Modern.az

Şəkidə asfalt iki elektrik dirəyinin arasından çəkilib? – Agentlikdən AÇIQLAMA

Şəkidə asfalt iki elektrik dirəyinin arasından çəkilib? – Agentlikdən AÇIQLAMA

24 İyul 2019, 11:33

“Ötən gün sosial şəbəkələrdə və bəzi xəbər saytlarında yenə də dəqiqləşdirilməmiş, yalan və qərəzli, vətəndaşlar arasında bilərəkdən çaşqınlıq yaradan, dövlətin gördüyü işlərə, əhalinin sosial rifah halına müsbət mənada təsir edəcək sosial-infrastruktur layihələrinə kölgə salacaq məlumat paylaşılıb”.

 

Bu haqda Modern.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Anar Nəcəfli bildirib.

 

O qeyd edib ki, başqa müxalifyönlü xəbər saytlarının da tirajladığı məlumat həqiqətəuyğun deyil:

 

“Qeyd olunur ki, guya Şəki rayonunun Üzümçülük kəndində asfalt yolu iki elektrik dirəyinin arasından çəkilib və bununla bağlı başqa ölkədə çəkilən bir foto paylaşılıb. Amma nədənsə həmişə demokratiyadan və düzgünlükdən dəm vuran həmin insanlar və onların təmsil etdikləri saytlar bu informasiyanın nə qədər doğru olub-olmadığını aydınlaşdırmağa belə cəhd etməyiblər. Təbii ki, yaydıqları informasiyanın düzgün olmadığını, qərəzli olduğunu bildikləri üçün belə ediblər. Bunu etməkdə isə bir məqsədləri olub – vətəndaşlar arasında çaşqınlıq yaratmaqla yenə də antiazərbaycan qüvvələrinin ölkəmizin nüfuzunu beynəlxalq ictimaiyyət qarşısında aşağı salmaq kimi apardıqları çirkin oyuna dəstək verməkdir. Bu və bu kimi məlumatları yayan insanların sosial şəbəkələrdəki səhifələrinə, onların təmsil etdikləri xəbər saytlarına nəzər yetirdikdə bunu əyani şəkildə görmək mümkündür. Amma buna baxmayaraq, yenə də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi olaraq biz məlumatı dəqiqləşdirməmiş yayan, bununla da “Jurnalistlərin Peşə Davranış Qaydaları”nı və“Kütləvi informasiya vasitələri haqqında Qanu”nun tələblərini pozmaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri üzrə məsuliyyət daşıyan həmin insanlara və onların təmsil etdikləri xəbər saytlarına rəsmi olaraq bildiririk ki, nə Şəki rayonunun Üzümçülük kəndində, nə Şəki rayonunu digər kəndlərində və ümumiyyətlə Azərbaycanda belə bir yol yoxdur”.

 

A.Nəcəfli söyləyib ki, bunun ardınca sözügedən xəbər saytlarında Qax rayonunun İlisu kəndinin yolunun yenidən qurulması işlərinə kölgə salacaq yenə də dəqiqləşdirilməmiş, yalan və qərəzli məlumat verilib:

 

“Bununla bağlı da bildirmək istəyirik ki, kənd, qəsəbə, rayon və şəhərlərdə kommunikasiya xətləri yolun altı ilə keçir. Yolda təmir işləri aparılmamışdan öncə həmin kommunikasiya xətlərinə cavabdeh olan aidiyyəti qurumlara müraciət olunur. Əgər istənilən kommunikasiya xəttinin təmirinə, dəyişdirilməsinə və ya ləğvinə ehtiyac varsa aidiyyəti qurum tərəfindən bu işlər həyata keçirilir və daha sonra bizə, yəni Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məlumat verilir. Məlumatdan sonra artıq həmin ərazidə yolun təmiri və ya yenidən qurulması işlərinə başlanılır. Təmir və yenidənqurma işlərindən sonra isə sözügedən kommunikasiya xətlərində baş verə biləcək problemə görə artıq aidiyyəti qurum məsuliyyət daşıyır”.

 

Çəkilən asfaltın keyfiyyətsiz, qalınlığının standartlara uyğun olmaması ilə bağlı iddialara gəlincə, bildirmək istəyirik ki, avtomobil yollarında təmir-tikinti işləri yolun texniki dərəcəsinə uyğun parametrlər üzrə və “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən aparılır. Bunu asanlıqla yerində və ya labarator şəraitdə yoxlamaq mümkündür.

 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi olaraq bu cür yalan və qərəzli məlumatları yayan şəxslərdən xahiş edirik ki, yazılanları nəzərə alsınlar və bundan sonra vətəndaşlar arasında çaşqınlıq yaratmaqla ölkəmizin nüfuzunu beynəlxalq ictimaiyyət qarşısında aşağı salmaq kimi aparılan çirkin oyuna dəstək verməmişdən öncə məlumatları dəqiqləşdirsinlər”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir