər deyirlər. Balası 4 gün idi soyuq torpaq üstündə qalmışdı.

Artıq 8 gün idi. Bibisi hər gün narahat halda Mahirin olduğu hərbi hissəyə zəng edirdi. Ona “Mahir hələ də cəbhədən dönməyib” xəbəri veriləndə bibinin narahatçılığı birə beş artır. Narahat halda  “Bəs geri dönən varmı heç?” deyə soruşduqda hərbi hissədəkilər onların narahatlığını aradan qaldırmaq üçün “Bəli, dönənlər var” xəbərini verirlər.

8 gün sonra Mahirin şəhidlik xəbərini ailəsyə içi yana-yana bibisi çatdırır. Ailənin tək oğlu hamını ağlar qoyur.



Şəhid atası Sabir Mirzəyev:

“Bir dəfə dayısı qızı yuxusunda Mahiri görüb. “Mahir sən burdasan? Niyə qoydun öldürsünlər səni?” deyəndə Mahir ona “Mən şəhidəm, ölməmişəm” söyləyib.

Dövlətimizdən ən böyük istəyim odur ki, şəhidlərimizin adlarının əbədiləşdirilməsi üçün işlər görülsün. Hər rayonda 10-15 adları yararsız olan küçələr var ki, onlara şəhidlərimizin adlarının verilməsini istərdim. Bundan başqa, məktəblərə, bağçalara, idman klublarına da onların adını vermək olar.
Biz 18 kvadrat metrlik 1 otaqlı, şəraitsiz mənzildə yaşayırıq. Prezidentimiz cənab İlham Əliyevdən ev şəraitimizin yaxşılaşdırılması ilə bağlı bizə diqqət ayırmağını xahiş edirəm”.


P.S. Rubrikanın gerçəkləşməsində yardımlarına görə “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri, şəhid polkovnik-leytenant Raquf Orucovun xanımı Sevinc Alızadəyə öz təşəkkürlərimizi bildiririk.



Nuranə DAXİLQIZI

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır